Ramazan ayı bitdikdən sonra oruc tutan şəxslər əvvəlki qidalanmaya qayıdır. Bir ay ərzində fərqli rejimə uyğunlaşan orqanizmdə normal qidalanmaya dönən zaman bəzi narahatlıqlar baş verə bilər. Narahatlığın olmaması üçün normal qida rasionuna qayıdarkən bəzi məqamlara diqqət yetirmək lazımdır. Sozcu.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin uzman həkim-terapevti Nuranə Əliyeva bildirir ki, bir aylıq Ramazan ayı müddətində metabolizmanın sürəti azalır. İnsanın uzun müddət ac qalıb qəfil normal qidalanmaya dönməsi sürətli olmamalıdır: “Zəifləmiş metabolizma ilə normal qidalanmaya keçmək, oruc tutan şəxslərdə çəki artımına səbəb ola bilir. Çəki artımı olmasın deyə gün ərzindən 2.5-3 litr maye qəbul etmək lazımdır. Səhər qidalanmaya ilıq su ilə başlamaq olar. Bu həm həzm sisteminə kömək edir, həm də insanların özlərini daha yüngül hiss etmələrinə, köp şikayətinin olmamasına şərait yaradır". N. Əliyeva bildirir ki, səhər yeməklərində yüngül qidalardan istifadə etmək, ağır yeməklərdən isə çəkinmək lazımdır: “Səhər yeməyində az yağ, az duzlu pendir, yumurtadan hazırlanmış omletlərdən istifadə etmək olar. Gün ərzində iki yemək vaxtı arasında da qida qəbulu vacibdir. Bu, meyvə, bir stəkan qatıq, əgər laktoza qarşı dözümsüzlük yoxdursa, süd ola bilər. Günorta daha çox tərəvəz yeməklərinə üstünlük verilməsi tövsiyə edilir. Axşam yeməklərində ət tərkibli yeməklərin olması vacibdir. Bu dövrdə mümkün qədər karbohidrat ağırlıqlı, şəkəri çox olan qidalardan istifadə edilməməlidir. Çünki şəkərli qidalar anidən qandakı insulini yüksəldir. Bununla yanaşı, axşam yeməyi gecə yatmazdan azı 4 saat əvvəl bitirmək lazımdır. Yatmazdan öncə yaşıl çay, çobanyastığı çayı, bitki çaylardan istifadə edə bilərlər. İlıq süd və ya su içmək olar”./APA
Gündə bir stəkan qaragilə qan təzyiqini aşağı salıb, beyin funksiyasını yaxşılaşdıra bilər. Sozcu.az AZƏRTAC-a istinadla bildirir ki, bununla bağlı tədqiqat "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub. Araşdırmaya görə, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir edə biləcəyini daha yaxşı anlamaq üçün tədqiqatçılar sınaq keçiriblər. Araşdırmaya 65-80 yaş aralığında 61 sağlam kişi və qadın daxil edilib. İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanan içki içiblər. Nəhayət, qaragilə yeyənlərin digərlərinə nisbətən daha aşağı qan təzyiqi ilə yanaşı, müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib. Tədqiqatçılar qeyd edib ki, araşdırmanın nəticələrinə görə yabanı qaragilədə olan polifenollar yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər.
Kardioloq Faina Lobjanidze yaşlı insanların ürəyinə və damarlarına zərər verən pis vərdişləri açıqlayıb. Sozcu.az xəbər verir ki, həkim bu barədə Gazete.ru-ya danışıb. Həkimin sözlərinə görə, yaşlı insanların səhhətinə zərər vuran əsas amil hərəkətsizlikdir. Odur ki, gün ərzində çox hərəkət etmək lazımdır. Həkim çoxlu tərəvəz yemək lazım olduğunu da xatırladıb. Eyni zamanda duz qəbulunu azaltmağı məsləhət görür. "Orta hesabla bir insan gün ərzində təxminən 9 qram duz yeyir, amma 5 qramı keçməməsi tövsiyə olunur. Bu tendensiya təzyiqin artmasına və hipertoniyanın erkən inkişafına kömək edir", - Lobjanidze müsahibəsində deyib. Həkim həmçinin problemləri ürəyinizə salmamağı və xırda şeylərə görə narahat olmamağı da tövsiyə edib. (publika.az)
İmsak vaxtı zəncəfil kompotu içmək orqanizm üçün çox faydalıdır. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, zəncəfil kompotu orqanizm üçün faydalı olan vitaminlərlə zəngindir. Zəncəfil kompotu həmçinin bədəndəki əlavə yağları əridərək arıqlamağa kömək edir. Zəncəfil kompotunu hazırlamaq üçün lazım olan məhsullar: 5 dilim zəncəfil 2 xörək qaşığı kişmiş 1 litr su 1 alma 1 çubuq darçın
Sadə məşqlərin köməyi ilə bədənin daha sürətli yuxuya getməsinə kömək edə bilərsiniz, eyni zamanda yatmazdan əvvəl həddindən artıq fəaliyyətin qəbuledilməz olduğunu nəzərə almaq lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə "Ria Novosti"yə psixoloq, kinezioloq Anna Ovnitskaya məlumat verib. "Orqanizmin yuxu rejiminə keçməyə hazırlaşdığı saat 19:00-dan 20:00-a qədər endokrin sistemin tsikllərini nəzərə alaraq, həddindən artıq fiziki fəaliyyət, həddindən artıq yemək, ağır fiziki fəaliyyətlə məşğul olmaq, məşq etmək, həddindən artıq emosional ünsiyyətə girmək və ya televizora baxmaq tövsiyə edilmir. Yuxuya getməyin ən yaxşı yollarından biri masajdır. Məsələn, üz üçün xüsusi məşqlər edə bilərsiniz: qaşlarınızı yuxarı qaldırın, üçə qədər sayın və yavaş-yavaş aşağı salın, sonra alnınızı güclü şəkildə büzün və üz ifadələrini zəiflədin. Siz həmçinin gözlərinizi bağlaya, sonra yavaş-yavaş aça bilərsiniz. Bu, sakitlik və emosional tarazlığa nail olmağa kömək edəcək. Üzün digər hissələri də masaja cəlb edilə bilər. Məsələn, çənənizi sıxın, sonra rahatlayın və ya ağzınızı və dodaqlarınızı sıxın, onları hərəkət etdirin və yavaş-yavaş əzələləri buraxın. Yaxud da yataqda rahatlamaq üçün gözlərinizə isti bir sarğı qoya bilərsiniz", - ekspert qeyd edib. Ovnitskaya prosedurun sonunda barmaqları üzdə gəzdirməyi məsləhət görüb. "Masaja qaşlardan yuxarıya, alnın ortasından gicgahlara qədər sığallamaqla başlamaq, üzdən başın arxasına və qulaqdan kəllə sümüyünə qədər nahiyəni yumşaq bir şəkildə masaj etmək tövsiyə olunur. Barmaqlar yorulursa, o zaman terapevtik masaj fırçasından istifadə edə bilərsiniz, bu da beyin dövranını yaxşılaşdırıb təzyiqi azaldacaq. Bəzi əzələləri rahatlaşdırmaqla biz emosional sferanın işinə də təsir edə bilərik. Gərginləşən zaman boyun yuxarı hissəsinin çiyin qurşağının nahiyəsini dartmış oluruq və o, yatmazdan əvvəl də rahatlanmalıdır. Məsələn, nəfəs alarkən çiyinləri yuxarı qaldırın və nəfəs verərkən əlləri aşağı salın, eyni zamanda çənəni boyun altına əyin, sakit nəfəs alıb verin və bir müddət belə oturun. Əlləri və ayaqları rahatlaşdırmaq faydalıdır, bunun üçün əzalarla dairəvi hərəkətlər etmək kifayətdir. Eyni zamanda, nəfəs almağa nəzarət etmək vacibdir, o, sakit və ritmik olmalıdır ki, bu da vegetativ və endokrin sistemlərə müsbət təsir göstərəcək", - ekspert yekunda bildirib. (publika.az)
Ramazan ayında bədən sağlamlığınızı qorumaq üçün sahur və iftarda yediyiniz qidalara diqqət etməlisiniz. Xüsusilə iftar vaxtı müəyyən qidaları istehlak etməməlisiniz. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, qida üzrə mütəxəssis Vedat Göral bildirib ki, Ramazan ayında düzgün qidalanmamaq bir çox mənfiliklərə səbəb ola bilər. Onun sözlərinə görə, iftar vaxtı həddindən artıq çox yemək həzmsizlik, şişkinlik, mədə narahatlığı, qəbizlik, yüksək təzyiqin yaranmasına səbəb ola bilər: "Oruc su və ya xurma ilə açılmalıdır. Daha sonra yarım kasa şorba içilməlidir. Bu zaman bir dilim tam taxıl çörəyi istehlak etmək daha faydalıdır. Qısa fasilədən sonra mümkünsə əsas yeməyə başlanılmalıdır. Xəmir yeməkləri mümkün qədər az istehlak etməli, yeməyi yavaş-yavaş və yaxşıca çeynəyərək yeməliyik. Bundan əlavə, iftar yeməyinə qatıq, ayran, bir neçə dilim tam buğda və ya çovdar çörəyi əlavə edilməlidir. Çay və kofe iftardan ən azı yarım saat sonra içilməlidir. Çay mümkünsə açıq və limonlu olmalıdır. Yeməkdən sonra bitki çaylarına da üstünlük vermək olar".
Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş ağrısı təkcə böyüklərin deyil, uşaqların da şikayət etdiyi problemdir. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, Uşaq Nevrologiyası Mütəxəssisi dossent Hepsen Mine Serin bildirib ki, uşaqlarda baş ağrılarının olnmasının bir çox səbəbi var. Onun sözlərinə görə, uşaq tez-tez baş ağrılarından şikayətlənirsə, gündəlik işlərini yerinə yetirməkdə çətinlik çəkirsə, məktəbə getmək istəmirsə və ev tapşırıqlarını yerinə yetirə bilmirsə, mütləq həkimə müraciət etmək lazımdır: "Ailələrin diqqət etməli olduğu mühüm məqam isə başı ağrıyan uşağa ağrıkəsici verməkdir. Çünki tez-tez istifadə olunan ağrıkəsicilər uşaqlarda baş ağrılarının daha uzun və şiddətli olmasına və müalicəsini çətinləşdirə bilər. Hər yaşda ola bilən miqren uşaqlarda da inkişaf edir və xüsusilə yeniyetməlik dövründə rast gəlinir. Migren kimi təkrarlanan baş ağrıları uşaqların həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Uşaqlarda migren simptomları böyüklərdən bir qədər fərqli ola bilər. Adətən, böyüklərdən fərqli olaraq, ağrı başın hər iki yerinə təsir edə bilər. Yetkinlərdə olduğu kimi uşaqlarda da başgicəllənmə, işığa və qoxuya qarşı həssaslıq, görmə zəifliyi və yorğunluq kimi problemlər ola bilər". Uşaqlıq dövründə baş ağrıları "ilkin" və "ikinci dərəcəli" baş ağrıları olaraq iki qrupa bölünür. Birinci dərəcəli baş ağrıları: Migren və gərginlik adətən yeniyetməlikdə baş ağrılarının ümumi səbəbləridir. İkinci dərəcəli baş ağrıları: Bakterial infeksiyalar, burun tıxanıqlığı, diş kariyesləri, görmə pozğunluğu, hipertoniya, beyin şişi, hidrosefali, beyin qanaması və kəllə-beyin travması nəticəsində yaranır.
Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilməyəcək. Qüvvədə olan qanuna əsasən isə müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. Dəyişikliklə bu tələb yumşaldılır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Çiyələk faydasına görə ən möcüzəvi giləmeyvələrdən biridir. Mövsümünün başlamasını nəzərə alaraq, “Medicina”ya istinadla bu giləmeyvəylə bağlı ən vacib məlumatları təqdim edir. Çiyələk azkalorili giləmeyvədir. Amma ondan hazırlanan siroplar, kompotlar və mürəbbələr haqqında eyni sözləri söyləmək olmaz. Bu qidalardan çox istifadə eləmək piylənməyə səbəb ola bilir. 100 qram çiyələyin qida dəyəri: 1. Zülallar - 0,7 qr 2. Yağlar - 0,3 qr 3. Karbohidratlar - 5,7 qr 4. Su - 91 qr 5. Kalori - 30 kKal. Çiyələyin tərkibində çoxlu miqdarda su, suda həll ola bilən və bilməyən maddələr, şəkər və turşular var. Bunlar çiyələyin növündən və becərilməsindən asılı olaraq arta və ya azala bilir. Çiyələk tərkibində saxaroza, fruktoza və qlükozanın miqdarı az olan giləmeyvələrdəndir. Təzə dərilmiş çiyələk gözəl ətrə və dada malik olur. Bunun səbəbi isə onun tərkibində olan təbii turşular, mineral maddələr, zülallı maddələr və vitaminlərdir. Çiyələyin tərkibində orqanizm üçün lazım olan qədər kalsium (126mq), fosfor (85 mq), kalsium (41 mq), natrium (28mq), maqnium (22mq), dəmir (13 mq), yod (8mq), askoprbin turşusu (50-120mq) var. Onun tərkibində olan P aktiv maddələri rənginin tünd olmasına səbəb olur. Çiyələyin tərkibinin 0,2-0,6%-ni fol turşusu təşkil edir. O həm də A, B1, B2, E, PP, K vitaminləri ilə zəngindir. Çiyələyin tərkibində olan B9 vitamini orqanizmə qanartırıcı təsir göstərir. Bu vitamin yaddaşın yaxşılaşmasına da kömək edir. Tərkibində olan sink cinsi aktivliyi artırır. Hər gün çiyələk yemək orqanizmə viaqra təsiri bağışlayır. Nəticəni görmək üçün yatmazdan əvvəl çiyələk yemək lazımdır. Çiyələk yemək ürəyin işini yaxşılaşdırır, damarların elastikliyini artırır, sinir sistemini sakitləşdirir. Bundan əlavə böyrək daşı, böyrəklərin və sidik kisəsinin iltihabı, qaraciyər və öd kisəsi xəstəlikləri zamanı, pankreatitdə, şişkinliklərdə, oynaq ağrılarında faydalı təsirə malikdir. Atereskleroz, diabet, podaqra, anemiya, leykoz, qəbizlik, qastrit, mədə və onikibarmaq yarası, zob xəstəliklərindən əziyyət çəkənlər də bu meyvədən bol-bol istifadə eləməlidir. Digər faydaları: - həzm sistemini sürətləndirir; - orqanizmə antimikrob təsir bağışlayır; - avitaminozun aradan qalxmasına səbəb olur; - dərini gözəlləşdirir; - angina və stomatit əlamətlərini aradan qaldırır; - orqanizmə antioksidant təsir bağışlayır və xərçəng əleyhinə təsir göstərir; - dərinin rəngini yaxşılaşdırır, elastikləşdirir, onu yumşaldır. Çiyələik tərkibli maskalar dəriyə müsbət təsir edir. Ən yaxşı dəri maskası çiyələk, xama və ya qaymaq qarışımından hazırlanan maskadır. Çiyələyin yalnız bir zərərli xüsusiyyəti var – Bəzi insanlarda allergiya verə bilər. Ona görə də allergik insanlar çiyələkdən ehtiyatla istifadə etməlidir. Bundan əlavə qaraciyər və bağırsaq sancılarından əziyyət çəkənlərə, hamilə qadınlara və azyaşlı uşaqlara çiyələk yemək məsləhət görülmür. Çiyələyin tərkibində olan bəzi maddələr təzyiqin qalxmasına səbəb ola bilir. Bu səbəbdən də yüksək təzyiqi olanlara çoxlu miqdarda çiyələk yemək məsləhət görülmür. Appendesit xəstələri də çiyələk yeyərkən diqqətli olmalıdır.
Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə getməyənlərin sayında artım müşahidə olunur. Sozcu.az ARB-yə istinadla xəbər evrir ki, suçiçəyi virusuna daha çox paytaxtın Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsi və Xırdalan şəhərində, eləcə də Sumqayıt şəhərində rast gəlinir. Təhlükəli xəstəlik sayılan suçiçəyinə görə həkimlər valideynləri diqqətli olmağa çağırıblar. Vaxtında müalicə prosesinə başlanılmazsa, bu, uşaqların aylarla xəstəxana şəraitində qalması ilə nəticələnə bilər.
Bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb. Bu barədə Sozcu.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Belə ki, ötən ay Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin mərkəzə etdiyi müraciətlə əlaqəli “Lipotrim kaps N36“ (seriyası: 555017, yararlıq müddəti: 01.03.2023) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlıq müddəti: 01.02.2025) nümunələrinin ekspertizası aparılıb. Təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilməyib, Azərbaycanın 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI”da göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub. Qeyd edək ki, “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb. Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb. Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.
Ramazanda tez-tez istifadə etdiyimiz qidalardan biri də xurmadır. Xurmanın faydaları saysız-hesabsızdır. Beyin sağlamlığı ilə yanaşı, o dərini də yaxşılaşdırır. Xurma xolesterolu tarazlaşdırır və arıqlamağa kömək edir. Arıqlamaq, yaya fit daxil olmaq istəyənlər pəhrizlərinə mütləq xurma əlavə edilməlidir. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, xurma mis, maqnezium, selen və manqan mənbələri ilə zəngindir. Bu vitamin və minerallar sümüklərin sağlam inkişafı üçün vacibdir. Həmçinin, xurma həzm sisteminin müntəzəm işləməsinə kömək edir, qaraciyər və böyrəklərin sağlamlığına müsbət təsir göstərir. Eləcə də limonun faydalarını saymaqla bitmir. Evdəki pis enerjiləri aradan qaldırmağa kömək edən limon immunitet sistemini də gücləndirir. Bəs, limonla xurma birgə qəbul edilərsə necə olar? Belə ki, xurma limonla birlikdə yeyilsə, bağırsaqdakı problemlərin həlli qismən aradan qalxar. Hətta hər gün xurma və limon yeyənlər qəbizlikdən də əziyyət çəkməyəcək. Xurmanın tərkibindəki kalium, kalsium və maqnezium sümükləri gücləndirir. Limonla qarışdırıldıqda isə osteoporozun qarşısını alır. Vitaminlər, antioksidantlarla zəngin olan xurma və limon enerjinizi artırır və gününüzü daha enerjili keçirməyə imkan yaradır. Ürəyə qarşı da xeyirli olan bu qarışım B6 vitamini ilə son dərəcə zəngindir. Xurma limonla birləşdikdə stress aradan qalxır və yaşlanma sürətinin qarşısı alınır. Həmçinin xurma insanı uzun müddət tox tutur, qanda şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Eyni zamanda həzmi tənzimləyir və zəhərli toksinlərin bədəndən çıxarılmasına kömək edir. Limon isə bu prosesləri sürətləndirir.