2023-cü ilin ilk yarısında hava nəqliyyat vasitələrinin sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta" şirkətinin topladığı sığorta haqları 1,57 milyon manat təşkil edib.
"Yeni Sabah"ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 87,8% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 11,34 milyon manat olub. 2022-ci ilin birinci yarısında "İpək Yolu Sığorta" 12,9 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların kəskin azalması fonunda sığorta şirkətinin ödənişlər cüzi azalıb. "İpək Yolu Sığorta"nın sığorta ödənişləri 2022-ci ilin ilk yarısı ilə müqayisədə bu ilin altı ayında 19,8% və ya 22 min manat azalaraq 90 min manata enib. 2022-ci ilin ilk yarısında bu rəqəm 112 min manat təşkil edib.
2022-ci ilin ilk yarısında "İpək Yolu Sığorta" topladığı hər 100 manatdan 0,9 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 5,7 manat təşkil edib. Yəni, yığımlardakı kəskin azalma sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) təsir göstərsə də, ümumilikdə zərərlilik hələ də çox aşağı olaraq qalır.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.