Martın 15-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.
Partiya başqanı İsa Qəmbər ölkədəki ictimai siyasi vəziyyət və qurumun qarşısında duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib.
Məclisin Gender Komissiyasının sədri Könül Alı və Seçki Komissiyasının sədri Yusif Mehdi rəhbərlik etdikləri komissiyanın fəaliyyəti barədə məlumat veriblər.
Məruzə ətrafında Məclis üzvləri Razim Əmiraslanlı, Gülağa Aslanlı, Səxavət Soltanlı, Zakir İsmayıl, Seyran Rüstəmov, Tahir Sofulu, Namiq Niftili, İman Əliyev və Osman Kazımov çıxış ediblər.
Məclisin sədri Arif Hacılı ölkədəki repressiyalar və Tofiq Yaqublunun barəsində çıxarılan qanunsuz hökm ilə bağlı bəyanat layihəsini təqdim edib. Layihə səsə qoyulub və yekdilliklə qəbul edilib.
Sənəddə deyilir:
Müsavat Partiyası Məclisinin bəyanatı
Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, ölkədə repressiya dalğası artan xətt üzrə davam etməkdədir. Jurnalistlərin və ictimai-siyasi fəalların əsassız ittihamlarla həbsi adi hal alıb. Hakimiyyət tənqidə dözümsüz olduğu üçün qanunsuzluqlara uca səslə etiraz edənləri susdurmağa çalışır. Eyni zamanda hakimiyyət bəzi Qərb dövlətləri ilə apardığı ədavət çərçivəsində də öz vətəndaşlarını cəzalandırmaq xəttini seçib. Nəticədə onlarla jurnalist, yüzlərlə ictimai-siyasi fəal bu repressiyanın qurbanına çevrilib.
Məclisin sessiyası ərəfəsində ictimai fəallar Məmməd Məmmədzadə və Bəşir Süleymanlı saxlanılıb.
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və vəkilləri ona qarşı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübuta yetirsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə sifarişli hökm çıxarıb.
Müsavat Partiyası Tofiq Yaqublunun və siyasi motivlərlə həbs olunan bütün şəxslərin azadlığa buraxılmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir.