Nohurqışlaqda batan var: axtarışlar aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar. Qeyd edək ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl su anbarı ətrafında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarında tapılıb.

Bakıda müəllimi maşın vurub öldürdü

Bakıda müəllim yol qəzasında ölüb. Bakı şəhəri 278 nömrəli tam orta məktəbin müəllimi Günay Pirizadə Nizami rayon ərazisində yolu keçərkən maşın vurub. Hadisə nəticəsində o, həyatını itirib. Qeyd edək ki, G. Prizadə Azərbaycan dili və ədəbiyyat üzrə dərs deyirmiş.

38 yaşlı kişini "tok" vurdu - Son durumu açıqlandı

Tovuzda fəhləni elektrik cərəyanı vurub. Sozcu.az-ın məlumatına görə, 38 yaşlı kişi ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Şəxsin Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıldığı bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 23.01.2025-cü il tarixində saat 10:00 radələrində  elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub. Qeyd edilib ki, xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ermənistanda hərbi maşın qəzaya düşdü: yaralılar var

Ermənistanın Ararat bölgəsində "Toyota" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Sozcu.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar var. Məlum olub ki, “KamAZ” Ermənistan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Faktla bağlı araşdırma aparılır. 

Göyçayda zəhərlənən tələbələr evə buraxıldı - YENİLƏNİB

21 yanvar 2025-ci il saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb. *** 10:32 Göyçay rayonunda 5 tələbə qız zəhərlənib. Sozcu.az "Report"a istinadən məlumat verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur. Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.

Daşkəsəndə maşın dərəyə aşdı - 2 nəfər öldü

Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Qaraqollar kəndi yaxınlığında qeydə alınıb. Şirkətə məxsus yanacaq daşıyan "Ural" markalı yük avtomobili dərəyə aşıb. Nəticədə F.Huseynov və O. Səmədov hadisə yerində ölüb. Hadisə yerinə huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda yataqxana binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb. Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı öldü

İranda 10 gün komanda qalan Azərbaycan vətəndaşı ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə 10 gün öncə qonşu ölkənin Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəvai Yasin oğlu Nəsirov sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb. Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.

Tələbə faciəli şəkildə öldü

Lənkəran Dövlət Universitetinin tələbəsi Aylin Malik qızı Məmmədova faciəli şəkildə həyatını itirib. Sozcu.az xəbər verir ki, o, universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi. A.Məmmədovanı Masallı rayonunda yolu keçərkən avtomobil vuraraq öldürüb.

Şirkət rəhbərinin xəsarət aldığı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

"16 yanvar saat 10:30-da Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub". Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib. "Onlardan 1959-cu il təvəllüdlü şəxsə sinə nahiyəsinin küt travması diaqnozu təyin edilib. O, öz istəyilə stasionar tibbi xidmətdən imtina edib. 1993-cü il təvəllüdlü şəxsə isə sağ diz nahiyəsinin sınığı, sol əlin və çənənin açıq yarası diaqnozu təyin edilib. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub", -deyə məlumatda bildirilir. Xatırladaq ki, ötən gün Beyləqan rayonu ərazisində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 124-cü kilometrliyində, iki minik maşını və yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər - Çavuş Göçər Yunus və Mircəlal Miri oğlu Həbibov xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət alan Çavuş Göçər Yunus türkiyəli tanınmış iş adamıdır. O, Türkiyədə tanınmış "Eu-Turan" Şirkətlər Qrupunun rəhbəridir. Türkiyədə tekstil işi ilə məşğul olan şirkətlər qrupu bir neçə xarici ölkədə də tanınır. İş adamı Azərbaycana gəzmək üçün gəlibmiş. O, azad olunan ərazilərdən qayıdarkən yolda qəzaya düşüb.

Sumqayıtda dəhşətli qəza - 2 ölü, 3 YARALI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Kia Cadenza" markalı minik avtomobili ilə "Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən "Kia Cadenza" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 22:03 Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var. Sozcu.az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb. "Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.

Özünü öldürən əsgər bu universitetin məzunudur - Yeni DETALLAR

Özünü öldürən Azərbaycan ordusunun hərbi qulluqçusu Adil Baxşəliyevlə bağlı yeni detallar məlum olub. Modern.az-ın əldə etdiyi məlumata görə, Adil Baxşəliyev Bakı şəhərində, "28 May" metrostansiyası yaxınlığında yaşayıb. 6 ay əvvəl Kəlbəcərə hərbi xidmətə yollanan 24 yaşlı Adil Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında həm bakalavr, həm magistr təhsili alıb. O, təhsil aldığı müddətdə rəssamlıqla məşğul olub. Adil Baxşəliyevin atası azərbaycanlı, anası rusdur. Onlar ailədə 8 uşaq - 7 qardaş, 1 bacı olublar. Qeyd edək ki, hadisə dekabr ayının sonunda baş verib. Əsgər odlu silahdan atəş açmaqla özünü öldürüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.