Əks-hücuma hazırlaşırıq, rəhbərlik dəyişəcək - Zelenski

Yeni əks-hücuma hazırlaşırıq və plan mövcuddur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Aydın planımız var, detalları açıqlaya bilmərəm, buna hüququm yoxdur. Bu plan rəhbərliyin dəyişməsi ilə bağlıdır, bəli, müəyyən dəyişikliklər var”, - deyə Zelenski bildirib.

Putin anlamalıdır ki, Ukrayna NATO üzvü olacaq - Rasmussen

Ukraynanı NATO üzvlüyünə dəvət etmək sülhün təmin olunmasına kömək edə bilər. Sozcu.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, müttəfiqlər Ukraynanı Rusiyanı döyüş meydanında məğlub etməsi üçün lazım olan hər şeylə təmin etməlidir: “Və müttəfiqlərin təhlükəsizlik zəmanətləri bu gün çox vacibdir. Bu zəmanətlər Ukraynanın AB və NATO-ya gedən yolunda ehtiyaclarını ödəməlidir. Avropanın uzunmüddətli təhlükəsizliyi həm də Ukraynanın AB və NATO-ya daxil olmasından asılıdır. Biz indi bunun üzərində işləyirik. Putin anlamalıdır ki, Ukrayna NATO-ya üzv olacaq”.

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub

Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub. Sozcu.az xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bədəlova Növrəstə Məstan qızı Ceyranbatan bağları ərazisində yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Aleksey Navalnının cənazəsi anasına verildi

Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib. “Navalnın meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin onları ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”, - Yarmış bildirib.

Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb

Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur: "Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlirik ki, bu kimi hallar təəssüf ki bəzən bərpası mümkün olmayan nəticələrə səbəb olur". "Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən bir daha piyadalara səslənirik. Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlər üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olun", - məlumatda bildirilib.

Navalnının anasından ŞOK: “Məni gizli dəfnə məcbur edirlər”

Navalnının anası oğlunun gizli dəfninə razılıq verməyə məcbur edilir. Sozcu.az xəbər verir ki, bu barədə Aleksey Navalnının anası Lyudmila Navalnaya oğluna məxsus YouTube kanalında yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, müstəntiqlər siyasətçini gizli dəfn etmək istəyirlər. Alekseyin harada, nə vaxt və necə dəfn ediləcəyi ilə bağlı şərtlər irəli sürürlər: “Onlara ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmr gəlir. Onlar dəfnin gizli, vidalaşma olmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığa aparıb “oğlun buradadır” demək niyyətindədirlər. Mən bununla razı deyiləm”, – Lyudmila Navalnaya vurğulayıb. Lyudmilanın sözlərinə görə, ona deyiblər ki, Navalnının gizli dəfninə razılıq verməsə, cəsədlə nəsə edəcəklər: “Müstəntiq Varapayev mənə açıq şəkildə dedi ki, vaxt bizim tərəfimizdə deyil, meyit çürüyür.”

Paşinyan separatçı-terrorçu rejimin liderlərini “asfalta döşəməyi” əmr etdi...

“Son günlər artsax vətəndaşlarının fəallığı, Ermənistan deputatları ilə artsax deputatlarının gizli iclasları, mitinqlərdəki çıxışları Ermənistan hakimiyyətini ciddi şəkildə narahat edib”.  Sozcu.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” yazıb. Erməni nəşri mənbələrinə istinadla bildirir ki, Paşinyan Qarabağda ləğv olunmuş separatçı-terrorçu rejimin liderlərini “asfalta döşəməyi” , şoular təşkil etməyi, onları dövlət maşınlarından və cangüdənlərindən məhrum etməyi əmr edib.  Dünən yalnız separatçı qurumun sonuncu “prezidenti” Samvel Şahramanyanın cangüdəni səs-küylə həbs edilməyib, həm də Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onun özünə məhkəməyə gəlmək tələbi ilə çağırış vərəqəsi göndərib. Komitənin sözçüsü bildirib ki, separatçıların dəvət olunduqları cinayət işi ilə bağlı ictimaiyyətə məlumat verə bilmirlər. Şahramanyanın vəkili deyib ki, Komitədə onun Ermənistan baş prokuroru Anna Vardapetyana ünvanlanmış ərizəsini araşdırırlar. Bu, “artsax”a verilən dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı informasiyaların araşdırılmasına və şübhələrin aradan qaldırılmasına aiddir.  “Əslində məqsəd artsax xalqını cilovlamaq və qorxutmaqdır ki, mübarizəyə qalxmasınlar. Mənbələrimiz bildirir ki, oktyabr ayından etibarən istintaq orqanları artsaxdan müxtəlif məmurları və fəal şəxsləri dəvət edir və “izahat” işləri aparır, artsax sakinlərinin mümkün fəallığının qarşısını almağa çalışırlar”, -deyə Ermənistan qəzeti bildirir. Xatırladaq ki, bir sıra analitik və siyasi şərhçilər Moskvadakı Putin rejiminin Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Qarabağdan köçmüş erməni kütləsindən fəal istifadə etməyə çalışdığını bildirirlər...

İsrail rəsmən Fələstini tanımaqdan imtina etdi

İsrail parlamenti (Knesset) Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib. Sozcu.az xəbər verir ki, Knesset Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib. Sənədi 120 deputatdan parlamentin 99-u dəstəkləyib.

Nazim Bəydəmirlinin səhhəti PİSLƏŞDİ

Həbsdə olan iş adamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətində problemlər yarandığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə N.Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bildirib. Onun sözlərinə görə, bu gün, fevralın 21-də N.Bəydəmirli ilə telefonla danışıb:  "Dedi ki, özümü çox pis hiss edirəm, səhhətimdə problemlər yaranıb". F.Bəydəmirli qeyd edib ki, fevralın 19-da həyat yoldaşını Penitensiar Xidmətin tibb məntəqəsinə gətiriblər: "Özü bunun üçün müraciət etmədiyini dedi. Nazimi rentgen ediblər, qan təzyiqini ölçüblər. Qan təzyiqi çox yüksək olub, halbuki heç vaxt onun qan təzyiqi olmayıb. Bir də laboratoriya analizini məsləhət görüblər, Nazim razı olmayıb". İş adamının həyat yoldaşı vurğulayıb ki, o öz inandığı həkimlərin saxlandığı təcridxanaya gəlməsini istəyir: "Bunun üçün rəsmi müraciət edəcəyik". N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ötən il sentyabrın 1-də N.Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, hər iki ittihamı qəbul etmir və özünü ekologiya məhbusu sayır N.Bəydəmirlinin həbs müddəti bir neçə dəfə artırılıb.

İrəvandan Kamil Zeynallı ilə bağlı rəsmi açıqlama

Ermənistan Baş Prokurorluğunda Kamil Zeynallının həbsi ilə bağlı məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğudan “Sputnik Ermənistan”a açıqlamada bildirilib. Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb. İdmançının iddiasına görə, Rusiyada saxlanılmasının səbəbi Ermənistan tərəfindən axtarışa verilməsidir.

"Vecimə də deyil" - Həmcinsini təhqir edən məktəbli

Həmcinsiniə qarşı təhqiramiz hərəkətlər edən 156 saylı məktəbin şagirdi əməlindən peşman olmadığını bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. "Elədiyim şeyi bilirəm. Polis zad görsə, cinayət işi sayılır. Uje eləmişəm. Nəsə də olsa, vecimə deyil. Bir-iki şey var, öyrənim qızdan, atama deyəcəm, zatən qonşumuzdur. Qızın ailəsi ilə də danışılacaq" - deyə o qeyd edib.

"Nəvəmin başına yumurta vurublar, saçlarını kəsiblər” - Təhqir olunan qızın nənəsi - Video

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”. Sozcu.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.  O əlavə edib ki, nəvəsi hadisədən sonra evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gəlib-gedib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox fironluq edir, onunla bacarmırlar”. Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir.