Rusiya bizim əsas tərəfdaşımız ola bilməz - Paşinyan

Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində bildirib. O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib. "Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi", - Paşinyan qeyd edib.

Azərbaycanda 44 hərbçi cəzalandırılıb

Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 hərbi qulluqçusu mükafatlandırılıb, 15 hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib. Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə aparılacaq

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq. Sozcu.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür: "Elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqlarrın quraşdırılması istiqamətində işlər görülür". Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

“Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, sülhün imzalanması daha da uzana bilər”

“İstər ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilənlər, istərsə də Karnegi Fondunun eksperti Krivoşeyevin təhlili reallığı əks etdirir. Və o da doğru vurğulanır ki, bu reallıq sülh müqaviləsinin imzalanmasına aparmır”. Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu Musavat.com-a açıqlamasında deyib. Qeyd edək ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir. Eyni zamanda bildirilir ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil. Həmçinin, hesabatda qeyd olunub ki, Kreml Paşinyanın getdikcə artan anti-Rusiya mövqeyinə görə ona qarşı tənqidləri gücləndirməyə davam edir. Bundan əlavə, Karnegi Fondunun eksperti Kirill Krivoşeyevin qənaətinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə əldə olunmasına ümid praktiki olaraq itib. İ.İsmayıl isə bütün bunlarla bağlı bildirib ki, əcnəbi ekspertin İordaniya və Misirlə bağlı apardığı paralellərdə də həqiqət payı çoxdur: “Oxuculara aydın olsun deyə, qısa bir tarixi ekskurs edək. 1967-ci ildə tarixə “altı günlük müharibə” kimi düşümüş İsraillə Misir, İordaniya və Suriya arasında olan müharibə İsrailin qələbəsi ilə bitdi. Amma, bu dövlətlər arasında sülh çox gec imzalandı. İsrail və İordaniya arasında sülh müqaviləsi 27 ildən sonra, 1994-cü il 25 iyulda Vaşinqtonda əvvəlcə qətnamə, üç ay sonra isə 26 oktyabrda sülh müqaviləsi imzalandı. Misirlə isə sülh müqaviləsi 12 il sonra, 26 mart 1979-cu ildə Vaşinqtonda imzalandı. Qalib İsrail olsa da, məğlublar uzun müddət inad göstərmiş, amma sonunda sülh üçün Ənvər Sədat, İordaniya Haşimilər krallığı təşəbbüs göstərdilər. Əlbəttə ki, ABŞ -nin vasitəçiliyi ilə. Krivoşeyevin bir məntiqi də diqqətəlayiqdir: “bu prosesi məcbur etməyə çalışmaq təhlükəlidir, çünki qeyri-sabitliyə səbəb ola bilər”. Azərbaycan -Ermənistan arasındakı anklav kəndlər problemi isə nəinki qeyri-sabitliyə, hətta yeni müharibəyə səbəb ola bilər. Zəngəzur yolunun açılması gecikə bilər və bu daha çox Ermənistanın zərərinə işləyəcək. Amma, birbaşa anklav kəndlərlə bağlı tezliklə danışıqlar prosesi başlamasa və ən azı anklav olmayan 4 kəndin təhvil verilməsi sürətlənməsə təhlükəli situasiya yarana bilər”. İ.İsmayıl hesab edir ki, burada vasitəçinin də düzgün yanaşmasından çox şey asılıdır: “Təəssüf ki, Misir və İordaniyadan fərqli olaraq, Cənubi Qafqazda bir neçə vasitəçi var və bu vasitəçilərin bir-biri ilə eyni masaya əyləşmək fikirləri yoxdur. Ermənistan isə təminatçısız sülh bağlamaq istəmir. Praktik sülh doğrudan da indi görünmür. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, iki ölkə arasında sülhün imzalanması daha da uzana bilər”.

"Azərbaycanın sivil dünyadan təcrid olunması prosesi gedir" -Arif Hacılı

Azərbaycanın ASPA-dakı nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandirdığını bildirib.  Bu barədə yayılan bəyanatda AŞPA irqçilikdə, Azərbaycanofobiya və İslamofobiyada ittiham edilir.  2001- ci ildə Azərbaycanın AŞPA üzvlüyünə qəbul edilməsi hökümətin uğurlu xarici siyasətinin nəticəsi kimi yüksək səslə və uzun müddət təbliğ olunmuşdu… İndi, 23 il sonra ölkənin Konstitusiyasına və Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olmayan əks proses də düzgün xarici siyasət kimi təbliğ olunur.  Problem yalnız AŞPA ilə münasibətlərə aid deyil. Əslində Azərbaycanın tədricən sivil dünyadan təcrid olunması prosesi gedir ki, bu həm təhlükəsizliyimiz, həm də inkişafımız üçün ağır nəticələrə səbəb ola bilər.  Azərbaycan televiziyalarında və digər plarformalarda qərbə qarşı “stəkanda fırtına” nı xatırladan təbliğat kampaniyaları təşkil etmək yanlış yoldur.  Bu prosesin qarşısını almaq üçün ölkənin daxili və xarici siyasətində ləngimədən fundamental dəyişikliklər edilməlidir.

ABŞ səfiri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı səfiri 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk", - səfir Mark Libbi bildirib.

NATO-dan açıqlama: Bakı və İrəvan münasibətləri...

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində yazıb. O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Səlim Müslümova şərti cəza verildi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Səlim Müslümovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il cəzanın şərti hesab edilməsini istəyib. Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. *** Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Səlim Müslümov barəsində ittiham oldunduğu maddələrlə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Lakin məhkəmə onun dövlətə vurduğu ziyanın əksər hissəsini ödədiyini nəzərə alaraq, cəzanın 5 ilini sınaq müddəti olmaqla şərti hesab edib. Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək. Sabiq nazir barəsində ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.

Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə qərar elan olunub

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Ağdərə və Xankəndi ermənilərindən növbəti şikayət

Qarabağdan Ermənistanın Amasya rayonuna köçən bir qrup erməni bələdiyyə rəsmisi haqda şikayət ərizəsi yazıb. Sozcu.az xəbər verir ki, bu barədə erməni KİV yazıb. Bildirilib ki, ərazidə Qarabağ erməniləri üçün satınalmaları təşkil edən məsul şəxsdən şikayət olunub. Onlar tapşırılanın əksinə, ilkin tələbat malları ilə təmin edilmədiklərini bildirirlər. Amasya rəsmisinə qarşı protokol tərtib edənlər Ağdərə və Xankəndidən köçən ermənilərdir. Həmin şəxslər polis bölməsinə çağırılıb ifadələri alınıb və iş Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib. Qeyd edək ki, bu, Qarabağ erməniləri ilə bağlı ilk belə hal deyil. Onlar  Ermənistanda iş tapa bilmədiklərini, universitetlərdə, yaşadıqları mühitdə psixoloji şiddətə, ayrı seçkiliyə məruz qaldıqlarını bildirirlər.

Almaniyadan Ermənistana TƏKLİF: Rusiya sərhədçilərini ölkədən çıxarın!

Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbə bildirib. Mənbə qeyd edib ki, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. "Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, hakimiyyəti öz dövlət aparatınж Rusiyaya dost olan şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır", - açıqlamada belə deyilir. TASS-ın iddiasına görə, bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir.

“Mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?”

“İki gün öncə “Azparking” MMC-nin fəaliyyətini haqlı tənqid etmişdim”. Sozcu.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında məlumat yayıb. Eskpert bildirib ki, “Yeni Müsavat” qəzetinin əməkdaşları sualları qurumun təsisçisi olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucova ünvanlayıblar: “Cavabdan da aydın olur ki, AYNA və “Azparking” MMC-nin rəhbərliyi bu işin fəsləfəsini, məğzini bilmirlər, hətta qanuniliyi şübhəli olan fəaliyyətlə məşğuldurlar. Tural müəllim deyir ki, sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər. Amma “Azparking” şirkətdir, MMC-dir, təsisçisi dövlət quruçu olan kommersiya təşkilatıdır, kommersiya təşkilatının əsas qayəsi pul qazanmaq olduğu üçün onlar cərimələyən qurum ola bilməz, hətta elə bir qərar varsa, qanunsuzdur, ləğv edilməlidir. Tural Orucovun sözlərinə görə, yığılan vəsaitin xərc qaydaları var, həmin qaydalarda deyilir ki, Nazirliyə daxil olan vəsaitin 50%-dək, Agentliyə daxil olan vəsaitin isə 30%-dək hissəsi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclənir”. Cəfərli qeyd edib ki, bu halda AYNA və qurum cərimələrin yazılmasında maraqlıdırlar: “Bu rəzalətdir, belə çıxır ki, AYNA və onun təsis etdiyi kommersiya qurumu cərimələrin yazılmasında maraqlıdırlar, kommersiya qurumuna belə maraq yaratmaq olmaz, bir daha – kommersiya qurumunun məqsədi gəlir götürməkdir, gəlirini cərimə ilə təmin edirsə, aşırı maraq yaranır, bu qeyri-qanunidir. Bunu da qoydum kənara – mən parklanma üçün pul ödəyirəm ki, şəhərin infrastrukturuna xərclənsin, bu vergi növüdür, xaricdə bu vergini Bələdiyyələrə ödəyirsən, onlar da seçilmişlər olduğu üçün seçənlərin marağına görə davranıb, xərclərini elə planlayırlar. Yaxşı, mən MMC işçisinin gəlirlərinin artması üçün niyə pul verməliyəm ki?! Əgər onların marağı cərimələrin çox olmasıdırsa, deməli işlərini də cərimələrin qarşısını alacaq şəkildə deyil də, daha çox qayda pozuntusunun olmasına görə quracaqlar – mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?! Mən Böyük Şəhər Bələdiyyəsi, seçilmiş şəhər hökuməti istəyirəm, pulu da onlara sevə-sevə ödəməyə hazıram, təyinedilmişlərin maaş və gəlirlərinin artması üçün ödəniş etmək istəmirəm!”