Ermənistandan olan azərbaycanlılar... - ABŞ səfirliyi

Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə Report-a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırılarkən bildirilib. "Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir", - diplomatik missiyadan bildirilib. Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır. Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.

Toyvo Klaar: Azərbaycanla Ermənistan arasında məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar (Toivo Klaar) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox vaxt almayacağını düşünür. Sozcu.az xəbər verir ki, o, bu barədə “Azututyan” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, sülh razılaşmasının tez əldə edilməməsininj bir neçə səbəbi ola bilər: "Amma məndə olan məlumata görə, proseslər müxtəlif istiqamətlərdə elə gedir ki, siyasi iradə olan yerdə məqbul nəticəyə gəlmək üçün elə də çox vaxt lazım olmayacaq. Biz bunun üçün Bakı və İrəvanla birgə işləmək istəyirik”, - o bildirib. Diplomat Aİ-nin regiondakı normallaşma prosesini dəstəklədiyini diqqətə çatdırıb.Report

Bakı və İrəvan sərhədlə bağlı danışıqları bərpa edir

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. Sozcu.az "Novosti Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib: "Hökumətlər xeyli müddətdir dayandırılmış delimitasiya işlərinin bərpası ilə bağlı razılığa gəliblər. Hazırda hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib. Lakin görüşlər hələ baş tutmayıb". O, ilk görüşün tez bir zamanda olacağına ümid etdiyini diqqətə çatdırıb.

Müsavat başqanı Azərbaycan xalqını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.  Təbrikdə deyilir:  "Əziz həmvətənlər! Ramazan Müqəddəs Qurani-Kərimin nazil olduğu, müsəlmanların ən müqəddəs aylarından biri, insanları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa çağırış ayıdır.  Müsəlmanlar Ramazan ayını həmişə səbirsizliklə gözləyir, xoş niyyətlərlə tanrıya dua edir, ibadətlə məşğul olurlar. Ramazan ayında oruc tutan, Allaha dua edən inanclı insanların duaları Allahın dərgahında qəbul olunsun. Bu gün xalqımızın əsas niyyəti, məramı ölkəmizdə azad, firavan və demokratik bir cəmiyyətin qurulmasıdır.  Müqəddəs bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla, qürur hissi və fəxrlə anırıq. Ramazan ayında ölkəmiz və xalqımiz üçün etdiyimiz duaların Allahın dərgahında qəbul olunacağına, xoşbəxt gələcəyimiz naminə əzmkarlığımızı artıracağımıza inananaraq hamınızı müqəddəs Pamazan Bayramı münasibəti ilə təbrik edir, Sizə xoşbəxtlik və uğurlar arzulayıram.”

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 1.7.4-cü yarımbənddə “ali təhsil tələb olunmayan” sözləri “informasiya texnologiyaları sahəsində” sözləri ilə əvəz edilsin. 2. 1.7.6-cı yarımbəndə “baş” sözündən əvvəl “ali və” sözləri əlavə edilsin. 3. 3.3.5-ci yarımbənddən “(bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla)” sözləri çıxarılsın.

ABŞ-dan Ermənistana: Azərbaycanla yekun razılığa gəl...

Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Brüsseldə ABŞ-AB-Ermənistan üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib. "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq", - C.Obrayen qeyd edib.

Bu, ABŞ-la əməkdaşlıq üçün yaxşı imkanlar açır - Əliyev

COP29 Azərbaycan-ABŞ arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib. Prezident Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib. Qeyd edək ki, aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

5 aprel görüşü Bakıya qarşı deyil - Blinken

ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirib. Sozcu.az xəbər verir ki, Entoni Blinken aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Blinken Makronla Ukraynanı və Yaxın Şərqi müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Parisə səfəri ərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşüb və onunla Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir. “Dövlət katibi Blinken və Prezident Makron Ukraynanın azadlıq mübarizəsinə güclü dəstəyi bir daha təsdiqləyiblər. Onlar həmçinin Qəzza zolağında münaqişənin yayılmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər. Qeyd olunur ki, tərəflər həmçinin “Çinin yaratdığı çağırışları” və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə ediblər.

İsa Qəmbər başqanlığa qayıdır?

Müsavat Partiyası qurultayla bağlı hazırlıqlarını başa çatdırıb. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, partiya nəzərdə tutulan qurultayını may ayının 4-nə təyin edib. Bununla bağlı Müsavat Məclisi martın 30-da qərargahda iclas keçirib. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Çıxış edən divan üzvləri Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Bundan əlavə, qurultayla bağlı partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb. İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

Xankəndi, Ağdərə və Xocalıda yeni xidmət yaradılır

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sozcu.az xəbər verir ki, fərmanla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır. "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib. Müəyyən edilir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir; 3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır; 3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir; 3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; 3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir. 4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 4.1. Azərbaycan Respublikasının Prezidentinə: 4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; 4.1.2. idarəetmə orqanlarının yaradılması; 4.1.3. Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 4.1.4. Xidmətin yenidən təşkili və ləğvi; 4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi; 4.2. Xidmətə: 4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi; 4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin; 6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun. 7. Xidmət: 7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin; 7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin; 7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Simonyan 4 kəndin qaytarılmasından danışdı: “Bizimki bizə qalacaq, onlarınkı özlərinə”

Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai TV-də hakimiyyətin Tavuş rayonuna məxsus bəzi əraziləri Azərbaycana verməyə hazırlaşdığı barədə iddiaları rədd edib. Sozcu.az-ın məlumatına görə, A.Simonyan bildirib ki, Azərbaycanın Ermənistan ərazilərinə ərazi iddiaları yoxdur. Simonyan dediklərini qrafik şəkildə əsaslandırmaq üçün İctimai TV-nin efirində xəritə də göstərib. “Bizim olan bizim qalacaq, onların olan, onların”, - o deyib. İşğal olunmuş 4 kənd Azərbaycana qaytarılandan sonra Ermənistanın bəzi infrastrukturlardan məhrum olacağı barədə fikirləri şərh edən Simonyan bildirib ki, həmin ərazidə qaz xətti yoxdur. “Oradan magistral yol keçir. Məsələ o yerə gələcək ki, biz həmin yol hissəsi ilə nə edəcəyimizi anlayacağıq, mövqeyimiz odur ki, yolumuzu bu tərəfə bir neçə kilometr çəkə bilərik. Görəcəyik ki, bizim üçün ən əlverişli olan nədir, biz onu edəcəyik”, - Simonyan bildirib. Alen Simonyan deyib ki, Ermənistan iqtidarı bunu təhdid altında etmir. “Biz təhdid altında hərəkət etmirik. Biz bunu edirik, çünki buna ehtiyacımız var. Bu bizə lazımdır, başa düşürsüz? Biz deyəndə ki, kadastr şəhadətnaməsi olsun, bu, abstrakt bir şey ola bilməz”. Qeyd edək ki, Alen Simonyan 4 kəndin qaytarılması barədə danışarkən Qazaxın işğal edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərini nəzrdə tutub.modern)