Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,12 dollara, yüngül neftin bir barreli isə 80,70 dollara təklif edilir.

Tikinti ilə bağlı daha bir yenilik: 6 ay müddətində...

Tikinti işlərinin dayandırılmasına əsas verən hallar dəqiqləşdirilir, pozuntuların aradan qaldırılması üçün verilən müddət 1 ildən 6 aya endirilir. Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, . tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Layihəyə əsasən, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün müəyyən olunmuş əsas olmadan tikildikdə və bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda da müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edəcək. Hazırda müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Layihəyə əsasən, artıq ən geci 1 il deyil, 6 ay müddətində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət nazir Peter Siyarto Tbilisidə keçirilən Yaşıl Enerji Dəhlizi Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycanla təbii qazın idxalı ilə bağlı - bu il üçün təxminən yüz milyon kubmetr həcmində qaz - siyasi razılıq əldə olunub. "Lakin sonradan bu, uzunmüddətli perspektivdə müqavilə çərçivəsində bu, hər il iki milyard kubmetrə qədər arta bilər", - nazir əlavə edib.

"Bakı Fond Birjası"nın dövriyyəsi 35 % azalıb

Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 milyard 292,563 milyon manat təşkil edib. Sozcu.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,4 % azdır. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,4 % azalaraq 2 681 olub. BFB-nin dövriyyəsinin 31,7 %-i və yaxud 1 milyard 44,899 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,8 % və yaxud 2,6 dəfə azdır. Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 29,6 % artaraq 290,782 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 8,5 % azalaraq 1 milyard 956,882 milyon manat olub.

Yanlış reklam siyasətinin iqtisadiyyata vurduğu ZƏRBƏ – “ADRA-nın səhv qərarları...”

Reklam iqtisadiyyatın lokomotividir. Əgər bu gün iqtisadiyyatımızın inkişafına mane olan faktoları araşdırsaq, səbəblərdən birinin reklam siyasətinin düzgün qurulmaması olduğunu görə bilərik. Paytaxtımızdakı açıq hava reklamlarına diqqət yetirsək, görərik ki, yerli istehsal olan məhsulların reklamlarına çox az rast gəlinir. Üstəlik, reklam üçün müəyyən edilmiş qiymətlərdə yerli istehsalçılarla əcnəbi şirkətlərə fərq qoyulmaması xeyli sual doğurur. Bu da təbii ki, yerli istehsalın inkişafına əngəl törədir. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.  Deputat Bizim.Media-ya açıqlamasında “Reklam haqqında” qanuna bir çox dəyişikliklərin edildiyini bildirib: “Amma çox təssüf ki, bugünkü reallıqlar şəraitində “Reklam haqqında” qanuna tam əməl edilmir. Bu sahədə problemlər kifayət qədər çoxdur. Reklam hərəkətverici qüvvədir. Ölkəmizin sənaye potensialının güclü reklam edilməsi lazımdır. Amma biz daha çox əcnəbi şirkətlərin reklamını görürük. Halbuki, yerli sahibkarlara ADRA daha çox yer ayırmalı, onlara qiymətdə güzəştlər etməlidir. Ən pisi də odur ki, bu qurumdan büdcəyə gələn gəlir çox cüzidir. Bu barədə dəqiq məlumatı Vergi Xidməti bilir. Əslində isə reklamdan Azərbaycana yüz milyonlarla gəlir gəlməlidir. Amma hanı? Çünki, gəlirlər şəxsi ciblərə gedir. Bu gün reklam idarəçiliyində dəyişikliyə çox böyük ehtiyac var. ADRA ilk növbədə yerli şirkətlərlə müqavilələr bağlamalı və onlara qiymətlərdə güzəştlər etməlidir. Yalnız bundan sonra xarici şirkətlərə yer vermək lazımdır. Reklam iqtisadiyyata xidmət edən sahədir. Lakin Azərbaycan iqtisadiyyatı bu xidmətdən məhrumdur”.  Azərbaycan Reklamçılar İttifaqının sədri Etibar Əbdülqasımov ADRA-nın yarandığı dövrdə qurumdan gözləntilərin çox böyük olduğunu bildirib: “Lakin, sonradan bu ümidlər puç oldu. Yeni qurum tərəfindən reklam strategiyası düzgün qurulmadı. ADRA-nın yarandığı andan etibarən apardığı yanlış siyasət reklam sənayesində çalışan yüzlərlə insanı işsiz qoydu. Üstəlik, reklamın dövriyyəsi xeyli kiçildi. Açıq məkanda reklam yayan yerli şirkətlər birtərəfli qaydada sıxışdırıldı. Bütün reklam bazarı bir neçə şirkət arasında bölüşdürüldü. Beləcə, açıq məkanda reklamların sayı çoxalsa da, ADRA tərəfindən toplanan vəsaitin həcmi ilbəil azaldı”. Etibar Əbdülqasımov onu da qeyd edib ki, ADRA yarananda Azərbaycanda reklam bazarının illik dövriyyəsi 30-35 milyon manat civarında idi: “Bu gedişlə 2023-cü ildə açıq məkanlardakı reklamların dövriyyəsi 40 milyona çatmalı idi. Amma bu artımı biz görmürük. ADRA-nın illik dövriyəsi bir neçə milyonla “məhdudlaşır”. Bu da ciddi suallar doğurur”. Reklam üzrə ekspert Cahid Həsənov isə daha bir məsələyə diqqət çəkib: “ADRA qəribə siyasət yürüdür. Məsələn, bu gün regionlarımızda fəaliyyət göstərən yerli zavod və fabriklərə təklif olunan reklam yerinin qiyməti dünya brendlərinə təklif olunan qiymətlərlə eynidir. Bu yarıtmaz qiymət siyasəti nəticəsində regiondakı şirkətlər nəinki xaricə, heç Bakı bazarına nüfuz edə bilmir. Əminliklə deyə bilərik ki, bu disbalans aradan qalxsa, regiondakı sahibkarlar asanlıqla Bakı bazarına girə bilərlər. Üstəlik, istehsal etdikləri əmtəələrini 10-15 dəfə artırarlar. Çox təəssüf ki, məntiqsiz qiymət qaydalarına görə regionlarda istehsal olunan məhsullarımız hələ heç öz rayonlarında belə özlərini tanıda bilmirlər”. Ekspert məsələ ilə bağlı hansı addımların atılmalı olduğunu da qeyd edib: “Bütün bu mənfiliklərin aradan qaldırılması üçün ADRA peşəkar reklamçılarla və yerli sahibkarlarla iş aparmalı, 30 illik iş təcrübəsinə malik ARİ (Azərbaycan Reklamçılar İttifaqı) ilə sıx əlaqə yaratmalıdır. Bakı şəhərinin mərkəzi yerlərində "Region reklamları” lövhələrinin qoyulması lazımdır. Və bu lövhələrdə region sahibkarlarının məhsulları nümayiş etdirilsin”. Səsləndirilən fikirlərlə bağlı ADRA-nın da mövqeyini öyrənmək istədik. Qurumdan məsələ ilə bağlı ən qısa zamanda ətraflı məlumat veriləcəyi bildirilib. Məsələni diqqətdə saxlayacağıq.

Neftin qiyməti 85 dolları keçdi

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 85,31 dollara, yüngül neftin bir barreli isə 80,80 dollara təklif edilir.

Azərbaycanda siqaret BAHALAŞDI

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.  Bahalaşma 10-20 qəpik səviyyəsində olub.  Belə ki, 4 manata qədər olan siqaretlərin qiymətində 0.10, daha baha olanlarda isə 0.20 manat bahalaşma olub.  Qeyd edək ki, səhər saatlarında siqaretlər artıq yeni qiymətlərlə satışa çıxarılıb. 

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 79,08 dollara, yüngül neftin bir barreli isə 74,32 dollara təklif edilir.

Azərbaycanda dollar qıtlığı yarana bilərmi? – VİDEO

Son vaxtlar ölkəmizdə dollar tələb artıb. Artım Mərkəzi Bankın təşkil etdiyi sonuncu hərracda da müşahidə edilib. Sozcu.az Xəzər TV-yə xəbər verir ki, xarici valyuta tələbi 96, 3 milyon dollar olub. Bu əvvəlki hərracdan 48,4 milyon dollar çoxdur. Millət vəkili Vüqar Bayramov deyir ki , Mərkəzi Bankın təşkil ediyi sonuncu hərracda xarici valyuta tələbi 96.3 milyon dollar olub. Onun sözlərinə görə əvvəlki hərracda sifarişin həcmi 47.9 milyon dollar təşkil edib. O, hesab edir ki, dollara tələbin optimallaşdırılması üçün Mərkəzi Bank tərəfindən yaxın günlərdə yenidən hərracın təşkil edilməsi vacibdir. Bəs bu artım tendensiyası manat üçün risk yaradırmı? Vüqar Bayramov əlavə edib ki, idxal həcmi və xarici səfərlərin intensivliyini nəzərə aldıqda yaz aylarında dollara tələbin kəskin azalacağı gözlənilmir.

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib. AMB-dən Sozcu.az-a verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb. "Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.

Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq. Bu barədə AMB məlumat yayıb. Xatırladaq ki, fevralın 1-dən Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,25 %-dən 6,75 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,25 %-dən 9,5 %-ə çatdırılıb.

Britaniya şirkəti "Qaradağ"dakı mis ehtiyatının həcmini açıqlayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Gədəbəydə yerləşən Qaradağ yatağının mis ehtiyatının 300 min ton olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bunu "Anglo-Asian Mining"in vitse-prezidenti Stiven Vestxed deyib. O bildirib ki, şirkət Qaradağ yatağında kifayət qədər mis minerallaşması təmin etməklə hasilat profilini əhəmiyyətli dərəcədə artıracaq. Bu, "Anglo-Asian"ın artan mis aktivləri portfelinə mühüm əlavədir. "Bu, ilkin qiymətləndirmə olsa da, biz "Qaradağ"ın ildə 20-25 min ton mis istehsal edə biləcəyinə inanırıq",- deyə Stiven Vestxed əlavə edib. Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.