Prezident: "Birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə nail olacağıq"

"Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin polşalı həmkarı Andjey Dudaya ünvanladığı məktubda əksini tapıb. "Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf səviyyəsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığımız məmnunluq doğurur. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, xüsusilə də Avropa İttifaqı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq", - məktubda qeyd edilib.

Vardanyan 9-cu aydır ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətini davam etdirir…

Azərbaycan Respublikasının  Xocavənd, keçmiş “Mardakert”, yəni Kəlbəcər, Ağdam və Tərtər rayonlarının, bundan əlavə  Xocalı rayonunun da  işğal altında qalan kəndlərində məskunlaşdırılmış ermənilər "tezliklə mobil ilkin tibbi yardım qruplarının xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər". Sozcu.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu iş Putinin Azərbaycanın Qarabağ torpağındakı milyarder desantı olan Ruben Vardanyanın təsis və hazırda rəhbərlik etdiyi “Biz və  dağlarımız”  adlı qeyri-qanuni “ərazi inkişafı agentliyi”nin təşəbbüsü ilə həyata keçirilir.  Separatçı-terrorşu rejimin qanunsuz "səhiyyə nazirliyi" ilə "əməkdaşlıq çərçivəsində” qurulmuş işdə Vardanyanın əsas tərəfdaşları  torpaqlarımızda qanunsuz fəaliyyət göstərən digər qurumlar:  “HENAR” "xeyriyyə fondu"  və “Sante Armenie” "assosiasiyası"dır. “Proqramın məqsədi səyyar həkim briqadalarının təşkili vasitəsilə kənd yerlərində ilkin səhiyyə xidmətlərinin daha əlçatan olmasını təmin etməkdir. ..."Səyyar həkim briqadası işə"  Xocavənd rayonundan başlayacaq. "Səhiyyə nazirliyi"nin "təqdim etdiyi qrafikə əsasən, mayın 3-dən etibarən bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş avtomobil yaşayış məntəqələrinin ətrafında hərəkət edərək əhaliyə lazımi xidmət göstərəcək”- xəbərdə belə deyilir. Xatırladaq ki, 2022-ci il sentyabrın 1-dən qanunsuz olaraq Azərbaycan Respublikasının Qarabağ ərazisinə daxil olmuş Ruben Vardanyan noyabrın 4-də baş separatçı Arayik tərəfindən “dövlət naziri” təyin olunub. O, 2023-ci il fevralın 23-də qondarma vəzifəsindən azad edilsə də, hələ də Azərbaycan ərazisində qeyri-qanuni ictimai-siyasi və “xeyriyyə” fəaliyyətini davam etdirir…

Milli Məclisin plenar iclası başladı

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Bunlar aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında 2. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. “Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 5. Mülki Məcəllədə, Mülki Prosessual Məcəllədə, “Notariat haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 6. İnzibati Xətalar Məcəlləsində, “Polis haqqında”, “Baytarlıq haqqında” və “Atçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 7. “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 8. “İctimai iştirakçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 9. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 10. Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 11. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 12. Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 13. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 14. “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 15. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 17. “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

ABŞ Moskvanın Vaşinqtondakı danışıqlara mənfi reaksiyasından məyus olub…

Danışıqlarda müzakirə olunan əsas məsələlərdən  biri açıqlanıb... Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında “Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqlar başlayıb. Sozcu.az xəbər verir ki, "Amerikanın Səsi" radiosunun erməni bürosunun yaydığı məlumata görə, ABŞ-ın yüksək rütbəli diplomatları danışıqların təfərrüatları barədə məlumat veriblər.  Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu həftə bir sıra görüşlər keçirəcəklər, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri jurnalistlərlə telefon brifinqində bildiriblər. Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bildirib ki, tərəflər arasında bu gün səhər başlayan müzakirələr konstruktiv şəkildə davam edir. Yüksək rütbəli diplomatların fikrincə, ABŞ Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan gələcəyinə töhfə verməyə sadiqdir və birbaşa dialoq Vaşinqtonun təşviq etdiyi məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün yeganə yoldur. Danışıqlar Vaşinqtonda Corc Şultz adına Milli Xarici Əlaqələr Təlim Mərkəzində keçirilir. Dünən səhər ABŞ dövlət katibi Entoni Blinken artıq xarici işlər nazirləri Mirzoyan və Bayramovu əvvəlcə ayrı-ayrı qısa görüşlərdə, sonra isə üçtərəfli müzakirələr formatında qəbul edib. Amerika tərəfi Moskvanın danışıqlara mənfi reaksiya verməsindən məyus olduğunu bildirib. Ən əsası tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada, harada baş verməsindən asılı olmayaraq bir-biri ilə ünsiyyət qura bilməsi olduğunu qeyd edən yüksək rütbəli diplomatlar Vaşinqtonun məqsədinin davamlı, balanslı bir razılaşma və ləyaqətli sülh əldə etmək üçün platforma təmin etmək olduğunu vurğulayıblar. Bononun sözlərinə görə, Vaşinqton görüşü tərəflərin sülh prosesinə sadiq olduqlarını açıq şəkildə göstərib. Sözügedən sənəd “Münasibətlərin tənzimlənməsi müqaviləsi” adlanır. Bono qeyd edir ki, ABŞ tərəflərin öz münasibətlərini tənzimləməsinə, birgə yaşaya bilməsinə, iqtisadi əlaqələri və hətta regionda kollektiv təhlükəsizliyini gücləndirməyə çalışır. Onun sözlərinə görə, bu, mürəkkəb və əhatəli prosesdir və onun çərçivəsində bütün məsələlər müzakirə olunur. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, hərtərəfli saziş üzrə davam edən danışıqlarda tərəflər arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir ki, bu da etnik azlıqların hüquq və təhlükəsizliyinə istinad edir. ABŞ dövlət katibi köməkçisinin müavini Erika Olson da məsələnin həllinə nail olmaq üçün tərəflərin bu həftə “birbaşa və səmimi” müzakirələr aparacağına ümid etdiyini bildirib. “Biz bu prosesi dəstəkləməyə sadiqik və davam edə biləcək bu mühüm dialoqa burada ev sahibliyi etməkdən şərəf duyuruq”, -deyən dövlət katibinin müavini danışıqların davamlı xarakter daşıdığını vurğulayıb.

XİN-dən Cocuq Mərcanlıdakı mina partlayışına reaksiya

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitter səhifəsində paylaşım edib. “2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır”, - məlumatda bildirilib. Qeyd edək ki, ötən gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.

Bayramovla Blinken arasında görüş başladı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında qeyd edilib. Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

Prezident Uluqbek Rozukulovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Əliyev Blinkenə Laçın postundan danışdı

Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığında deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Ceyhun Bayramov ABŞ-a getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

İlham Əliyev və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gedib. Sozcu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar.

Fransa XİN: "Azərbaycan və Ermənistan liderlərinin Kişineuda görüşəcəklərinə ümid edirik"

Rəsmi Paris "Avropa siyasi birliyi"nin iyunun 1-də Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşündə Ermənistan və Azərbaycan liderləri arasında danışıqlara ümid edir. Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna aprelin 28-də İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, danışıqlar prosesini genişləndirmək və inkişaf etdirmək lazımdır.

Hikmət Hacıyev bu ölkələrin səfirləri ilə görüşdü - Foto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baltikyanı və Skandinaviya ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı səfirinin Tvitter səhifəsində paylaşım edilib. Bildirilib ki, baş tutan görüşdə regionda təhlükəsizlik və Orta Dəhliz məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, söhbət əsnasında Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətlərinə də toxunulub.