İlk səfərini Türkiyəyə edəcək

NATO-nun baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. O, vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərlə görüşəcək. Baş katib Türkiyənin müdafiə sənayesinin nümayəndələri ilə də görüşəcək və "Türk Aerokosmik Sənayesi" şirkətinə baş çəkəcək.

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib. Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb. Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

1003-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1003-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 728 300 hərbçi, 9 399 ədəd tank, 19 156 ədəd zirehli döyüş maşını, 20 736 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 777 ədəd avtomobil texnikası, 19 260 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Ermənistan daha 78 ədəd ATAGS alır

Ermənistan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” (IDRW) məlumat yayıb. “Bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif landşaftlarında müstəsna imkanlar nümayiş etdirən ATAGS-in uğurlu fəaliyyətinin nəticəsidir. Altı haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı təsdiqləyib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi ATAGS-ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq silahın işini asanlaşdıran erməni dilində interfeys də var. Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ATAGS bölməsi üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə əməkdaşlığında daha bir mərhələni qeyd edir”, - deyə bildirilib. Qeyd edək ki, son illər Ermənistan Hindistanın silahlarının əsas alıcısına çevrilib.

İran uranın zənginləşdirilməsini dayandırır

İran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını artırmağı dayandırmağa hazır olduğunu bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” MAQATE-nin məxfi hesabatlarına istinadla məlumat verib. Məlumata görə, Tehran həmçinin öz ərazisində yoxlamalar aparılması üçün MAQATE-nin dörd əlavə inspektorunun akkreditasiyasını müzakirə etməyə hazır olduğunu da bildirib. Bildirilib ki, ehtiyatların məhdudlaşdırılması məsələsi keçən həftə MAQATE rəhbəri Rafael Qrossinin İrana səfəri zamanı müzakirə olunub. Tehran zənginləşdirməni dayandırmaq üçün hazırlıq işlərinə artıq başlayıb. Qeyd edək ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları 182,3 kiloqrama çatıb.

Ukraynada hakimiyyətə o qədər ac olan insanlar var ki...

Hamımız bilirik ki, Ukrayna Konstitusiyası və qanunları müharibə şəraitində seçkilərin keçirilməsinə icazə vermir. Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb. O bildirib ki, dünyada heç kim Ukraynadan seçki tələb etməyib və tələb etmir. "Amma bizdə, Ukraynada hakimiyyətə o qədər ac olan insanlar var ki, dövlət naminə yox, dövlətimizin daxilində döyüşmək istəyirlər. Telestudiyalardakı kimi səngərlərdə siyasi arqumentlər istəyirlər. Bu, Ukrayna üçün zərərlidir. Ukraynaya ilk növbədə ədalətli sülh lazımdır. Və o zaman ukraynalılar ədalətli seçkilər keçirəcəklər", - Zelenski qeyd edib.

Tiflisdə polislə etirazçılar arasında toqquşma

Tiflisdə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis arasında toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb. Hazırda polis aksiyanın keçirildiyi Tiflisin mərkəzindəki Melikişvili prospektinə tam nəzarət edir və etirazçıları oradan uzaqlaşdırılıb. Müxalifət sona qədər mübarizə aparacağını və etiraz aksiyalarını dayandırmayacağını bildirib.

Abxaziya rus işğalından qurtulur, təhlükə var - Mişa

Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Abxaziyada baş verən proseslər haqda sosial şəbəkə hesabında qeyd edib. “Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar və bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir. Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib abxaziyalara rəğbətini yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur”, - Saakaşvili bildirib. Qeyd edək ki, Abxaziyada Suxumi və Moskva arasında mübahisəli investisiya sazişinin ləğvi tələbi ilə başlayan etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiya zamanı etirazçılar hökumət binaları kompleksini ələ keçiriblər və “prezident” Bjaniyanın istefasını tələb edirlər. Aslan Bjaniya isə Suxumidən qaçaraq, doğulduğu Tamış kəndinə sığınıb.

Rusiya mediası: Moskvaya qədər vurulacaq

ABŞ, Fransa və Böyük Britaniyanın təqdim etdikləri uzaqmənzilli raketlərdən istifadə ilə Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsindən sonra rus mediası araşdırma aparıb. Sozcu.az xəbər verir ki, Rusiya mediası sözügedən ölkələrin Ukraynaya təqdim etdikləri uzaqmənzilli raketlərin uçuş məsafəsi və çata biləcəyi ərazilərin xəritəsini hazırlayıb.

Tramp müharibəni daha tez bitirəcək - Zelenski

Donald Tramp administrasiyası ilə Ukrayna müharibəsi daha tez bitəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Şübhəsiz ki, indi Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətlərinə verdiyi vədlərdir və onlar üçün bu da çox vacibdir", - o bildirib.

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib. Bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib. Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib. 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib. Allah rəhmət eləsin!

Zərdabda dəhşətli QƏZA: ölü və yaralılar var

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib. İlkin məlumata görə hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.