Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edildilər

Beynəlxalq axtarışa verilmiş 2 şəxs Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Baş prokurorluğun vəsatətləri əsasında Polşa  və Rusiya  tərəfindən müvafiq olaraq "Ekstradisiya haqqında" 13.12.1957-ci il tarixli Avropa Konvensiyanın və müvafiq Əlavə Protokollarının, həmçinin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Yusif Əliyev və Lamin Vəliyevin ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. Azərbaycan ərazisində Lamin Vəliyevin oğurluq, Yusif Əliyevin isə quldurluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan edilib. Mayın 25-də Lamin Vəliyev və Yusif Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Kürdəmirdə Türkiyə vətəndaşı qəzaya düşdü

Kürdəmir rayonunda Türkiyə vətəndaşı qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Mehmet Dəmir motosikletlə hərəkətdə olarkən VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə Mehmet Dəmir müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

Bank kartından pul oğurlayanlar tutuldu

Mayın 17-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartını itirməsi və həmin gün marketlərin birində həmin kart vasitəsilə 350 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Müşfiq Qədimov müəyyən olunaraq saxlanılıb. Digər əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini olan digər bir nəfərin bank kartındakı hesabından pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Yusubov da saxlanılıb. Araşdırma aparılır.

Biləsuvar sakini qohumunu güllələdi

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa  oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət  alması barədə polisə məlumat daxil olub.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.  Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.  Araşdırma aparılır.

Siyəzəndə azyaşlı naməlum səbəbdən ölüb

Siyəzəndə bədbəxt hadisə baş verib. Şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib. Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də, uşaq artıq xəstəxanaya çatana kimi ölüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub. Faktla bağlı araşdırmalar davam etdiriləcək.

Əsgərimiz postda faciəvi şəkildə həlak oldu

09:35 Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Qeyd edək ki, Unikal.az Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən Bakı şəhər sakini 20 yaşlı Davud Məmmədlinin postda olan zaman ildırım vurması nəticəsində vəfat etdiyi haqda məlumat yaymışdı.

Bakıda bədbəxt hadisə: balkon qızın başına uçdu

Bakının Azadlıq prospekti 58a ünvanında bədbəxt hadisə baş verib. Sozcu.az  xəbər verir ki, yaşayış binasının balkonu gənc qızın başına uçub. Nəticədə qız ağır xəsarət alıb. O, təcili yardımla xəstəxanaya çatdırılıb.///News24

Qobustandakı qəzada ölənlərin sayı artdı

Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Qeyd edək ki, mayın 22-də səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində KİA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdi. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bakıda dava: kişi başından bıçaqlandı

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Ramil Mahmudov dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona başın təpə-ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Nazirliyin əməkdaşlarına atəş açıldı - Xəsarət alan var

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb. Sozcu.az-ın məlumatına görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb. Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır.//Report

Bakıda cibgirlik edən şəxs TUTULDU

Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Sozcu..az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan pulqabılarını oğurlaması da müəyyən olunub.

Bakıda evlərdən və avtomobildən 28 min manatlıq oğurluq edilib

Bakıda evlərdən və avtomobildən 28 000 manatlıq oğurluq edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1222 lirə, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.