Azərbaycan MDB-nin iclasından imtina etdi

Avqustun 12-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, MDB ölkələrinin cinayətkarlıqla birgə mübarizə, habelə hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, qeyri-qanuni miqrasiya problemləri və onların həlli yolları, informasiya-kommunikasiya texnologiyalarından istifadə və digər məsələlərin müzakirə oldunduğu iclasda Azərbaycan Respublikasının daxili işlər naziri iştirak etməyib. Məlumata görə, Azərbaycan DİN şuranın iclasında iştirakdan imtina edib. Rusiya mediasının yaydığı məlumatlara görə, Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsevin sədrliyi ilə keçirilən iclasda ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin Böyük Vətən Müharibəsində Böyük Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak ediblər.

Azərbaycan İrəvana səfir TƏYİN EDƏCƏK

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişdə bildirilib. “Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra ______ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”, - deyə Sazişin V maddəsində bildirilib.

"Tramp marşrutu" böyük imkanlar açacaq - Əliyev

Həqiqətən də “Tramp Rifah və Sülh Marşrutu” əlaqələr baxımından bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə üçtərəfli sənədin imzalanması barədə danışarkən deyib.

Onlar şmüharibəni əbədi olaraq bitirmək barədə razılığa gəldi - TRAMP

“Azərbaycan və Ermənistan müharibəni əbədi olaraq bitirmək barədə razılığa gəldi”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp üçtərəfli görüşdən sonra verdiyi açıqlamada deyib. “Bu müqavilə ilə biz nəhayət sülhə nail olduq və sazişin mühüm elementlərini və mühüm sənədlərini imzaladığımız Oval kabineti təzəcə tərk etdik. Ermənistan və Azərbaycan bütün hərbi əməliyyatları əbədi olaraq dayandırmağa, ticarət, səyahət və diplomatik əlaqələr açmağa, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə borcludurlar”.

ABŞ lideri: Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq

Azərbaycan və Ermənistan arasında sənədlərin imzalanması böyük şərəfdir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib. "Azərbaycan və Ermənistan arasında münaqişə illərdir davam edib. Avropa İttifaqı, Rusiya və digər ölkələr bu münaqişənin həlli üçün çalışıblar. Bu gün burada bəyanat imzalanacaq. Söhbət Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutundan gedir. Bu yol çərçivəsində Azərbaycanın Naxçıvana maneəsiz keçidi təmin olunacaq. Əlbəttə ki, bu, Ermənistanın ərazi bütövlüyünə hörmət çərçivəsində baş tutacaq",- o qeyd edib.

Paşinyan ABŞ-a gedir: Tramp və Əliyevlə görüş...

Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib. “Baş nazir Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək, həmçinin regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş olacaq”, - məlumatda bildirilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüşməyi planlaşdırır.

Bakıdan İran XİN rəsmisinin sözlərinə sərt cavab

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin iranlı həmkarının Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına dair şərhində bildirilib. Qeyd edilib ki, “Konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, ölkədə saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib: "Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə video görüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb. Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb". Vurğulanıb ki, yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrində cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub. "Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 26 may 2025-ci il tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv olunub. Bu tədbirlərə baxmayaraq, İran İslam Respublikasında saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycan Respublikasının İran İslam Respublikasındakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda İran İslam Respublikasındakı Azərbaycan Respublikasının diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir. Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir. Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. Digər məsələlərlə yanaşı bu istiqamətdə danışıqlar 15 aprel 2025-ci il tarixində Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb", - XİN-in mətbuat katibi diqqətə çatdırıb.

Azərbaycan mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə təbrikində bildirilib. Dövlət başçısı qeyd edib ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.

Media savadlılığı artırılmalıdır - Hikmət Hacıyev

Azərbaycan cəmiyyəti media ilə sıx işləyir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib. Hikmət Hacıyev bildirib ki ki, media savadlılığı daha da artırılmalıdır: “Media savadlılığının, o cümlədən sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”.

Rusiyanın cavabı uşaq bağçası səviyyəsində nağıldır - Prezident

Təyyarə qəzası ilə bağlı təəssüf ki, Rusiya rəsmilərindən heç bir cavab ala bilməmişik. Hadisənin üzərindən 7 ay keçib. Bizim üçün hər şey aydındır. Nə baş verdiyini bilirik. Rusiya rəsmiləri də bilirlər. Təyyarə qəzası ilə bağlı bizim tələblərimiz var. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. Dövlətimizin başçısı deyib ki, ilk növbədə Rusiya rəhbərliyi hadisəni etiraf etməlidir: "Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərdilər. Təyyarə qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu. Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı. 7 aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokuror Rusiyanın tədqiqat komissiyasına məktub ünvanlayır. Cavab bu olur ki, tədqiqat davam edir. Biz gözləyirik. Bu o demək deyil ki, biz bunu unuda bilərik. Biz beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Bilirik ki, bu uzun vaxt aparır. Malayziya təyyarəsi vurulandan sonra 10 il tədqiqat aparıldı. Biz inanırıq ki, bu məsələdə ədalət qalib gələcək".

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq edilsin. 2. Digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılmış və tamamlanmamış layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdirilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Bakı və İrəvanın danışıqları... - Tramp

Ehtimal etmək olar ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar uğurla nəticələnəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşdə deyib. O, problemin tezliklə həll olunacağını bildirib.