Redaktor seçimi

Ağdaban soyqırımından 31 il ötür

Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 31 il ötür. Sozcu.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlumat yoxdur. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb. Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

Azərbaycanda yeni təşkilat yaradıldı - FOTO

Bu gün Azərbaycanda “Müstəqil Həmkarlar” İctimai Birliyinin ictimaiyyətə təqdimat mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, “Müstəqil Həmkarlar” İB İdarə Heyətinin üzvləri, deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Xəzər Teyyublu, tanınmış ictimai fəal Əhməd Rəhmanov və prezidentliyə keçmiş namizəd Fuad Əliyev yeni yaradılan ictimai təşkilatın məqsədlərini açıqlayıblar. Əsas məqsəd sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaq və müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir. Sonda İctimai Birliyin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.Musavat.com

Deputat: “İranda təhsil alan gənclərin zərərli və zəhərli ideologiyaya məruz qalmamaları qeyri-mümkündür”

Azərbaycanın İranda, xüsusən Qum şəhərində təhsil alan dindarların əksəriyyəti artıq kənarlaşdırılır. Lakin belə düşünənlər də var ki, İranda təhsil alan və onların təsiri altına düşməyənlər yerli təhsil alan dindarlarla ortaya birgə iş qoya bilərlər. Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən İlahiyyat İnstitutunun sabiq rektoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, İlahiyyat İnstitutu yeni qurulub. “Artıq bu il ikinci il olacaq ki, İlahiyya İnstitutunun tələbələri məzun olurlar. Amma hesab edirəm, bu İnsitutu bitirən gənclər də, İlahiyyat İnstitutu da proseslərdə daha fəal olmalı, Azərbaycanın dövlət-din münasibətləri modelinin formalaşmasına, ölkəmizdə kənar təsirlərin, müdaxilələrin qarşısının alınmasına öz töhvələrini verməlidirlər. Daha fəal olmadan, daha çox səy göstərmədən məqsədlərimizə nail ola bilməyəcəyik. Çünki İran bu məsələdə daha təcrübəli, daha geniş imkanlara malikdir və bütün gücünü bu prosesə səfərbər edib”, - deputat bildirib. C.Məmmədovun sözlərinə görə, İranın təhsil sistemi elə bir formada qurulub ki, orada təhsil alan gənclərin İranın zərərli və zəhərli ideologiyasına məruz qalmamaları qeyri-mümkündür: “İran orada təhsil alan şəxslərə konkret istiqamət verir. Onların gələcəkdə fəaliyyətləri də İranın müəyyənləşdirdiyi strategiya üzrə həyata keçir və davam etdirilir. Bu baxımdan, İranda təhsil alan gənclərin mütləq əksəriyyəti İranın təbliğatına məruz qalır. Onlar Azərbaycana gələndən sonra dövlət-din modeli münasibətləri, Azərbaycanda İslam dövlətinin qurulması istiqamətində fəaliyyət qururlar. Bu gün İranda oxuyub, təsirə məruz qalmamaq çox çətindir. Amma hamını da bu formada təqdim etmək düzgün deyil. Ola bilər ki, İranda təhsil alan şəxslər arasında iki-üç nəfər öz milli kimliyini qorusun, Azərbaycan dövlətçiliyi baxımından çıxış etsin. Lakin mütləq əksəriyyət təsirə məruz qalıb. Azərbaycan məscidlərində də bu, özünü göstərir. Məscidlərin İranın təsirindən çıxarılması üçün atılan addımları təqdir edirəm”.

Fazil Mustafa yenidən əməliyyat olunacaq

Bu gün həkimlər Fazil Mustafanı yenidən əməliyyat edəcəklər. Sozcu.az xəbər verir ki, bu sözləri Oxu.az-a sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafayeva deyib. O bildirib ki, güllənin yaratdığı infeksiya səbəbindən yaraları hələ tikilməyib: “Şükür olsun artıq infeksiya təmizlənib. Bu gün həkimlər konsultasiya edəcəklər. Əgər vəziyyət uyğun olarsa, bu gün əməliyyata girəcək. Əməliyyatda iki prosedur həyata keçiriləcək. Həm çiynindəki yara, həm də ayağındakı yaraya tikiş qoyulacaq. Evə buraxılma ilə bağlı hələlik bir qərar yoxdur”. Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdəbirini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

"Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər"

“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər”. Sozcu.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sui-qəsdə uğraması ilə bağlı Real TV-nin suallarını cavablandırarkən deyib. “Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” - deputat bildirib. 

Polkovnik Elnur Məmmədov azadlığa buraxıldı

Həbs edilən ehtiyatda olan polkovnik Elnur Məmmədov azadlığa buraxılıb. Sozcu.az Bakupost-a istinadla xəbər verir ki, o, 6 aylıq həbs müddətinin bitməsindən sonra azadlığa çıxıb. Elnur Məmmədov ötən ilin oktyabrında Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. O, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü. Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi. Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Rusiya sülhə mane olur - “Hər iki tərəf özündə güc tapmalıdır”

Martın 30-da Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb. Azərbaycan artıq Ermənistanla Qarabağ icması arasında hərbi logistik əlaqələri kəsib və bufer zona yaradıb. Bəs, Ermənistan irəliləyən vəziyyət fonunda prosesə beynəlxalq iştirakçılar cəlb edərək sülh danışıqlarını uzada bilərmi? Mövzu ilə bağlı siyasi ekspert Azər Qasımlı Bakupost.az -a açıqlamasında bildirib ki, hətta Ermənistan bu gün Azərbaycanın ərazi bütövlüyünü tanısa, Qarabağı Azərbaycan ərazisi kimi qəbul etsə rus hərbi kontingenti oradan çıxmayacaq: “Əlverişli hərbi vəziyyət 44 günlük müharibədən sonra necə idisə indi də elə qalıb. Rus hərbi kontingenti yenə də Qarabağdadı, ermənilər və ruslar yenə də Laçın dəhlizindən istifadə edirlər. Bu məsələləri Ermənistanla yox, Rusiya ilə danışmaq lazımdır. Qarabağ mövzusunu kənara qoyub Ermənistanla sülh müqaviləsi imzalamalıyıq. Bunda hər iki tərəf maraqlı olmalıdır. Qarabağ mövzusunu isə birbaşa Rusiya prezidenti Vladimir Putunlə danışmalıyıq. Çünki orda prosesə nəzarət edən Rusiyadır. Qarabağdakı 4-5 erməni rus hərbi kontingenti nə diktə edirsə o cür davranırlar. Kontingent Qarabağdan çıxmalıdır”. Azər Qasımlı qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün fürsət yaranıb: “Sülh müqaviləsinin imzalanması üçün gözəl bir imkan, yaxşı bir platforma vardı. Avropa Birliyinin moderatorluğu ilə baş tutacaq Brüssel platformasından istifadə eləmək lazım idi. Təəssüflər olsun ki, biz ondan imtina etmişik. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi ilə bu şanslardan istifadə etməlidir. Avropa Birliyinin təklif etdiyi platformadan imtina etmək yox, əksinə onu qəbul edib bu prosesi irəlilətmək lazımdır. Azərbaycan 44 günlük müharibənin qalib tərəfi kimi davranmalıdır. Azərbaycanın rəsmi ritorikası sülhə dəvət edən ritorika olmalıdır. Bununla Ermənistan rəhbərliyini və erməniləri heç də sülhpərvar kimi qələmə vermək istəmirəm. Onlar sadəcə oyundan kənarda qalıblar. Çox ümid edirəm ki, həm Azərbaycan həm Ermənistan rəhbərliyi hansısa formada özlərində güc tapıb Rusiyanın əsrlərdir burda apardığı oyunun, siyasətin qurbanı olmadan ortaq məxrəcə gələcəklər. Ermənistan tərəfi gözəl başa düşür ki, artıq Qarabağ məsələsi nəzarətindən çıxıb. Burda top daha çox Azərbaycanla Rusiyanın sahəsindədir”.

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib. Belə ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Kıvcı Abdulkadir Moldova Respublikasının ərazisində saxlanılaraq aprelin 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Bakıda bu institut köçürülür - SƏBƏB

Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri ilə əlaqədar Botanika İnstitutu köçürüləcək. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, yeni lahiyəyə əsasən, Mərkəzi Nəbatat Bağında aparılan yenidənqurma işləri institutun köçürülməsi məsələsini reallaşdıracaq. Məsələ ilə bağlı Botanika İnstitutun icraçı direktoru Şakir Qasımov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib: “Belə bir məlumat var, amma hələ dəqiqləşməyib”.

48 minə yaxın şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 9-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək. DİM-dən Sozcu.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; -Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 31-dən etibarən çap edib götürə bilirlər. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 195 imtahan binası, 3575 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 568 imtahan rəhbəri və ümumi rəhbər, 4434 nəzarətçi-müəllim, 643 buraxılışı rejimi əməkdaşı (mühafizə), 195 bina nümayəndəsi ayrılıb. Aprelin 9-da keçiriləcək imtahanda 47 917 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 12 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Rus qoşunları dirənir: Ukrayna ordusu imkan vermir

Baxmutda hərbi əməliyyatlar davam edir, rus işğalçıları qala şəhərinin mərkəzi hissəsinə daxil olmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets bildirib. "Döyüş əməliyyatlarının dinamikası bir neçə gündür ki, ardıcıl olaraq dəyişməyib. Əsgərlərimizin maddi-texniki təminatı kifayət qədər səmərəli işləyir, bu da düşmənə daha da irəliləməyə imkan vermir", - ekspert söyləyib. Zquretsin sözlərinə görə, Avdeyevka ərazisində də vəziyyət oxşardır. Orada rus işğalçıları mühasirə modelini həyata keçirməyə çalışdılar.

“Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” - AÇIQLAMA

Bir deputatın Milli Məclis kürsüsündən Azərbaycan Attestasiya Komissiyasını lazımsız bir qurum adlandırması ciddi siqnaldır, elm adına ləkədir. Millət vəkili Etibar Əliyevin Attestasiya Komissiyasının ləğv olunması ilə bağlı təklifi əslində elmi dərəcə almağa çalışan, lakin qarşısında Çin səddi kimi AAK-ı görən elm adamlarının həm də xilası üçün atılan addım idi. Ancaq nə yüksək kürsülərdən deyilən sözlər, nə AAK-dakı rüşvətxoşluq, açıq-aşkar satılan, pay verilən, bağışlanan elmi dərəcələrlə bağlı faktlar, elmi dərəcə bazarına dönən qurumun nə professorlarını narahat edir, nə də rəhbərliyini qorxudur. İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir… Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Ali Attestasiya Komissiyası çoxdan köhnəlmiş bir strukturdur. Keçmiş postsovet ölkələrinə xas olan bir xüsusiyyətdir: “Bu gün Azərbaycanda elmi dərəcə və elmi ad alanlar arasında məmur olmayanlar çox azdır. Azərbaycan elmi, Azərbaycan elmi adları məmurlara daha çox xidmət edir. Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində, və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb. Bu yaxşı hal deyil. Məhz ona görə də Azərbaycan elmi dünyada etibarlı elm kimi qəbul edilmir. Beynəlxalq indekslərdə olan Azərbaycan alimlərinə istinadlar demək olar ki, çox aşağıdır. Alimlərimizdən cəmi 36-sının indeksi kifayət qədər yaxşıdır. Bu da Azərbaycandakı alimlərin sayı ilə müqayisədə dəhşətli bir rəqəmdir”. K.Əsədov bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycanda elmi tədqiqat işləri və elmi adlarla bağlı problemlər var: “Universitetlərdə mərkəzlərdə bu istiqamətlərdə problemlər mövcuddur. Mən hesab edirəm ki, Azərbaycanda Ali Attestasiya Komissiyası ləğv olunmalıdır və hər bir ali təhsil müəssisəsi özü bununla məşğul olmalıdır. Çünki bu tipli qurumlar elmə gələnlərin sayına mane olurlar. Bu ciddi bir məsələdir. Mən hesab edirəm ki, necə ki Türkiyədə bu var, hər bir ali təhsil müəssisəsinin özü tədqiqtçılıqla bağlı müstəqildir. Bizdə də bu formatda istifadə olunmalıdır”.