ABŞ Bayramov və Mirzoyanı görüşdürməyə çalışır

Biz həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Sozcu.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyərək deyib. O bildirib: “Əlbəttə, həmişə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirmək üçün imkanlar axtarırıq. Hər iki ölkənin davamlı və ləyaqətli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləməyə davam edirik”. vakansiya Millerin sözlərinə görə, İrəvan və Bakı sülh sazişinin bağlanması istiqamətində mühüm irəliləyiş əldə ediblər və Vaşinqton onları istənilən yolla dəstəkləməkdə, o cümlədən faydalı olarsa, görüşü çağırmaqda qərarlıdır. Eyni zamanda, dövlət katibi Blinkenin Nyu-Yorkda belə bir görüşü təşkil edib-etməməsi ilə bağlı birbaşa suala Miller konkret açıqlama verməkdən yayınıb.

“Bir maddə var ki, ümumiyyətlə Azərbaycanla razılaşdırılmayıb” - Paşinyan

"Sülh sazişi layihəsi rəsmi olaraq 13 maddə üzrə razılaşdırılıb". Sozcu.az xəbər verir ki, bunu sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib. “Sülh müqaviləsi layihəsinin preambulası tam razılaşdırılıb, sənədin adı tam razılaşdırılıb, daha üç maddə qismən razılaşdırılıb, razılaşdırılmayan hissələr var. Bir maddə var ki, ümumiyyətlə razılaşdırılmayıb”. Paşinyanın sözlərinə görə, razılaşdırılan maddələr iki dövlət arasında münasibətlərin fundamental prinsiplərinə aiddir. “Biz deyirik: gəlin sülh sazişini imzalayaq və başqa məsələlərlə bağlı müzakirələri davam etdirək”. Lakin onun sözlərinə görə, Azərbaycan deyir: “Yox, mühüm məsələlər var ki, onlar sazişdə öz əksini tapmalıdır. “Bizim sualımız belədir: məsələn, biz bu sənəddə mühüm məsələləri əks etdirsək, hələ də vacib məsələlər qalacaqmı, bu, faktdır ki, dünyada bütün suallara cavab verən razılaşma yoxdur”, - Paşinyan bildirib.

Paşinyan: "Sülh müqaviləsinin razılaşdırılmış bəndlərini imzalamağı təklif edirik"

"Azərbaycan və Ermənistan sülh sazişi layihəsində 13 maddə və müqəddiməni razılaşdıra biliblər, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndləri imzalamağı təklif edir". Sozcu.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən "İrəvan Dialoqu" beynəlxalq forumu zamanı bildirib. "Sülh sazişi layihəsinin 13 maddəsi və müqəddiməsi tam razılaşdırılıb, üç maddə qismən razılaşdırılıb, onlar cəmi iki cümlədən ibarətdir. Biz qısa müddətdə razılaşdırılmış maddələri imzalamağı təklif edirik", - deyə Paşinyan bildirib və əlavə edib ki, Cənubi Qafqazda sülh təkcə mümkün deyil, həm də realdır. Baş nazirin fikrincə, bu, təsdiqlənmiş sənədin əldə olmasına və ona uyğun olaraq irəliləməyə imkan verəcək. Sülh müqaviləsinin razılaşdırılmış maddələri arasında Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı müddəa da var.

Ədliyyə nazirinə iki müavin TƏYİN OLUNDU

Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Sozcu.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Hüquqi təminat şöbəsində, Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror vəzifələrində çalışıb. 2011-2015-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəis müavini-Vətəndaşların qəbulu şöbəsinin rəisi vəzifəsində, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun böyük köməkçisi, 2017-2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində işləyib. 2020-ci ildən son təyinata qədər Mübariz Əhmədov Baş prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində işləyib və ölkə başçısının müvafiq sərəncamı ilə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, eyni zamanda Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin müvafiq medalları ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsili alıb. Toğrul Hüseynov 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə Azərbaycan Dəmir Yolları QSC-də, 2017-2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb. Son təyinata qədər Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.

Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb

Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu. Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.

XİN: Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyi qoruya bilər

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib. Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib. kapital bank vakansiya Qeyd edək ki, N.Paşinyan kommunikasiya xəttinin mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.

İlham Əliyev Kəlbəcərdə inzibati binanın təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub. Sozcu.az xəbər verir ki, dövlət başçısına görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır. Dövlət başçısı inzibati binanın təməlini qoydu.

İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

Avqustun 30-da Müsavat Partiyasının başqanı İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ilə görüşüb. Müsavat Partiyasının qərargahında baş tutan görüşdə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri və deputatlığa namizədlər Nüşabə Sadıxlı, Gülağa Aslanlı, Razim Əmiraslanlı və Mustafa Hacıbəyli iştirak ediblər.

İrəvanla Bakı bu məsələdə razılaşdı - Təcili

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Sozcu.az xəbər verir ki, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Yeni Agentlik yaradılır - FƏRMAN

Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Sozcu.az xəbər verir ki, Fərmanda deyilir: “1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır; 2.2. əsasnaməsi, strukturu və işçilərinin say həddi təsdiq edilənədək Agentilk Xidmətin mövcud əsasnaməsi, strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi tətbiq edilməklə fəaliyyət göstərir; 2.3. Xidmətin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək mövcud əsasnamələri (nizamnamələri) əsasında Agentliyin regional bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar kimi fəaliyyətlərini davam etdirirlər. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.3. Xidmətin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin; 3.4. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında Xidmət üçün nəzərdə tutulmuş maliyyələşmənin qalıq hissəsinin Agentliyə ayrılmasını təmin etmək üçün tədbirlər görsün; 3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

İlham Əliyevin Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb

Prezident İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar. Rəsmi qarşılanma mərasimindən sonra Daşkənddə Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə məhdud tərkibdə görüşü başlayıb.

"Putinin Azərbaycana gəlişi dövlətçiliyimizə yaxşı heçnə vəd etmir" - Müsavat Partiyası

Avqustun 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər müzakirə olunub və təşkilati məsələlərə baxılıb.  Gənc içtimai fəal Sənan Səbuhioğlu Müsavat Partiyası sıralarına qəbul edilib. Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınan 25 Müsavat yetkilisinin təbliğat kampaniyası çərçivəsində həyata keçirdikləri tədbirlər barədə məlumat dinlənilib. Partiya rəhbərliyinin ötən həftə ATƏT-in Seçki Müşahidə missiyasının təmsilçiləri ilə görüşü təqdir edilib. Daha sonra, hakimiyyətyönlü media orqanlarının yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı qəbul edilib (bəyanatın mətni xəbərə əlavə olunub). İclasda Rusiya prezidenti Vladimir Putinin Bakıya iki günlük səfəri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ukraynaya işğalçı siyasət yürütdüyünə görə mütərrəqqi dünyada təcrid olunan Putin rejiminin rəsmi Bakı ilə yaxınlaşması Azərbaycanın dövlət maraqlarına yaxşı heç nə vəd etmir. Avqustun 22-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anım günü ilə bağlı, onun məzarının ziyarət olunması qərara alınıb. Sonda cari məsələlər müzakirə olunub. *** Hakimiyyətyönlü saytların yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər. Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb. Qeyd edilməlidir ki, bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər. Lakin “Qafqazinfo” saytı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib. Müsavat Partiyası “Qafqazinfo” saytını və sözügedən yalan və böhtanları yayan digər hakimiyyətyönlü media irqanlarının təkzib dərc etmələrini və Müsavat Partiyasında üzr istəmələrini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir.