Tezliklə razılığa gəlib, sülh sazişi imzalayacağıq

Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş ətrafında intensiv danışıqlar gedir və biz ümid edirik ki, mətnlə bağlı tezliklə razılığa gəlib, imzalayacağıq. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü – 29.8 kv.km və 86.6 kv.km qeyd-şərtsiz tanımalı olduğu formulasına meyillənir. Müvafiq olaraq, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Biz bu məntiqlə razıyıq və bu məntiqlə danışıqlar aparırıq, Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq. Eyni zamanda, mən əminəm ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür. Bu, asan proses deyil, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur”, - Paşinyan bildirib.

Qarabağda silah daşınması: təhlükə realdır - Ekspert

Baş verənlər Qarabağ ərazisində rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındadır. Aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra DSX prosesə nəzarət edir. Əvvəllər hər maşın üçün Ermənistan və separatçılardan pul alan rus sülhməramlılar indi gəlir yerləri bağlandığı üçün “daşıma”ları daxildə yerinə yetirirlər. Bu sözləri Axar.az-a Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində separatçıların qanunsuz daşımalarını himayə etməsi və bilavasitə iştirakı haqqında danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında separatçıların öz “post”ları arasında yerdəyişmələri məqsədli apardığını, təhlükənin real olduğunu vurğulayıb: “Baxın, Rusiya MN az qala hər gün atəşkəs rejiminin pozulması ilə bağlı məlumat yayır. Ancaq biz bir dəfə də olsun, Ermənistan və separatçıların törətdiyi təxribatlar haqqında Rusiya MN-nin məlumat yaydığını görmədik. Özləri isə separatçıların postları arasında silah və hərbi texnikanın daşınmasına göz yumur və onları “təhlükə”lərdən qoruyurlar. Çünki münaqişənin bitməsini istəmirlər. Aparılan yerdəyişmələr əlbəttə ki, bilərəkdən və məqsədli şəkildə edilir. Yəni separatçılar hücuma keçmək, yaxud baş verə biləcək hücumların qarşısını almaq üçün onlar üçün önəmli olan mövqeləri möhkəmləndirirlər. Təhlükə realdır. Nə qədər ki, ərazimizdə Ermənistan ordusunun qalıqları və separatçı terror dəstələri var, bu təhlükə davam edəcək. Doğrudur, müzakirələr davam edir, ancaq qətiyyən arxayınlaşmaq olmaz. Qarabağda on minə yaxın başıpozuq silahlı dəstə, əllərində isə artilleriya qurğuları, minaatanlar, pulemyot və s. var. Hansısa separatçı postları arasında topların, eyni zamanda digər texnikanın yerdəyişməsinin əsas məqsədlərindən biri Ordumuzun mövqelərini daim atəş nəzarətində saxlamaq və onlar üçün təhlükə yaratmaqdır. Bəs əgər Rusiya sülh istəyirsə, bunlara niyə yol verir? Əslində 10 noyabr bəyanatının dördüncü maddəsinin hələ də yerinə yetirilməməsi rus sülhməramlılar üçün utanc olmalıdır. Çünki dövlətlərin imzaladığı sazişlərə, razılaşma və bəyanatlara əməl etməsi onların ciddiliyinin və nüfuzunun əsas göstəricilərindəndir”.

Qriqoryan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rusiyalı həmkarı Nikolay Patruşevin dəvəti ilə Moskvaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, mayın 23-dən 25-dək Rusiyada təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 11-ci beynəlxalq toplantısı keçiriləcək. Xatırladaq ki, mayın 25-də Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşü də gözlənilir.

Bakıda ruhi xəstə itkin düşüb

Bakıda ruhi xəstə kişi itkin düşüb. Sozcu.az xəbər verir ki, Novikov Yulian Denisoviç Pirallahı RPİ-nə ərizə ilə müraciət edərək onunla bir ünvanda yaşayan əmisi, ruhi əsəb xəstəsi, 1976-cı il təvəllüdlü Novikov Vladimir Lvoviçin mayın 15-də saat 06:00 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmadığını, itkin düşdüyünü bildirib. Faktla bağlı araşdırma aparılır.

Elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edildi

Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişiklik edib. Elektron nəzarət vasitələri tətbiq edilən məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslər üzərində nəzarətin daha effektiv həyata keçirilməsinin təmin olunması, habelə bu sahədə səmərəliliyin artırılması məqsədilə “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda dəyişikliklər edilib. Edilən dəyişikliklərə əsasən elektron nəzarət vasitələrinin tətbiq edildiyi şəxslər tərəfindən elektron qolbağın açılması və ərazi məhdudiyyətinin pozulması halı mövcud olduqda monitorinq mərkəzinin dispetçeri tərəfindən bu hallarla bağlı dərhal məsul icra məmuruna və ya polis orqanının vəzifəli şəxsinə məlumat vermə tələbi müəyyən edilib. Eyni zamanda, elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması (elektron qolbağın müvəqqəti açılması və s.) halları genişləndirilib. Yeni hallar aşağıdakılardır: - barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildikdə; - barəsində həbs növündə qətimkan tədbiri seçildikdə; - nəzarət subyektinə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisəsinə və ya psixi pozuntusu ilə əlaqədar psixiatriya stasionarına yerləşdirildikdə.

"Space TV"-nin yayımı dayandırılacaq - QƏRAR

18 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının videoformatda iclası keçirilmişdir. İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, "Space TV" televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunmuşdur. Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan "Digital Media" MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınmışdır. Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanmışdır. Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs vermişlər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaqdır. Azərbaycan Respublikası Audiovizual Şurası bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.

Müəllimlərin sertifikatlaşdırılması imtahanının tarixi...

İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlrəinə görə, həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.

Mətbuat Şurası: "Sərlövhələrlə manipulyasiya yolverilməzdir"

“Dünən bəzi xəbər saytlarında "Cavanşir Məmmədov toyda çıxış edərkən qəfil öldü" başlığı ilə xəbər yayımlanıb. Oxucular isə ilk baxışdan söhbətin müğənni Cavanşir Məmmədovdan getdiyini düşünüb". Sozcu.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb. Bildirilib ki, bu da haqlı olaraq müğənni və onun yaxınları tərəfindən narahatlıq və narazılıqla qarşılanıb. "Əslində isə xəbərdə söhbət Biləsuvar rayon Nərimankənd kənd sakini, 1962-ci il təvəllüdlü Cavanşir Məmmədov adlı şəxsdən gedir. Mərhuma Allahdan rəhmət diləyirik.  Bunu deməyi vacib hesab edirik ki, belə yanıldıcı və manipulyativ başlıqlarla oxucunu aldatmaq cəhdləri uğursuz manevrdir. Çünki xəbərin sərlövhəsinə aldanan oxucuda həmin başlığı yayan sayta və ümumilikdə mətbuata inamsızlıq yaranır. Təəssüf ki, bu cür hallar peşəkar jurnalistikaya ciddi zərbə vurur. Yaxşı olar ki, bu cür yanıldıcı başlıqlarla xəbər yayan mətbuat orqanları İP qazanmaq üçün belə ucuz, qeyri-peşəkar yollara əl atmasın və oxucuları daha ciddi xəbərlər, gərəkli araşdırmalar, reportajlarla cəlb etməyə çalışsın", - şuranın məlumatında qeyd olunub.

Bu dövlət qurumu ləğv edildi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Nazirlər Kabinetinin 15 may tarixli 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Bir sıra publik hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş, ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın aparılması barədə” qərarı ləğv edilib.

Həbsdə olan sabiq icra başçısı kassasiya şikayətini geri götürüb

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şikayətini geri götürüb. Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq "Audi" markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Xatırladaq ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib. M.Quliyev 2011-ci ildən 2020-ci ilə qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Türkiyədə seçkilər ikinci tura qaldı

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Əhməd Yenər deyib. “Ölkə daxilində seçki qutularının 100 faizi açılıb. Son nəticələrə əsasən, Rəcəb Tayyib Ərdoğan 49.51, Kamal Kılıçdaroğlu 44.88, Sinan Oğan isə 5.14 faiz səs toplayıb. 28 may bazar günü ikinci turun keçirilməsinə qərar verilib”, - Əhməd Yener bildirib.

Avropa Şurasının liderləri TOPLAŞIR

Mayın 16-17-də Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Şuranın saytında məlumat yayılıb. Bildirilir ki, toplantı İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq. Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə görüşüdür. Toplantıda əsasən Ukraynadakı müharibə müzakirə olunacaq. İclasda, həmçinin ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqları problemlərinin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir. İclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək.