Gənc cüdoçunu öldürən şəxsə hökm oxundu

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakıda məktəbin həyətində kütləvi DAVA

Bakının Nərimanov rayonunda kütləvi dava düşüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib. 2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Salyanda avtomobil velosipedçini vuraraq öldürdü

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Ələsgər oğlu Səmədov velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, B.Səmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb

Bakıda estetik mərkəzindən 6000 manatlıq qızıl üzük oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb. Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzindən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.

Ağcabədidə axtarışda olan şəxs SAXLANILDI

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axtarışda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, may ayı ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ötən ildən də axtarışda olan, ümumilikdə 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmin şəxslərdən biri – rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub. Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib. Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Xırdalan parkında dəhşət: Qadın karuseldən yıxıldı

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb. 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub. M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Su kanalında 44 yaşlı kişi meyiti tapıldı

Kürdəmirdə su kanalında 44 yaşlı kişi meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qağacılı kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1979-cu il təvəllüdlü Rəşad Eldar oğlu İslamovun meyiti yaşadığı evin yaxınlığındakı su kanalında aşkarlanıb. Onun spirtli içki aludəçisi olduğu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Sürücü sükan arxasında infarkt keçirdi, qəza oldu

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb. Belə ki, "Hunday" markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bakıda evə basqın edildi: Saxlanılanlar var

Bakıda evə basqın edilib, saxlanılanlar var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

İrandan Naxçıvana narkotik keçirilməsinin qarşısı alındı

İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Pirallahıda evdən 10 450 manatlıq oğurluq edilib

Paytaxtın Pirallahı rayonunda evdən 10 450 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Ucarda kombaynın təkəri partlayıb: Bir nəfər ölüb

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.