Ceyhun Bayramov Borellə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borellə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə məlumat verib. Görüşdə Azərbaycan ilə AB arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib. Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.

XİN-dən Brüssel görüşü barədə ilk açıqlama: Faydalı hesab edirik

"Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş növbəti görüşə dair şərhində əksini tapıb. İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir. Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik. Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik.

İlham Əliyev və Paşinyan arasında daha 3 görüş gözlənilir

Ötən gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, liderlər beşinci dəfə Brüsseldə bir araya gəliblər. Üçtərəfli danışıqlardan sonra Şarl Mişel mətbuata açıqlamasında bildirib ki, tərəflər Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, bu il tərəflər arasında daha 3 görüşün keçirilməsi gözlənilir. Belə ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində keçiriləcək 2-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə liderlər arasında növbəti danışıqların aparılması planlaşdırılır. İyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Brüssel danışıqlarında Mişel, İlham Əliyev və Paşinyan iştirak edəcək. "Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində daha bir görüşə dəvət etmək niyyətindəyəm", - Mişel deyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan tərəfləri görüşlərə razılıq verilib-verilməməsi barədə məlumat yaymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşündən öncə yaydığı məlumatda bildirilib ki, Kişinyovda Avropa Siyasi Birliyinin növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. "Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib", - XİN-in məlumatında bildirilib.

Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel ilə görüşü başlayıb

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb. Bu barədə Prezidentin mətbuat xidmətindən xəbər verilib. 

Gözlər yenidən Brüsseldə: Sabah Əliyev Paşinyanla görüşəcək

Avropa İttifaqı Şurası mayın 14-da keçirilməsi planlaşdırılan üçtərəfli görüş barədə məlumat yayıb.  Sozcu.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 13-ü axşam saatlarında Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcəyi bildirilir. Mayın 14-ü səhər saatlarında isə Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Elə həmin gün günorta saatlarında üçtərəfli görüş başlayacaq. Bundan əvvəl Avropa İttifaqının Brüssel görüşü barədə açıqlamasında deyilir ki, Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Azərbaycan və Ermənistan liderləri ilə sıx əlaqə saxlamağa davam edir. 

"Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq" -ARİF HACILI

Bütün dünyanın diqqət mərkəzində olan Türkiyə seçkiləri sona çatır.  Bu seçkilər Türkiyənin bütün islam dünyasında ən demokratik dövlət olduğunu, bəzi məqamlara, xüsusilə cəmiyyətin siyasi fəallığına görə hətta bəzi Avropa ölkələrindən geri qalmadığını təsdiq etdi.  Ümid edirik, inanırıq ki, seçki günü və seçkidən sonrakı günlərdə bəzi qüsurlara baxmaraq əsasən  azad siyasi rəqabət şəraitində keçən seçkilərə kölgə salacaq hər hansı olaylar baş verməyəcək. Seçki kampaniyası dövrünə aid bəzi nüanslara baxmayaraq hər kəs bilməli və nəzərə almalıdır ki, Türkiyə-Azərbaycan dostluğu seçkilərin istənilən nəticələrindən asılı olmayaraq yenə davam edəcək.  Çünki, bu dostluq ayrı-ayrı siyasi liderlərin, dövlət xadimlərinin, hətta hökümətlərin qarşılıqlı  münasibətlərinə deyil, dövlətlərarası, xalqlar arası dostluq  münasibətlərinə əsaslanır.  Bizim üçün ən vacib məsələ isə Türkiyədəki seçkilərin demokratikliyinin təmin edilməsi, xalqın iradəsinə əsaslanan hakimiyyət strukturlarının formalaşmasıdır.  Əgər seçkilərin nəticələrinə haram qatılmasa hər şey çox gözəl olacaq! Türkiyəmiz üçün xeyirli, uğurlu olsun!! Arif Hacılı, Müsavat Partiyasının başqanı

Əliyev və Paşinyan bu tarixdə sənəd imzalaya bilər

Paşinyanla Əliyev arasında ən azı iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kişinyovda keçirilməsi planlaşdırılan görüş zamanı konkret sənəd ətrafında razılaşma baş tuta və sənəd imzalana bilər. Sozcu.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazır. Nəşr qeyd edir ki, Paşinyanın Brüssel görüşü öncəsi ilk növbədə diasporla bağlı bəzi qorxuları var: “İstər Nikol Paşinyan, istərsə də diasporla iş üzrə baş komissarı Zare Sinanyan səviyyəsində diaspor nümayəndələri ilə son təmaslar göstərdi ki, bundan sonra heç kim susub dözmək istəmir. Paşinyanın Azərbaycanla sülhün bağlanması gündəliyi ilə Brüsselə səfəri təbii ki, diaspordan yan keçməyəcək və sürprizlər az olmayacaq”. Qeyd edək ki, mayın 14-də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyevin görüşü gözlənilir.

Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verdi - XİN

Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. "Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - XİN-dən bildirilib.

Ceyhun Bayramov: Vaşinqton danışıqlarında biz bir addım irəli getdik

Vaşinqton danışıqlarında biz bir addım irəli getdik. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. "ABŞ-da sülh müqaviləsi ətrafında danışıqlar aparılıb. Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən irəli sürülüb. Hələ 2021-ci ildə Prezident İlham Əliyev bunu ilk dəfə səsləndirib. Ötən ilin fevral ayında 5 baza prinsipini irəli sürüb və nəhayət 2022-ci ilin oktyabr ayında Cenevrədə ilk dəfə sülh müqaviləsi üzrə danışıqlara başlanıb. Həmin danışıqlarda Azərbaycanın yekun təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılıb. Daha sonra noyabr ayında Vaşinqtonda görüş keçirilib. Dekabrda Moskvada görüşün keçirilməsi planlaşdırılıb. Üçüncü görüşdən Ermənistan tərəfi imtina etmişdi, müxtəlif səbəblər gətirərək boykot etdi. Onlar Laçın yolu ətrafındakı məsələsini bəhanə etmişdilər. Beləliklə 6 aya yaxın elə görüşlər keçirilmədi", - XİN rəhbəri qeyd edib. Nazir bildirib ki, ABŞ vasitəçiliyi ilə Ermənistan yenidən danışıqlar masasına qayıtdı: "Bizim Vaşinqtonda 4 gün ərzində sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz oldu. Orada bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edir. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik. Biz bu prosesə realist yanaşmalıyıq. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasI əlbəttə ki yaxşı olardı. Biz bunu arzulayardıq, lakin biz buna hələ ki hazır deyilik. Azərbaycan sülh prosesinə sadiqliyini daim nümayiş etdirir”, - o deyib.

Əliyev və Paşinyan Brüsseldə görüşəcək - Tarix

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” görüşün hazırlanmasında iştirak edən üç məmura istinadən məlumat yayıb. Məlumata əsasən, danışıqlar Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq.

Azərbaycan XİN Fransaya cavab verdi

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir. Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radiokanalına müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab olaraq deyib. Onun sözlərinə görə, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir: "Bununla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır".

Klaardan Bayramov-Mirzoyan görüşünə - Reaksiya

Biz Ermənistan və Azərbaycanla birlikdə olmağa, davamlı sülh axtarışı üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitterdə yazıb. “Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında davam edən dörd günlük danışıqları alqışlayırıq. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər”, - AB rəsmisi bildirib.