Tramp bu liderləri Qəzza üçün toplayır

Tramp Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Nyu Yorkda ərəb liderləri ilə sammit keçirmək istəyir. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “ABŞ prezidenti Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüşməyi planlaşdırır. İclasa dəvət olunanlar arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə lideri də var. Danışıqların əsas mövzusu Qəzzada müharibəyə son qoymağın mümkün yollarının tapılması olacaq”, - məlumatda deyilib.

Bu üç ölkə Fələstin dövlətini tanıdı

Kanada Fələstin dövlətini tanıdı. Sozcu.az xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni deyib. “Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyə ümid yaratmaqda tərəfdaşlığını təklif edir”, - Karni bildirib. Avstraliya da Fələstin dövlətini tanıyıb. Bu barədə Avstraliya Baş naziri Entoni Albaneze bəyanatında deyib. Kanada və Avstraliya ilə yanaşı, Böyük Britaniya da Fələstin dövlətini tanıyıb.

Mİ6-nın rəhbəri İstanbulda istefa verdi - Dünyaya mesaj

Dünyanın ən güclü siyasi kəşfiyyat xidməti hesab olunan Böyük Britaniyanın əfsanəvi Mİ6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur özünün dediyi kimi, “plaşını asıb, xəyali xəncəri qınına qoyuraraq, məşhur yaşıl qələmi təhvil verdi”. “Plaş, xəncər və yaşıl qələm” Mİ6-nın simvollarından sayılır. Mİ6-da rəsmi sənədlər yaşıl yazan qələmlə imzalanır. Rəsmi adı Hərbi Kəşfiyyat (Military Intelligence) olsa da, Mİ6 siyasi kəşfiyyat hesab olunur. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib. “Riçard Murun 1987-ci ildən işlədiyi Mİ6-nın rəhbərliyindən ayrılması ilə bağlı vida tədbirinin İstanbulda keçirilməsi, eləcə də verdiyi mesajlar bölgəmizin çox mühüm mərhələyə daxil olduğunun göstəricisidir. Türkiyənin Qərblə əlaqələrinin qorunmasının əsas dəstəkçisi olan Böyük Britaniyanın bu mövqeyinin formalaşmasında Riçard Murun böyük xidməti var. Riçard Mur Türkiyə türkcəsini o qədər mükəmməl bilir ki, 2016-cı ildə Türkiyənin “Hürriyyət” qəzeti onu ölkədə ilin ən nüfuzlu üç blogerindən biri adlandırmışdı. Mİ6-dakı xidmətindən ayrılmasına həsr olunmuş vida tədbirində Riçard Murun səsləndirdiyi fikirlərdən ilk qənaətim ondan ibarətdir ki, Böyük Britaniyanın Rusiyanı məğlub etmək siyasəti tam gücü ilə işləyir. Riçard Murun İstanbulda təqdim etdiyi Mİ6-nın yeni layihəsi “Səssiz Kuryer” adlı məxfi məlumat platforması Putinin cinayətkar rejiminin devrilməsini sürətləndirməlidir. Belə görünür ki, qarşıda bizi çox maraqlı tarixi hadisələr gözləyir”, - politoloq vurğulayıb.

Müharibəni bitirdiyim üçün təşəkkür etdilər, şoka düşdüm

2021-ci il seçki kampaniyasının ilk günlərindən bu, mənim üçün bir nömrəli sual oldu: niyə bu analar, bizə qayğı göstərən analar bizim seçkiqabağı mitinqimizə gəlirlər - bəzən ev paltarında və aydın görünürdü ki, son anda qərar veriblər. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının bu gün keçirilən qurultayındakı çıxışında deyib. O bildirib ki, onların gəlişi işartı idi, çünki onların deyəcək sözləri vardı: “Kampaniyanın ilk günlərindən anladım ki, mənim əsas vəzifəm onları dinləmək və bunu praktiki siyasətə çevirməkdir. Onlardan eşitdiklərim məni şoka saldı. Onlar yalnız iki şey dedilər: birincisi, 9 noyabr 2020-ci il tarixli sənədi imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər. Bu mənim üçün əsl şok idi. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham edirdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”.

Bəzi direktorların yenidən qiymətləndirilməsi mütləq tələb olmayacaq

Şagird sayı 500-ə qədər olan müəssisələrdə fəaliyyət göstərən direktorların MİQ, sertifikasiya və ya diaqnostik qiymətləndirilməsi 70 faiz və daha yüksəkdirsə, fəaliyyətlərini davam etdirə biləcəklər. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin imtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib. “Şagird sayı 500-dən çox olan məktəblərdə isə direktorların göstəricisi 85 faizdən yuxarıdırsa, elə həmin məktəbdə direktor olaraq qalacaqlar. Onların hazırda idarəetmə prosesində çalışdığı nəzərə alınaraq yenidən qiymətləndirilməsi mütləq tələb olaraq göstərilməyəcək”, - o bildirib.

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupunun və onunla əlaqəli təsisatların ləğvi prosesinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Report-a ATƏT-də Finlandiyanın sədrliyi üzrə işçi qrupunun rəhbərinin müavini Toni Sandell məlumat verib.

Artıq müharibə olmayacaq - Paşinyan

“Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq”. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”, - baş nazir qeyd edib. Paşinyanın fikrincə, iki ölkə arasında əldə edilmiş sülhün qayğıya ehtiyacı var: “Hətta 50 ildir mövcud olan sülh də institutsionallaşmaya ehtiyac duyur. Çünki sülhün institusionallaşdırılması ilə məşğul olmasanız, sülh deinstitusionallaşdırılır, yəni aradan qalxır”.

Polşaya hücum təsadüf deyil: Rusiya savaşı böyüdür

Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb. “Əlamətlər onu göstərir ki, bu hücum qəsdən edilib, təsadüfi deyil. Rusiyanın müharibəsi bitmir, əksinə böyüyür. Biz Moskvanın xərclərini qaldırmalı, Ukraynaya dəstəyi gücləndirməli və Avropanın müdafiəsinə sərmayə qoymalıyıq”, - Kallas qeyd edib.

Rusiya Azərbaycanla bağlı ictimaiyyəti çaşdırır - XİN-dən REAKSİYA

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasında bildirib. Onun sözlərinə görə, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır: "Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil". O qeyd edib ki, bununla yanaşı, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır: "Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır".

Tramp Avropadan tələb etdi: Rus neftinin alışından imtina etməyi və Rusiyaya yardımından dolayı Çinə...

17:10 Avropa liderləri və ABŞ Prezidenti Donlad Tramp arasında onlayn görüş keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa Prezidentinin Ofisi məlumat yayıb. Qeyd edək ki, görüşdə Fransa, İspaniya, Danimarka, Polşa daxil olmaqla, “İstəklilər koalisiyası”na daxil olan ölkələrin liderləri və Avropanın yüksək səviyyəli rəsmiləri iştirak edir. *** Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və “İstəklilər koalisiyası” ölkələrinin liderləri ilə videokonfransı başa çatdırıb. Bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, Tramp müzakirə zamanı avropalı liderlərdən rus neftinin alışından imtina etməyi və Rusiyaya yardımından dolayı Çinə təzyiq göstərməyi tələb edib.

Boş qalan plan yerlərinə qəbul olanların sayı açıqlandı

Ali məktəblərin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr) qəbul olub. Dövlət İmtahan Mərkəzindən Sozcu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) sentyabrın 9-dan 15-dək (saat 18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Uşaqlara quru çörək və su verən bağça müdiri işdən çıxarıldı

Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıqlamasında qeyd olunub. Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd edək ki, sosial şəbəkədə sözügedən bağçada uşaqların səhər yeməyi zamanı quru çörək və su ilə qidalanması barədə video yayılıb.