Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir. Sozcu.az xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, o cümlədən BMT sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.

"Soyqırımı" prioritetlərimiz arasında deyil - PAŞİNYAN

Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil. Sozcu.az xəbər verir ki, bunu  Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib. O qeyd edib ki, qondarma "soyqırımı"nın  beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb. Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".

Mənim birinci dilim rus dilidir - Ayaz Salayev

Yeni tariximizdə rus dilinin yeri şübhəsizdir. Sozcu.az-ın məlumatına görə, bunu kinorejissor və kinoşünas Ayaz Salayev "kulis.az" saytına müsahibəsində deyib. O qeyd edib ki, öz dilindən əlavə başqa bir dili Ana dili səviyyəsində bilən adam daha çox inkişaf eləyir: "Bu, türk dilinə aid deyil. Çünki bizim dil türk dili ilə çox oxşardır. İkinci dil bilməyən cərraha özünüzü, doğmanızı əmanət eləyərsiniz? Azərbaycan dili müəlliminin ikinci dil bilməməyini qəbul etmək olar? Yox, heç vaxt! Məni təhqir eləyənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlətmək istəyənlərdir. Mənim birinci dilim rus dilidir. Elə olmasaydı, Moskvaya gedib yaxşı oxuya bilməzdim. Mən onlarla bir səviyyədə idim, hətta bəzi məsələlərdə onları keçmişdim. Mən aldığım təhsili özümdə saxlamadım, mədəniyyətimiz yolunda xərclədim. Onlar heç öz dillərini düz-əməlli bilmirlər".

Almaniya ABŞ-dən qırıcı təyyarələrin alınmasından imtina edə bilər

Almaniya ABŞ-dən 35 ədəd F-35A qırıcı təyyarəsinin alınması barədə müqaviləni ləğv edə bilər. “Report” “Bild”ə istinadən xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger bildirib. O, Vaşinqton, Kiyevə verilmiş HIMARS reaktiv yaylım atəş sistemlərinin buraxıcı qurğularında olduğu kimi, qırıcı təyyarələrdə də məsafədən idarə olunan “qəza söndürücüsü” quraşdırarsa, ABŞ-dən qırıcı təyyarələrin alınmasından imtina edilə biləcəyini açıqlayıb. “Əgər ABŞ-nin gələcək alman F-35-ləri ilə də Ukrayna ilə davrandığı kimi davranacağından ehtiyat etməli olsaq, müqavilənin ləğv edilməsini nəzərdən keçirə bilərik”, – o qeyd edib.

Aİ-nin Ukraynaya yardımının artırılmasını Macarıstandan başqa bütün ölkələr təsdiqləyib

Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının artırılması və Aİ-nin hərbləşdirilməsi planı birliyin 27 ölkəsindən 26-sı tərəfindən bəyənilib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Brüsseldə keçirilən fövqəladə təhlükəsizlik sammiti çərçivəsində avropalı mənbə bildirib. "Ukraynaya yardım və Aİ-nin yenidən silahlanma planı İttifaqın 27 ölkəsindən 26-sı tərəfindən dəstəkləndi", -diplomat deyib. O, Macarıstanın hələlik bitərəf qaldığını qeyd edib. Diplomat vurğulayıb ki, sammitdə müzakirələr hələ davam edir.

Uolts: ABŞ Ukrayna ilə münasibətlərin bütün aspektlərini yenidən nəzərdən keçirir

ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini yenidən dəyərləndirir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ağ evdə jurnalistlərə bildirib. “Biz bir addım geri çəkildik və ara verdik və bu münasibətlərin bütün aspektlərini yenidən gözdən keçiririk”, – o, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala cavab verərkən qeyd edib. Bununla yanaşı, Uolts ukraynalı həmkarı ilə daha öncə telefonla danışdığını və münaqişənin həlli ilə bağlı danışıqların keçiriləcəyi mümkün platforma və bu danışıqlardakı nümayəndə heyətlərinin tərkibi barədə müzakirə apardığını vurğulayıb: “Növbəti danışıqlar turunun yeri, nümayəndə heyətləri və danışıqların məzmunu ilə bağlı yaxşı müzakirələr aparırıq”. O, son bir sutkada bu sahədəki hadisələrin inkişafından nikbin olduğunu deyib: “Düşünürəm ki, çox yaxında hərəkətlilik görəcəyik”.

ABŞ və Ukrayna qazıntılar üzrə müqavilənin imzalanması imkanını müzakirə edir

ABŞ Ukrayna ilə faydalı qazıntılara dair razılaşmaların bağlanması imkanını müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib. “Bu danışıqlar hazırda aparılır”, – Livitt ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin müqavilə bağlamağa hazır olduğunu bildirən məktubunu aldıqdan sonra müqavilənin hansı müddətdə imzalana biləcəyi ilə bağlı suala cavab verib. “Mən bu yaxınlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu gördüm. O bu məsələ üzərində ciddi çalışır”, – o vurğulayıb və əlavə edib ki, Uolts çərşənbə günü Trampa danışıqların hansı mərhələdə olduğu barədə məlumat verməyi planlaşdırır. Livitt qeyd edib ki, Tramp Rusiya – Ukrayna münaqişəsinə son qoymağa sadiqdir. Onun fikrincə, Volodimir Zelenskinin sosial şəbəkədə paylaşdığı ismarış doğru istiqamətdə müsbət siqnaldır.

Paşinyandan Tramp-Zelenski davasına REAKSİYA

Ermənistanın baş naziri Nokol Paşinyan Vaşinqtonda keçirilən və qalmaqalla yekunlaşan Tramp- Zelenski görüşü barədə danışmaq istəməyib. Sozcu.az xəbər verir ki, erməni jurnalistlər baş nazirdən hadisə ilə bağlı fikirlərini bölüşməyi istəyiblər. Nikol Paşinyan bu haqda danışmaq istəməyərək, “məsələ bizlik deyil” söyləməklə kifayətlənib.

Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə apardı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Qvi-Yop Son X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Makron Ukrayna ilə bağlı Paris – London planının təfərrüatlarını açıqlayıb

Fransa Prezidenti Emmanuel Makron “Le Figaro” nəşrinə müsahibəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə Ukraynaya dair planın detallarını açıqlayıb. Sozcu.az - ın məlumatına görə, o, ABŞ və Rusiyanın razılaşa biləcəyi atəşkəsə inanmadığını qeyd edib, çünki tam atəşkəs şərtlərinə əməl olunmasına nəzarət etmək çətin olacaq. Makron və Starmer “havada, dənizdə və enerji infrastrukturunda atəşkəs” təklif ediblər ki, bu da bir aylıq atəşkəs demək olacaq. İkinci mərhələdə sülhməramlılar Ukraynaya gətiriləcək. “Yaxın həftələrdə Ukrayna ərazisində Avropa qoşunları olmayacaq. Məsələ danışıqlara bir neçə həftə çəkəcək əlçatan atəşkəsə nail olmaq üçün bu vaxtdan necə istifadə etməkdir və sülh imzalandıqdan sonra qüvvələrin yeridilməsi davam edəcək”, – Fransa lideri vurğulayıb. O həmçinin ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında “eskalasiyaya” əmin olduğunu bildirib. Siyasətçi deyib ki, o, amerikalı həmkarı ilə cümə və şənbə günləri danışıb və yaxın günlərdə “biz dialoqu bərpa edə biləcəyik”.report)

Starmer Tramp ilə telefon danışığında Ukraynaya “sarsılmaz dəstəyini” ifadə edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə telefon danışığı aparıb. Sozcu.az BBC-nin Rus xidmətinə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb. “Bu axşam (fevralın 28-də – red.) Baş nazir həm Prezident Tramp, həm də Prezident Zelenski ilə danışıb. O, Ukraynaya sarsılmaz dəstəyini davam etdirir və Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında dayanıqlı sülh yolu tapmaq üçün əlindən gələni edir”, – Dauninq-stritdən bildirilib. Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib. Ukrayna Prezidenti amerikalı həmkarını Rusiya tərəfi ilə kompromisə getməməyə çağırıb. Buna cavab olaraq Tramp bildirib ki, Ukrayna “çətin vəziyyətdədir” və onun “güclü kartları yoxdur”. Söhbətə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də müdaxilə edərək soruşub: “Siz heç olmasa bir dəfə “sağ ol” dedinizmi?”. Tramp ukraynalı əsgərlərin inanılmaz şücaət nümayiş etdirdiyini qeyd etsə də, ABŞ-nin döyüşləri dayandırmaq və vəsaitləri “digər məqsədlərə, məsələn, bərpa işlərinə” yönəltmək istədiyini vurğulayıb. Daha sonra ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək Zelenskinin “sülhə hazır olmadığını” yazıb. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.

Dünya liderləri Oval ofisdəki mübahisəyə münasibət bildirirlər

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən mübahisəyə müxtəlif ölkələrin rəhbərləri münasibət bildiriblər. Makron: Hücuma məruz qalan xalq var, o da Ukraynadır “Təcavüzkar olan Rusiya və hücuma məruz qalan xalq var, o da Ukraynadır. Biz üç il əvvəl Ukraynaya kömək etməkdə, həmçinin, Rusiyaya sanksiya qoymaqda və bunu davam etdirməkdə haqlı idik". Bunu Fransa Prezidenti Emmanuel Makron “BFMTV” telekanalına açıqlamasında deyib. "Biz kömək edənlərin hamısına təşəkkür etməliyik və əvvəldən mübarizə aparanlara hörmət etməliyik". Berbok: Ukrayna Almaniyanı dəstəyinə arxalana bilər "Ukrayna tək deyil. Almaniya Avropadakı müttəfiqlərimizlə birlikdə Ukraynanın yanındadır və Rusiyanın təcavüzünə qarşıdır". Bunu isə Almaniyanın xarici işlər naziri Annalena Berbok X sosial şəbəkəsindəki hesabında yazıb. “Ukrayna Almaniyanın, Avropanın və digər ölkələrin sarsılmaz dəstəyinə arxalana bilər”, Tusk: "Siz tək deyilsiniz" Polşanın Baş naziri Donald Tusk isə X hesabında bunları yazıb: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”. "Ukrayna, İspaniya səninlədir” İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib: "Ukrayna, İspaniya səninlədir” AK Prezidenti: Siz heç vaxt tək olmayacaqsınız, Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə belə yazıb: "Sizin ləyaqətiniz Ukrayna xalqının şücaətinə şöhrət qazandırır. Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək olmayacaqsınız, əziz Prezident Zelenski. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik". Bu, Rusiya rəsmilərindən Oval ofisdəki mübahisəyə verilən ilk reaksiya olub. Trüdo: Kanada Ukraynanı dəstəkləyir Kanadanın Baş naziri Castin Trüdo isə qeyd edib ki, ukraynalılar üç ildir cəsarət və dözümlülüklə mübarizə aparırlar: "Onların demokratiya, azadlıq və suverenlik uğrundakı mübarizəsi bizim hamımız üçün əhəmiyyətlidir. Kanada, Ukraynanın və ukraynalıların ədalətli və daimi sülhə nail olmaq üçün yanında olmağa davam edəcək". Aİ: Ukrayna Avropadır, biz Ukraynanın yanındayıq. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə Ukraynaya dəstəyin artırılacağını yazıb. "Biz Ukraynaya dəstəyimizi artıracağıq ki, onlar işğalçıya qarşı mübarizəni davam etdirə bilsinlər. Bu gün aydın oldu ki, azad dünyanın yeni bir liderə ehtiyacı var. Bu vəzifə biz avropalıların üzərinə düşür".