NATO ABŞ-ın Hörmüz boğazı ilə bağlı planına qoşulmayacaq

NATO ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İranın blokada planına qoşulmayacaq. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu gün ABŞ-ın NATO-dakı müttəfiqləri bildirib. Məlumata görə, bu qərar alyans daxilində onsuz da kövrək olan gərginliyi daha da artıracaq. (“Reuters“)

Yoxlamalar zamanı 299,1 milyon manat pozuntu üzə çıxarılıb - Palata

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Hesabat əsasən, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub. Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib. 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyən edilib. Belə ki, xərclərin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236,3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160,4 milyon manat təşkil edib. İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299,1 milyon manat göstərilib. Hesabata əsasən, büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına rəy, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə rəy, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.

Ukraynanın 10 il döyüşmək üçün insan resursu var

Ukraynanın 10 il və daha çox döyüşmək üçün kifayət qədər insan resursu var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko deyib. “Əsas problem onları idarə etmək və insanları necə motivasiya etməkdir”, - deputat bildirib.

Merz: İran ətrafındakı münaqişə NATO müharibəsi deyil

Almaniya kansleri Fridrix Merz bildirib ki, İran ətrafında baş verən münaqişə NATO müharibəsi hesab edilmir. Bu barədə FAZ nəşri məlumat yayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bu qənaətə gəlib və Vaşinqton bu mövqeni qəbul edib. Merts qeyd edib ki, ABŞ-ın hazırkı addımları deeskalasiya deyil, əksinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. “Trampın hazırda etdikləri sülhə gətirmir, bu, nəticəsi qeyri-müəyyən olan ciddi eskalasiyadır”, – deyə kansler bildirib. O əlavə edib ki, Trampla son telefon danışığı fikir ayrılıqları fonunda keçib. “Əgər bizim köməyimizi istəyirsənsə, bunu əvvəlcədən deməlisən, sonradan mətbuat vasitəsilə yox”, – deyə Mer vurğulayıb. Kansler həmçinin qeyd edib ki, Tramp bir neçə dəfə NATO-nun dəstəyinə ehtiyac duymadığını bildirib.

NATO-dan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhə doğru əhəmiyyətli irəliləyişi alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir. Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır. "Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - sənəddə qeyd olunur. Hesabatda deyilir ki, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycan tərəfdaş dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini intensivləşdirib. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir. Bundan başqa, sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin - alyansın imkanların dəstəkləmək üçün milli və çoxmillətli səviyyələrdə yaradılan təşkilatların fəaliyyətinə də diqqət ayrılıb. Bu gün 30 mükəmməllik mərkəzi NATO akkreditasiyasına malikdir, daha 5-i isə qiymətləndirmə prosesinin müxtəlif mərhələlərindədir. "NATO-nun üzvü olan bütün 32 dövlət bu ekosistemə cəlb olunub və 8 tərəfdaş ölkə də (onların sırasına Azərbaycan da daxildir) öz töhfəsini verir", - hesabatda qeyd olunub.("Report")

İrana hücumlarımız davam edir - Netanyahu

Prezident Tramp inanır ki, müharibənin məqsədlərinə çatmaq üçün İsrail və ABŞ ordusunun böyük nailiyyətlərindən istifadə etmək, həyati maraqlarımızı qoruyacaq bir razılaşma əldə etmək imkanı var. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Bununla paralel olaraq, həm İranda, həm də Livanda hücumlarımızı davam etdiririk. Raket proqramını və nüvə proqramını metodik şəkildə dağıdırıq və Hizbullaha sərt zərbələr endirməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik. Hər hansı bir razılaşmada həyati maraqlarımızı qoruyacağıq”, - Netanyahu bildirib.

Dövlət Departamenti: Bütün səfirliklər İrandan gələn potensial təhdidlərə hazır olmalıdırlar

ABŞ Dövlət Departamenti ölkənin bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini dərhal qiymətləndirməyi və ABŞ-İsrail hərbi əməliyyatı fonunda əlavə tədbirləri nəzərdən keçirməyi əmr edib. Sozcu.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadən məlumat yayıb. Qeyd olunub ki, müvafiq göstəriş "Yaxın Şərqdəki mövcud və inkişaf edən vəziyyət və onun mümkün nəticələri" ilə bağlıdır. Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio diplomatik nümayəndəliklərə potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün xüsusi qruplar yaratmaq tapşırığı verib. Son həftələrdə oxşar təlimatların yalnız Yaxın Şərqdəki Amerika diplomatik nümayəndəliklərinə göndərildiyi bildirilir. İndi isə bu əmr dünyanın bütün ABŞ səfirliklərinə şamil edilib. Nəşrin vurğuladığı kimi, bu, ilk dəfədir ki, dünya üzrə bütün Amerika diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verilib.

Orbanın Putindən bircə fərqi var: raket atmır!

Viktor Orbanın Vladimir Putinlə fərqi ondadır ki, o, Ukraynaya raket atmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Moskvaya qarşı bütün sanksiyaları bloklayıb, Macarıstandan silahların tranzitinə və Ukraynaya hərbi yardımın göstərilməsinə mane olub. O, pulu, silahları, AB-yə gedən yolumuzu, həyat yolumuzu bloklayır. Həmçinin Rusiyanın hekayələrini təbliğ edir. O, Rusiya liderinin tərəfindədir. Bu gün onun etmədiyi tək şey ərazilərimizə raketlər və ya dronlarla hücum etmək və əsgərlərini göndərməməkdir”, - Zelenski bildirib.

Tramp: İrana qarşı əməliyyatın nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərrini açıqlayıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə danışıb. "Düşünürəm ki, bu, birgə qərardır. Çox da vacib deyil. Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Tramp deyib.

"Bu vəziyyətdə əsl qalib kimdir?” - Tusk

Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın İran üzərində qələbə ilə bağlı bəyanatını şübhə altına alıb. Sozcu.az xəbər verir ki, Tusk bu barədə "X" hesabında paylaşım edib. O bildirib ki, Yaxın Şərqdə silahlı qarşıdurma davam edir və bölgədə xaos genişlənməkdədir. Tusk qeyd edib ki, bu vəziyyət fonunda neft qiymətləri yüksəlir. Polşa hökumətinin başçısı ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə tətbiq olunan sanksiyaların yumşaldıla biləcəyi barədə məlumatına da diqqət çəkib. “Neft qiymətləri artır. Vaşinqton Rusiya neftinə sanksiyaları aradan qaldıra bilər. Bu vəziyyətdə əsl qalib kimdir?” – deyə Tusk yazıb.

Tramp açıqladı: Ayətullah rejiminin devrilməsindən sonra...

İranda ayətullah rejiminin devrilməsindən sonra sıra Kubaya gələcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Kubada hakimiyyətin devrilməsində həlledici rol oynayacaq. O, həmçinin Venesuelanın yeni rəhbərliyinin bu prosesdə iştirakına işarə edib. "Venesuela fantastik iş görür. Onlarla münasibətlər gözəldir", - deyə o bildirib.

İran Azərbaycana niyə hücum edib? - Britaniyadan VACİB AÇIQLAMA

Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb. Britaniyalı politoloq Neil Uatson Naxçıvanın vurulmasını Modern.az-a şərh edib. Politoloq saytımıza açıqlamasında İranın Azərbaycanı qəsdən hədəf almağının ona qazanc gətirmədiyini bildirib: "Nəzərə almalıyıq ki, müharibənin ilk qurbanı həqiqətdir. Bunun İrandan, yoxsa ABŞ və müttəfiqlərinin Azərbaycanı öz tərəfinə çəkməyə çalışması olub-olmadığını dəqiq bilmirik, çünki Prezident Əliyev müharibəni və İran liderinin öldürülməsini pisləyib. İranın Azərbaycanı qəsdən hədəf almaqdan İsrail-Azərbaycan münasibətlərini və ya Trampın idarə etdiyi sülh danışıqlarını dəstəkləməməsi istisna olmaqla qazancı yoxdur. Müharibədə, həmişə olduğu kimi, hadisələrə üzdən yanaşmamalı və silahların insanların idarə etdiyi mexaniki əşyalar olduğunu və səhvlərin baş verə biləcəyini nəzərə almalıyıq". Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.