Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

Güneydə, Qərbi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat yayıb. Xəsarət alanlardan 139-u evə buraxılıb. 26 vətəndaşın isə hələ də tibbi yardıma ehtiyacı var. Qeyd edək ki, dünən İranın Xoy şəhərində 5.7 maqnitudalı zəlzələ baş vermişdi.

Urmiyada 5 nəfər edama məhkum edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin İnqilab Məhkəməsinin 3-cü bölməsi biri qadın olmaqla, 5 nəfəri İsrailə casusluq ittihamı ilə ölüm cəzasına məhkum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatlı məlumat yayıb. Bununla yanaşı daha 5 nəfər eyni ittihamla 10 il azadlıqdan məhrum edilib.

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

İranın Bakıya qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqlarla qarşılaşıb. Sozcu.az xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib. O, İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib: "İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycan-Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Ancaq Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər. Bu sistemə son zərbəni Təbriz vuracaq", - güneyli vəkil xəbərdarlıq edib.

Təbrizdə milli məzmunlu banner asıldı

Martın 16-dan 17-ə keçən gecə Təbrizin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən Güney Azərbaycan müstəqilliyi ilə bağlı banner asılıb. Sozcu.az xəbər verir ki, bannerdə “Güney Azərbaycanın müstəqilliyi yalnız “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə gerçəkləşəcək” yazılıb. “Azadlıq, Ədalət, Milli Hökumət” son aylar Güney Azərbaycanda ən çox bəyənilən şüara çevrilib və bu artıq İranda yaşayan başqa qeyri-fars xalqlar tərəfindən də səsləndirilir.

Urmiyada məhbusu işgəncə ilə öldürdülər

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasında siyasi məhbus Şirzad Əhmədinejad işgəncə ilə öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Yaxınlarının bildirdiyinə görə, məhbusun cənazəsi ailəsinə təhvil verilməyib. Ölüm xəbəri yayıldıqdan sonra martın 15-i gecə saatlarında Şirzad Əhmədinejadın doğulduğu Bukan şəhərində etiraz aksiyaları olub.

Muğanlı müəllim Zeunəb Həmrəng Tehranda həbs edilib

Əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik məmurları tərəfindən Tehranda həbs edilib. Bu barədə onun yaxınları məlumat veriblər. Xanım fəalın hara aparıldığı və həbs səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, müəllimlərin sinfi təşkilatında fəal üzvlərdən biri olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəldə saxlanılıb.  Həmrəng 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilib.  Güneyli müəllim “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib.  O, 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.

İran şagirdləri zəhərləməyə davam edir

Son aylar İran məktəblərində zəhərlənən şagirdlərin sayı 13 minə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Səid Kərimi açıqlama verib. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan bu günə kimi İranın 28 əyalətinin 100 şəhərinin 250 məktəbində şagirdlərin zəhərlənməsi qeydə alınıb.

Ərakda azərbaycanlı müəllim Məhəmməd Sadiqi həbs edilib

Mərkəzi əyalətin Ərak şəhərində yaşayan ictimai fəal və müəllim Məhəmməd Sadiqi təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb. Məlumatda azərbaycanlı müəllimin şagirdlərin zəhərlənməsi ilə bağlı maryın 7-də keçirilən etiraz aksiyasına qoşulduğu üçün saxlanıldığı bildirilib.

Təbrizdə güclü partlayış: ölü və yaralılar var

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub. Sozcu.az xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb. Xanbərar partlayışın səbəbi haqqında açıqlama verməyib. Əraziyə çoxlu sayda xilasedici göndərilib. Qeyd edək ki, partlayışın baş verdiyi ərazidə SEPAH-a bağlı "Aşuranın 31-ci korpusu" yerləşdiyi bildirilir.

Urmiyalı aktyor həbs edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərindən olan sənətçi və aktyor Rza Purcəfər həbs edilib. Sozcu.az xəbər verir ki, aktyor təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və naməlum yerə aparılıb. Həbs səbəbi barədə açıqlama verilməyən Purcəfərin sosial media hesabları da bağlanılıb.

İranda azərbaycanlı körpəyə adının türk olduğuna görə sənəd verilmir

İran Qeydiyyat İdarəsi azərbaycanlı Almilaya adının türkcə olduğuna görə kimlik vəsiqəsi verməkdən imtina edir. Güney Azərbaycanın Makı şəhərindən olan Almila 5 aylıq olmasına baxmayaraq doğum şəhadətnamə ala bilmir. Almilanın valideynlərinin dediyinə görə, İranın Qeydiyyat İdarəsi türkcə "Qızıl alma" anlamında olan türkcə adın yabançı olduğunu bəhanə edərək sənəd verməkdən boyun qaçırır. Körpənin doğum şəhadətnaməsi olmadığı üçün o tibbi xidmətlərdən istifadə edə , peyvənd oluna bilmir. Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildiriblər.  İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

Güney Azərbaycan şəhərində etiraz aksiyası keçirilib

Martın 6-ı gecə saatlarında Güney Azərbaycanın Soyuqbulaq (Mahabad) şəhərində etiraz aksiyası keçirilib. Etirazçılar məktəblərdə qız şagirdlərə qarşı zəhərli qazla hücumlara etiraz edib, hökumət əleyhinə şüarlar səsləndiriblər. Soyuqbulaq şəhəri ilə yanaşı Tehran şəhərinin də bir neçə bölgəsində nümayişlər baş tutub. Nümayişçilər "uşaq öldürən hökumətə ölüm", "diktatora ölüm" şüarları səsləndiriblər. Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb. Martın 4-də isə İranın 37 şəhərinin 116 məktəbində şagirdlər kütləvi şəkildə zəhərlənib. Bir sıra media rorqanları bunu məktəblərə kimiyəvi hücum kimi yazıb və zəhərlənmənin bir neçə kimiyəvi qazın birləşməsi nəticəsində baş verdiyini bildiriblər.