Azərbaycanda şok bahalaşma: Aprel ayına qədər qiymət artımı olacaq!

Artıq 2024-cü ilin birinci həftəsi başa çatıb. Mağaza və bazarlarda bir sıra məhsullarda bahalaşmalar müşahidə olunur. Bu bahalaşmaların süni qiymət artımı yoxsa təbii artım olduğu məlum deyil. Xüsusilə ət və ət məhsullarında, eləcə də tərəvəzlərdə bahalaşmaların olduğu bildirilir. Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kəskin qiymət artımları aprel ayına qədər davam edəcək: "Son 10-15 ili monitorinq etsək, ərzaq məhsullarında bahalaşma həmişə noyabr-dekabr aylarından mart ayına qədər davam edir. Bu, Yeni İl, Novruz kimi bayramlarla əlaqədar tələbin artması ilə bağlıdır. İndi buna spesifik xüsusiyyətlər də əlavə olunub. Çünki bu illər ərzində özümüzü ərzaqla təmin etmək istiqamətində ciddi irəliləyiş əldə olunmayıb. Bu istiqamətdə xaricdən təxminən 70-75 faiz civarında asılıyıq". Ekspertin sözlərinə görə, son illər xaricdə də qiymətlərin artması ölkəmizə idxal olunan məhsulların qiymətinin daha kəskin bahalaşması ilə müşahidə olunub. "Eyni prosesləri görürük. Yeni il, eləcə də yerli məhsulların mövsümlə əlaqədar bazardan çəkilməsi ilə paralel olaraq qiymətlərin kəskin artdığının şahidi oluruq. Təəssüf ki, bu hal təxminən aprel ayına qədər belə davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər qiymət artımında sürət azalacaq. Lakin bu, proseslər son illərin təcrübəsinə əsaslansa, təqribən noyabr ayının ortalarından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, bu pradiqmadan ölkə uzun illərdir çıxa bilmir", - o vurğulayıb. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli yanvarından 1-dən bu yana ciddi bahalaşma meyillərinin müşahidə edilmədiyini söyləyib: "Ötən ilin son 20 günündə bütün ərzaq məhsullarında bahalaşma müşahidə edildi. Vətəndaşlarımız bayram hazırlığı ilə bağlı olaraq daha çox ərzaq məhsulları alıblar. Ərzaq məhsullarının dövriyyəsi artdığı üçün  sahibkarlarımız da bundan daha çox qazanmağa çalışıb. Beləliklə, bayram gününə kimi müəyyən qədər bahalaşma öz işini gördü. Yeni ilin ilk həftəsini yenicə geridə qoyuruq. Yanvarın  birindən bu yana hələlik ciddi bahalaşma meyilləri müşahidə edilmir. Hazırda qiymətlərdə müəyyən sabitlik var. Hətta bəzi məhsullarda müəyyən ucuzlaşmalar olub. Mətbuatda iki gün əvvəl belə ehtimallar irəli sürüldü ki, balıq əti ucuzlaşacaq. Əsasları da ondan ibarət idi ki, ölkəyə balıq idxalı genişlənib. Bu inandırıcı görünmür". A.Nəsirli qiymətlərlə bağlı durumun hökumətin atacağı addımlardan asılı olacağını vurğulayıb: "Qiymətlərin bahalaşması, özünü bazarda aparması hökumətin qarşıdakı və ondan sonrakı həftədə verəcəyi qərarlardan çox asılıdır. Gözləyək. Vəziyyəti dəyərləndirmək üçün ən azı bir iş həftəsini geridə qoymalıyıq".

Üç gündən sonra pensiyalar, maaş nə qədər artacaq?

Minimum maaşdakı artımlar il başladıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla reallaşır. Bir sıra artımlar öncədən büdcə paketində öz əksini tapıb və bu qanunvericiliklə təsbit olunmuş artımlardır. Məsələn, pensiyadaki artımlar 2023-cü ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır. Buna görə də bunu əvvəlcədən hesablamaq mümkündür. Minimum maaşda hər il artımlar həyata keçirilir. Bu da təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından kifayət qədər vacib addımlardır. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə yanvar ayında pensiyalar təxminən 11% artacaq: “Eyni zamanda ünvanlı sosial yardım çərçivəsində sosial yardım alan vətəndaşlarımızın da yardımlarında artımlar olacaq. Bu, birbaşa ehtiyac meyarının 270 manata çatdırılması ilə bağlıdır və təxminən 10%-lik artım deməkdir”. Millət vəkilinin sözlərinə görə, 2024-cü ildə minimum əmək haqqı ilə əlaqəli qərar fiskal gəlirlərimizdən asılı olaraq veriləcək: “Nəzərə alsaq ki, 2024-cü ilin büdcəsi təsdiq olunur, bu baxımdan fiskal gəlirlərimiz çox önəmli olacaq. Büdcədə sosial xərclərin payı kifayət qədər yüksəkdir. Ümumi xərclərin 45%-ni sosial xərclər təşkil edir. Ona görə də növbəti ildə həm minimum maaş, həm də sosial müavinətlə bağlı qərar fiksal gəlirlərimizdəki vəziyyətə uyğun olaraq qəbul ediləcəyi gözlənilir”.

Hərbçilərin pensiya yaşı ARTIRILDI

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib. Sozcu.az xəbər verir ki, layihə hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur. Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişlikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər. Bundan başqa, dövlət vəsaiti hesabına Azərbaycanda və xarici ölkələrdə ali təhsil almış və Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir. Qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir. Deputat qeyd edib ki, qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır. Qanun layihəsində yuxarıda qeyd olunan dəyişikliklərlə yanaşı dövlət tərəfindən yetişdirilməsinə zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı həmin dövrə görə qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif edilib. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Bundan başqa, layihədə 20 təqvim ili hərbi xidmət müddətinin tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcəkdir. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

"Yaşayış minimumu ən azı 500 manat olmalıdır" - Ekspert

Məlum olduğu kimi, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Ölkədə yaşayış minimumunun hesablanma qaydaları sovet dövründən qalıb. Hesab edirəm ki, bu qaydalar dəyişdirilməlidir. Minimum istehlak səbətinin tərkibi isə yenidən təsdiq edilməlidir”. Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır. O zaman ölkədə minimum pensiya, minimum əmək haqqı da buna uyğun artırılmalıdır. Yeni hesablama qaydaları tətbiq edilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər: “Nazirlər Kabineti mütəxəssislərdən ibarət komissiya təyin etməli və bu qərarı dəyişməlidir. Biz illərdir deyirik ki, komissiya təyin edilsin, parametrlərə baxılsın. Heç olmasa, Türkiyə təcrübəsi öyrənilsin. Türkiyədə olan yanaşma tətbiq olunsa, bizdə minimum istehlak səbəti ən azı 500 manat olmalıdır. Belə olarsa, minimum təqaüd və əmək haqqı ondan daha yüksək olmalıdır. Məhz bu səbəbdən Nazirlər Kabineti istehlak səbətini köhnə parametlərlə hesablayır”.

Gələn il Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Türkiyədə dolların rekord həddə bahalaşması iqtisadiyyata elə də ciddi ziyan vurmur. Çünki Türkiyə iqtisadiyyatı çoxşaxəlidir. Həm sənayesi, həm də kənd təsərrüfatı öz ehtiyaclarını əksər məsələlərdə ödəyir. Buna görə də lap dollar qalxırsa, qalxsın. Türkiyədəki mallar onsuz da dollarla ölçülmür, öz valyutası lirə ilə ölçülür. Azərbaycanda isə devalvasiya həmişə daha ağırdır, nəinki Türkiyədə...”  Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov 2024-cü ildə Azərbaycanda devalvasiya olacağı barədə ehtimallara münasibət bildirərkən deyib.  “Əvvəllər dollar kreditlərinin olmasını kənara qoyuram. Əsas məsələ budur ki, Azərbaycan bir çox malları və xidmətləri xaricdən idxal edir. Azərbaycanda dollar bahalaşırsa, vəssalam, bütün malların, məhsulların qiyməti qalxır. Buna görə də bizim devalvasiya daha ağrılıdır. Düşünürəm, 2024-cü ildə devalvasiya olması ehtimalı elə də yüksək deyil, amma ola bilər. Ehtimal həmişə var, dünyadakı dəyişiklikləri görürük. Dünyadakı geosiyasi vəziyyətə görə valyuta ehtiyatlarımız baxımından indi neftin qiyməti də kifayət qədər yüksəkdir. Doğrudur, neft hasilatı bizdə azalıb, ortamüddətli perspektivdə, bəli, devalvasiya ola bilər. Təxminən, 3 il ərzində devalvasiya olması ehtimalı daha yüksəkdir. Çünki valyuta ehtiyatlarımızın artma ehtimalı aşağıdır. Neft az hasil edilir”, - ekspert deyib.  Qeyd: Türkiyədə dekabrın 14-də birjalarda Dollar/TL məzənnəsi rekordunu yeniləyib, 29,05 səviyyəsinə qədər yüksəlib. TL təkcə dünən dollar qarşısında 0,2% dəyər itirib. Son altı ayda isə Türkiyədə dollar lirə qarşısında 23%-dən çox bahalaşıb. 

1 $ = 29.12 lirə: Türkiyədə şok məzənnə

Bazar ertəsi türk lirəsinin dollara qarşı məzənnəsi tarixdə ilk dəfə 1 dollar üçün 29 lirəni keçib. Sozcu.az Reuters-ə istinadla xəbər verir ki, bunu TradingView terminalında ticarət məlumatları sübut edir. Ən yüksək həddində məzənnə 1 dollar üçün 29,12 lirə olub. İl ərzində Türkiyənin milli valyutası 35% ucuzlaşıb. Noyabrın sonunda Türkiyə hakimiyyəti ölkədə illik inflyasiyanı demək olar ki, yarıya endirmək niyyətində olduqlarını, 2024-cü ildə hazırkı 65%-dən 34%-ə çatdırmaq niyyətində olduqlarını açıqlayıb. Ölkədə inflyasiya 2021-ci ilin iyun ayındaki minimum dəyərlərdən bu ilin sentyabrına qədər 60%-ə yüksəlib. 2024-cü ildə hədəfə çatdıqdan sonra maliyyə orqanları sabit inflyasiya dəyərləri yaratmağı hədəfləyir. Mərkəzi Bankın proqnozunda inflyasiyanın 2024-cü ildə 33%-ə, 2025-ci ildə isə 15%-ə enməsi nəzərdə tutulur.

270 manatla 1 ay necə yaşamaq olar?

Azərbaycanda 2024-cü il üçün yaşayış minimumu təsdiqlənib. Gələn il bu meyar 270 manat olacaq. Yaşayış minimumu artıq bir neçə ildir ki, dəyişmir. Halbuki ölkədə mövcud inflyasiya və davamlı bahalaşma mövcuddur. İqtisadçı ekspert Elmir Səfərli “Yeni Sabah”a açıqlamasında gözlənilən iqtisadi proseslər nəzərə alınmaqla, bu rəqəmlər realist saymır: “Ötən illərlə müqayisədə real inflyasiya həddinin artması nəticəsində müxtəlif mal və məhsulların qiymətlərində artıma səbəb olub. Nəzəri olaraq, bu artımlar yaşayış minimumun da artırılmasını nəzərdə tutur. Sözügedən məsələ ilə bağlı gözləntilər böyük idi.  Azərbaycanda satılan mal və məhsulların bir çoxu idxal olunur. Bunun da başlıca səbəbi yerli istehsalın o qədər də inkişaf etməməsidir. Mövcud vəziyyət isə məhsulların qiymətlərində bahalaşmaya gətirib çıxarır. İnflyasiya həddi isə ilbəil artmaqda davam edir. Belə olduğu təqdirdə, əhalinin yaşayış minimunun bir ay üçün 270 manat nəzərdə tutulması real görünmür.  Bu baxımdan düşünürəm ki, bu rəqəm 350-400 manat aralığında olmalıdır. Həmin rəqəm bir insanın tək yaşaması üçün nəzərə alınmır. Bir ailədə 3 nəfər yaşayırsa, 1 adam üçün yaşayış minimumu ortalama olaraq 270 manatdan 810 manat edir. Bu o deməkdir ki, ailənin aylıq gəliri 1000 manatdırsa, yaşayış minumumu qarşılanır”. İqtisadçı qeyd edib ki, yaşayış minimumu üçün təsdiq edilən rəqəmlərin nə dərəcədə real olması növbəti ilin ortalarından sonra baş verəcək iqtisadi proseslərin əsasında və inflyasiya həddinin dəyişməsi ilə ortaya çıxacaq.

Maşın almaq istəyənlərə XƏBƏRDARLIQ – Qiymətlər bu tarixdən YÜKSƏLƏCƏK

2024-cü ilin əvvəllərindən etibarən, 2014-cü il istehsalı olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılacaq. Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir. Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik. Görəsən, köhnə maşınların ölkəyə gətirilməsinə qoyulan qadağa avtomobil bazarına necə təsir edəcək? Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qərar daxildə realizə olunan köhnə avtomobillərin qiymətində bahalaşmaya gətirib çıxaracaq. Onun fikrincə, bu birtərəfli qərardır: “Bu həmin istiqamətdə əvvəlki illərdə qəbul olunan qərarın davamıdır. 10 illik məhdudiyyət hər il yenilənəcək. Qadağa gələn il 2015-ci ildən əvvəlki avtomobillərə tətbiq olunacaq. Bu qəbul olunmuş qərarın implementasiyasıdır. Keçən il bu addımın atılması fonunda bazarda köhnə avtomobillərin qiymətində bahalaşmanı müşahidə etdik. İli köhnə olan avtomobillərin ölkəyə buraxılmaması, öz növbəsində daxildə dövriyyədə olan həmin avtomobillərin qiymətinə təsir göstərir. Çünki ili yeni olan avtomobillər baha qiymətə gətirilir. Əhalinin alıcılıq qabiliyyətini nəzərə alsaq, onların qiymətinin yüksək olması ilə insanların yeni avtomobil almaq imkanları da azalır. Belə olan halda, ölkə daxilindəki köhnə maşınların daha ucuz olduğunu nəzərə alsaq, qadağanın doğurduğu təsirlərdən onların da qiyməti bahalaşır”. “Məqsəd avtomobil parkının yenilənməsidir” Həmsöhbətimizə görə, belə bir qərar verilərkən, bəzi gömrük və aksiz vergiləri də azaldılmalı, proses müəyyən güzəştlərlə paralel aparılmalıdır: “Qərarın verilməsində məqsəd ölkənin avtomobil parkının yenilənməsi, ekoloji standartlara cavab verən maşınların gətirilməsinə stimul yaratmaqdır. Burada müqayisəli məqam yoxdur. Amma bu fonda bəzi gömrük və aksiz vergiləri də azaldılmalıdır”.

“8-ci km bazarı”nın ərazisi neçəyədir? - Şok qiymət

Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən “8-ci km bazarı” barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək. Sozcu.az xəbər verir ki, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Globalinfo.az-a açıqlamasında həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib: “Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-80 min manat təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır”. R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub: “Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər”. İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 25 milyon manatdan çox edir.

Rusiyanın 8,8 milyard dollarlıq aktivləri donduruldu

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyi məlumat yayıb.  Məlumata görə, 2022-ci ilin dekabrında ölkə hakimiyyəti Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın aktivlərinin dondurulmasına başlayıb. 

Azərbaycan neftinin qiyməti 84 dollara DÜŞDÜ

"Azeri Light" markalı Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb. Sozcu.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,86 % azalaraq 84,07 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

"Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq" - RƏSMİ

Hər ay sosial ödənişlərin köçürülməsi tarixi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həyata keçirilir.  Bildiyiniz kimi, həmin qrafik əsasında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesablarına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də hər hansı bir gecikmə olmayıb və yoxdur.  Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq DSMF sözçüsü Rəşad Mehdili bildirib. O qeyd edib ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri noyabr ayının 15-də yekunlaşdırılıb. Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.  "Noyabrın 28-də müavinət və təqaüdlərin ödənilməsi başa çatdırılacaq. Növbəti günlərdə isə ünvanlı dövlət sosial yardımının ödənilərək yekunlaşdırılması nəzərdə tutulub", - sözçü vurğulayıb.