Göygöldə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub. Qəzada xəsarət alanların olduğu bildirilir.

Namaz qılarkən kürəyindən bıçaqlandı

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən məscidlərdən birində namaz qılan şəxsə bıçaqla hücum edilib. Kimliyi açıqlanmayan dindar səcdədə olarkən, onun kürəyinə bir neçə bıçaq zərbəsi endirilib. Hücum edən 32 yaşlı Serif Zobra adlı cinayətkarın əvvələr adam öldürməyə cəhddə ittiham olduğunu bildirilib. Polis hadisənin motivini araşdırır.  Telekanalın məlumatına görə, Zobra hücumdan əvvəl bir neçə dəfə məscidə baş çəkib. Bıçaqlanan şəxsin hazırda xəstəxanada müalicə aldığı qeyd olunub.

Azərbaycana 37 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Aprel ayının 9-da saat 02:20-də DSX-nin “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Məlum olub ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri cinayət işi başlanıb. Xatırladaq ki, bu iş üzrə M.Hüseynlinin atası Taleh Allahyarov həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb./Report

İtkin düşmüş azərbaycanlıların basdırıldığı məzar yerləri...

Azad edilmiş və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərimizdə məzar yerləri mövcuddur. Sozcu.az xəbər verir ki, bunu Report-a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur.

Xaçmazda 58 yaşlı kişi intihar edib

Xaçmaz rayonunun Hacıisaoba kənd sakini 1965-ci il təvəllüdlü Əmirquluyev İslam Cabir oğlu yaşadığı ərazidə özünü asıb. "Report"un Şimal bürosunun məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. İntiharın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Bakıda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda avtomobil ana və iki azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Sozcu.az-ın məlumatına görə, 8 noyabr prospektində avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abdulova Türkanə İlqar qızı, onun azyaşlı övladları 2021-ci il təvəllüdlü Abdulov Murad Səyahət oğlu və 2017-ci il təvəllüdlü Abdulova Nihan Səyahət qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.report

Öldürülüb quyuya atılan şəxs Elnarə Bəkirovanın atası imiş

Xəbər verdiyimiz kimi, daha öncə itkin xəbəri yayılan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Sozcu.az OLAY-a istinadən xəbər verir ki, həmin şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır. Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. Xatırladaq ki, üzərində 300 min manatla itkin düşən Kamran Bəkirova küt alətlə xəsarət yetirilib, "Ləhiş bağları" ərazisindəki su quyusuna atılıb. 

Evdən ər və arvadın meyitləri tapıldı

Gədəbəy rayonunun Moruxlu kəndində evdən ər və arvadın meyitləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Oqtay Həsən oğlu Əliyev və 1962-ci il təvəllüdlü arvadı Məryəm İlyas qızı Məmmədovanın meyitləri 7 aprel saat 09:50 radələrində yaşadıqları evlərində aşkarlanıb. Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub. Oqtay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib. Məryəm Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

64 yaşlı kişi parkda gənc qızı bıçaqladı

Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı parkda bıçaqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Göyçayda 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib. Hadisə şəhər ərazisində yerləşən parkların birində baş verib. Belə ki, onların arasında yaranan mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib və sonuncu bundan əsəbiləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib. Keçirilən tədbir zamanı ona rayon sakini E.Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.

Məhkəmə məşhur “kriminal avtoritet” barədə QƏRAR VERDİ

“Lotu Quli”nin ən sadiq adamlarından olan “Vəhşi Arman” ləqəbli Arman Cumagəldiyevin həbs müddəti yenidən uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Cumagəldiyevin həbs müddəti daha iki ay uzadılıb. “Almatı İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin 6 aprel 2023-cü il tarixli qərarı ilə ibtidai istintaq orqanının vəsatəti təmin edilib və Cumagəldiyevin həbs müddəti 2023-cü il iyunun 7-dək uzadılıb”, – məlumatda deyilir. Qeyd edək ki, 2022-ci il yanvarın 7-də Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi kriminal avtoritet “Vəhşi Arman”ın Almatıda saxlanılması barədə məlumat yayıb. Arman Cumagəldiyevlə birlikdə onun qruplaşmasının üzvü olduğu ehtimal edilən daha 5 nəfər saxlanılıb. Baş Prokurorluğun məlumatına görə, kriminal avtoritet yanvar iğtişaşları zamanı insanları oğurlayıb.

Azərbaycanda hərbçilər qəzaya düşdü

Goranboyda avtomobil aşıb, 5 hərbçi xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə Yeniyol-Xanqərvənd kəndləri istiqamətindən keçən magistral yolda baş verib. VAZ-2105 markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 5 hərbçi müxtəlif bədən xəsarətləri alıb. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.