Nazirlik sel və daşqınlarla bağlı əhaliyə müraciət etdi

Ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlərin və həyətyanı sahələrin, kənd yollarının subasmaya məruz qalması barədə məlumat daxil olub. Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsi həyata keçirilib. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.

Blinken: “Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir”

“Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir və tərəflərin birbaşa dialoqunu Cənubi Qafqazda nizamlanmanın yeganə yolu hesab edir”. Bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib. Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının vacibliyini bildirən Blinken ABŞ-ın bu məsələdə yardım etməyə hazır olduğunu vurğulayıb.

ABŞ Tərtərdə mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

“ABŞ Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatdır”. Bu barədə Sozcu.az-a ABŞ-ın Azərbaycandakı Səfirliyindən bildirilib. “Aprelin 28-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən 3 nəfərin, o cümlədən mina partlayışları nəticəsində həlak olan və yaralanan digər azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz ANAMA ilə sıx əməkdaşlıq edirik və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatıq. Dövlət katibinin vurğuladığı kimi, ABŞ sülh danışıqlarının aparılmasına və bütün regionda sülhün təmin edilməsinə tərəfdardır”, - deyə səfirliyin sözçüsü bildirib.

Britaniya səfiri Tərtərdəki mina partlayışından yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində 3 nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib. Sozcu.az xəbər verir ki, səfir bu barədə Tvitter hesabında paylaşım edib. “Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına baş sağlığı verirəm”, - F.Auld yazıb.

Aprelin 2-də keçirilən imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən 2 aprel 2023-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib. Bu barədə DİM-dən xəbər verilib. İmtahanlar aşağıdakılardır: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı; 3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı; 4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı; 5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; 6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində DİM-ə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı. 1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən //eservices.dim.gov.az/2023/netbak1/?frm=egov öyrənə bilərlər. 4, 5, 6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahan nəticələrini öyrənmək üçün bu keçiddən //eservices.dim.gov.az/2023/netorta/?frm=egov istifadə etməlidirlər. Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu imtahanlarında iştirakı nəzərdə tutulan 27 896 nəfərdən 2 079 nəfər imtahana gəlməyib. 19 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 may 2023-cü il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 1 may saat 10:00-dan 3 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Ombudsman Ermənistanla bağlı etiraz bəyanatı yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz bəyanatı yayıb. Ombudsman Aparatından Sozcu.az-a verilən xəbərə görə, bəyanatda deyilir: "25 aprel 2023-cü il tarixində Ermənistanda nifrət və terror siyasətinin dövlət səviyyəsində dəstəklənməsini təsdiqləyən növbəti hal baş verib. XX əsrin əvvəllərində ermənilər tərəfindən hazırlanaraq icra edilmiş, qisas mənası daşıyan “Nemezis” termini ilə adlandırılan terror əməliyyatının “qəhrəmanlarının şərəfinə” Ermənistanın paytaxtında dövlət rəsmilərinin iştirakı ilə təntənəli surətdə abidə açılması bunun aşkar sübutu oldu. Azərbaycan və türk diplomatlarının, dövlət xadimlərinin amansız qətlini təşkil etmiş həmin gizli terror əməliyyatının təşkilatçıları və icraçılarının adlarının bu formada əbədiləşdirilməsi Ermənistanda terrorun dövlət siyasətinə çevrildiyini bir daha göstərmiş oldu. Məlumdur ki, beynəlxalq səviyyədə hüquqpozma hallarının təkrarlanmasının qarşısının alınması və etimadın bərpası məqsədilə dövlətlər tərəfindən keçmiş yanlışların etiraf edilməsi təcrübəsi geniş təbliğ olunur. Ermənistan tərəfi isə bunun əksinə olaraq, barışığın əldə edilməsinə zidd addımlar ataraq, bölgədə gərginliyi artırmağa davam edir. Eləcə də ümumtanınmış normalara əsasən, törədilən əməllərin cinayət olmasına ədalət mühakiməsi yolu ilə qərar verilməli, təqsirkarlar müəyyən edildikdə isə qanun çərçivəsində cəzalandırılmalıdır, lakin Ermənistanda terror əməliyyatı ilə əlaqədar abidə ucaldılması insanların hər hansı əsas olmadan terror qurbanına çevrilməsinin təbliğatına xidmət edir. Xatırladaq ki, bundan öncə də Ermənistanda nasizm tərəfdarı olmuş, erməni irqinin üstünlüyü və türk etnik mənsubiyyətinə nifrət ideologiyasının banisi Qaregin Njdenin xatirəsinə ehtiram olaraq abidə ucaldılmış, tərəfimizdən bu hala da etiraz bildirilmişdir. Təəssüf ki, Ermənistanda uzun illərdir həyata keçirilən dövlət səviyyəli etnik nifrət təbliğatının ağır nəticələri özünü son günlər daha aşkar göstərir: əsir götürülmüş azərbaycanlı əsgərə qarşı qeyri-insani rəftar göstərilməsi və bu halın sosial şəbəkələrdə açıq şəkildə yayımlanması, ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında Azərbaycan Dövlət Bayrağına qarşı təxribat, İrəvanda keçirilmiş aksiyada Azərbaycan və Türkiyə bayraqlarının birgə yandırılması, İrəvanda Ermənistan-Türkiyə futbol yığmalarının qarşılaşmasında erməni azarkeşlərin yuxarıda adıçəkilən “Nemezis” terror əməliyyatını təbliğ edən şüarlar qaldırması və s. Bütün bunlar Ermənistanın hakim dairələrinin sülh qurucuğunda deyil, sülhün pozulmasında daha çox maraqlı olmasını göstərir. Onilliklərdir Azərbaycana qarşı nifrət cinayətlərini davam etdirən Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində basdırdığı minaların dəqiq xəritələrini ölkəmizə verməkdən yayınmaqla 10 noyabr 2020-ci il tarixindən bugünədək 300-ə yaxın insanın mina terrorunun qurbanına çevrilməsinə səbəb olmuşdur. Ötən gün vətəndaş cəmiyyəti nümayəndəsi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsünün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşməsi nəticəsində ayağının amputasiya olunması da növbəti belə fakt oldu. İnsanların yaşamaq və sağlamlığın qorunması hüquqlarına etinasız yanaşmanın əyani göstəricisi olan bu kimi hallara qarşı dünya ictimaiyyəti tərəfindən qəti münasibət bildirilməməsi, bununla da Azərbaycana qarşı çoxsaylı terror əməlləri törətmiş Ermənistanın beynəlxalq hüquqa zidd olan növbəti təxribatlar törətmək üçün ruhlanması bizdə ciddi narahatlıq doğurur. Azərbaycan Ombudsmanı olaraq, bir daha beynəlxalq ictimaiyyətə müraciət edir, insan hüquqlarının təmini kimi ali məqsədi rəhbər tutaraq Ermənistanın bölgədə və ümumilikdə beynəlxalq miqyasda mənfi təcrübə yaranmasına səbəb olan, cəzasızlıqla müşayiət olunan nifrət motivli əməllərinə münasibətdə sərt mövqe sərgiləməyə çağırıram".

Qarabağa göndərilən general dinc azərbaycanlıları qətlə yetirib - İDDİA

Qarabağdakı rus sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsov dinc azərbaycanlıları qətlə yetirib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, bu iddia ilə "AZfront" Teleqram kanalı çıxış edib. Lentsovun Çeçenistan, Suriya, Cənubi Osetiya və Ukraynada döyüş əməliyyatlarında iştirakı ilə tanındığını xatırladan kanal Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytına istinadla yazır: “Aleksandr Lentsov 1989-cu ildə M.V.Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Hərbi Hava Qüvvələrində alay qərargah rəisi, alay komandiri, müavini və bölmə komandiri vəzifələrində xidmət edib. 1990-cı ildə Lentsov SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib". "AZfront" daha sonra qeyd edir ki, Bakıdakı qırğının qisası gec də olsa, alınıb: "Rusiya xüsusi təyinatlılarının elit briqadası Ukraynada demək olar ki, tamamilə məhv edilib".

ABŞ-dan Laçındakı nəzarət-buraxılış məntəqəsi ilə bağlı daha bir açıqlama

“Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri ABŞ Dövlət Departamentinin Baş katibinin çox yüksək qiymətləndirdiyi və çox önəm verdiyi bir məsələdir. Həftə sonu gördüyünüz kimi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması bizi çox narahat edir”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel aprelin 25-də keçirdiyi brifinqdə deyib. “Açığını deyim ki, bu, sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır və biz Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişinin və ticarətin olmasının tərəfdarıyıq. Lakin baş məsləhətçi Bono, katibin köməkçisi Hoqan, katib - biz bununla dərindən məşğul olmağa davam edəcəyik”, - V.Patel əlavə edib. Qeyd edək ki, Dövlət Departamentinin Mətbuat xidməti daha əvvəl yaydığı bəyanatda ABŞ-ın Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahat olduğu bildirilib.

Şarl Mişel Paşinyana Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsi haqda nə dedi?..

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu haqda "Aykakan Jamanak" nəşri  erməni baş nazirin aparatına istinadla məlumat yayıb. "Söhbət zamanı Regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar onun Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və Dağlıq Qarabağın tamamilə boşaldılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası istiqamətində fəal addımlar atmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri vurğulayıblar"- xəbərdə belə deyilir. Bəs  Avropa İttifaqı rəhbəri Azərbaycanın öz dövlət sərhədində sərhəd-buraxılış  məntəqəsi qurmasına necə münasibət bildirib? Bu haqda Ermənistan baş naziri aparatının yaydığı məlumatda heç nə deyilməyib..

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu yenidən hakim qarşısına çıxır

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən, 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 27-nə təyin edilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə həbs cəzası verilib. İttihama görə, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb. Belə ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Z.Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirhadı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib. Qeyd edək ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.

İnquşetiya müstəqillik istəyir - Ordu yaradıldı

İnquşetiyanın Rusiya işğalından azad edilməsi və müstəqilliyi üçün İnquş Qurtuluş Ordusunun yarandığı elan edilib.  Sozcu.az xəbər verir ki, İnquş Müstəqillik Komitəsi yeni silahlı qruplaşmanın gerb və bayrağını da təqdim edib. İnquş Qurtuluş Ordusunun bəyanatına görə, Kreml elitləri və rus mafiyası inquş xalqına qarşı zülmlər edir, soyqırımlar törədir, bu səbəbdən inquş xalqı öz müqəddəratını özü təyin etməli və müstəqil olmalıdır.

NATO-nun mobil təlim qrupu Azərbaycana gəldi

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub. Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib. Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.