İsmayıllıda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. 3.3 maqnitudalı yeraltı təkan 43 km dərinlikdə baş verib.

9 yaşlı fiziki qüsurlu uşağı öldürən şəxsə ağır cəza verildi

Qeyri-rəsmi münasibətdə olduğu qadının 9 yaşlı fiziki qüsurlu övladını öldürməkdə ittiham olunan Yaşar Abbasovun məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Məhkəmə müəyyən edib ki, Yaşar nikahsız yaşadığı İ.Əhmədovanın uşağını işgəncə ilə öldürməkdən əlavə qadının özünü də döyüb. Bu hadisədən bir müddət sonra uşağın anası da narkotik cinayətinə görə məhkum edilib. Hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham verilib. Hökmə əsasən, Y. Abbasov xüsusi amansızlıq, quldurluq niyyəti ilə adam öldürmə, əzab vermə və başqa maddələrlə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

Bayraqdardan Xocalı qətliamı ilə bağlı paylaşım

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Xocalı qətliamı ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, o, bu barədə özünün X hesabında yazıb. “Xocalı soyqırımında həyatını itirən qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm. İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalı soyqırımında həyatını itirmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirəm”, – paylaşımda qeyd olunub.

Buz yollarda təhlükə yaradır! - Xəbərdarlıq

Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Sozcu.az xəbər verir ki, bu barədə yol polisinin sürücülərə müraciətində bildirilib. "Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir. Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha diqqətli olmağa, müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırır",- müraciətdə qeyd edilib.

"Axmat" batalyonunun qəddar komandiri Ukraynada ÖLDÜ

Ukraynada Rusiyanın işğalçılıq siyasəti uğrunda döyüşən "Axmat" xüsusi təyinatlı batalyonlarından birinin komandiri Zəlimxan Batukaev döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Şustrı” ləqəbli Batukaevin Rusiya ordusunun ən yaxşı komandirlərindən biri olduğu bildirilib. Hərbçi dünən, fevralın 23-də dünyasını dəyişib.  Zəlimxan Batukaev ukraynalı döyüşçülərə qarşı ən amansız və qəddar komandirlərdən biri olub. Onun batalyonu döyüşlərdə ən çox ukraynalı hərbçi öldürən və əsir götürən hərbi hissə kimi "fərqlənib".

Rusiya-Ukrayna müharibəsinin 3 ili TAMAM OLDU

Bu gün – 24 fevral tarixində Rusiyanın Ukraynada başladığı genişmiqyaslı işğalçı müharibənin 3-cü ili tamam olur. Sozcu.az-ın məlumatına görə, üç il öncə 24 fevral 2022-ci ildə Putin Rusiyasının işğalçı ordusu Ukrayna ərazisinə hücuma başladı. Putinin hədəfi üç günə paytaxt Kiyevi tutmaq, martın əvvəllində orada parad keçirmək, Ukraynada legitim hakimiyyəti dəyişib yerinə öz marionetini təyin etmək idi. Lakin Putin hədəfinə çata bilmədi. Ukrayina xalqının rəşadəti, Qərb dövlətlərinin dəstəyi sayəsində mübarizə bu gün də davam edir. Bununla belə hazırda Ukraynanın 4 vilayəti (Xerson, Luqansk, Donetsk, Zaporojye) və Krım yarımadası işğal altındadır. Bu isə təxminən 10 milyon əhalinin qaçqına çevrilməsi, 20 faiz ərazinin (110 min kv km-dən çox) işğalı deməkdir.

Starmer Trampa elə plan təqdim edəcək ki... - KİV

Böyük Britaniyanın Baş naziri Keyr Starmer fevralın 27-də ABŞ Prezidenti Donald Trampa Britaniya və Fransa sülhməramlılarının Ukraynada yerləşdirilməsi planının layihəsini təqdim edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Starmer Vaşinqtonda Trampla görüşdə sülhməramlıların göndərilməsi məsələsini qaldıracaq, lakin ABŞ-dan kömək istənilməyəcək. Qeyd edək ki, Fransa lideri Makronun 24 fevralda, Britaniya Baş naziri Starmerin isə 27 fevralda ABŞ-da Trampla görüşü gözlənilir.

Yas mərasimində yeməkdən boğulub ÖLDÜ

Bakıda yas mərasimində ölüm hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən mərasim evlərinin birində baş verib. Burada yas mərasimində iştirak edən 57 yaşlı N. Məhərrəmov boğazında yemək qaldığı üçün boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Polkovnik-leytenant vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib. Sozcu.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb. Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib. Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xəttdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.

Qarabağda mina partlayışı: İmanov yaralandı...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib. Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Xətaidə istilik yoxdur, adamlar donur - İH-dən gülünc açıqlama

Xətai rayonunun bir hissəsində ötən gündən – havaların kəskin soyumasından sonra istilik kəsilsə də, Xətai Rayon İcra Hakimiyyəti “problem olmadığını” deyir. Axar.az-a danışan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, fövqəladə vəziyyət yaranıb, bəzi yerlərdə fəsadlar meydana gəlir, yerində araşdırırıq, ancaq istiliklə bağlı hər hansı problemin yarandığı ilə bağlı bizə demək olar ki, müraciət daxil olmayıb. P.İmanov iddia edib ki, bəzən hansısa binada istiliklə bağlı problem yaranır, gedib araşdırırlar, məlum olur ki, vətəndaşın mənzilinə istilik gəlmirmiş: “Bu yaxında ötürücü borularda meydana gələn qəzanın özüm şahidi oldum və dərhal vəziyyəti nəzarətə götürdüm. Başçı müşavirə keçirib, xəbərdarlıq edib, biz də bu məsələlərə daha diqqətlə yanaşırıq və bildirirəm ki, “Xətai rayonunda istilik yoxdur” məsələsi tamamilə doğru deyil”. P.İmanovun diqqətinə çatdırırıq ki, Xətai rayonunun Gəncə prospekti 22, 24, 26, 28, 30 və 32-ci binalarda ötən gün axşam saatlarından istilik kəsilib. İstiliyin kəsilməsinin səbəbi ilə bağlı heç nə deyilmir. Sakinlərin müraciətindən sonra bildirilib ki, problem mərkəzdədir (qazanxanada), aradan qaldırılması üçün işlər gedir. Qazanxanada problem varsa, demək, bir neçə bina deyil, ən azı bir məhəllənin istiliyi yoxdur. Sözügedən ərazi isə “Azəristiliktəchizat” ASC-nin əsas binasının 200 metrliyindədir. Xətai RİH-in məsul əməkdaşının bir neçə binanın və bir neçə min insanın evində istiliyin kəsilməsindən xəbəri olmaması, əksinə, bunu təkzib etməyə çalışması isə ya saxtakarlıq, ya da işinin məsuliyyətini dərk etməmək və yalan danışmağa bir növ adətkərdə olmasından qaynaqlanır.

Naxçıvan Konstitusiyası dəyişir - Yeni idarəetmə YARADILIR

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Sozcu.az xəbər verir ki, Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin müzakirəsi və “Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında” Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsi olduğunu bildirib. Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Qanun layihəsi barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Layihənin müzakirəsi ilə bağlı deputatlardan Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər. Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir. Müzakirə olunan məsələ ilə bağlı qanun səsə qoyularaq qəbul edilib. Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü il üzrə məruzəsinin layihəsi Ali Məclisin müzakirəsinə çıxarılması üçün Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib. Layihə Hüquq siyasəti komitəsində müzakirə olunub, komitənin qərarı ilə Ali Məclisin müzakirəsinə tövsiyə edilib. Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü ildə muxtar respublikada insan hüquqlarının qorunması haqqında fəaliyyətinə dair məruzə edib. Məruzə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev komitənin rəyini diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin nəzərə alınması ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib. Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.