KİV: "Vaqner" Baxmutda ciddi şəxsi heyət və texnika itkisi verib"

"Vaqner” muzdlu hərbi təşkilatı Baxmutda ciddi şəxsi heyət itkisi verib”. Bu barədə CNN məlumat yayıb. Bildirilib ki, “Vaqner” ərazidə həmçinin texniki dəstəyini də itirib: “Vaqner”çilər arasında ölənlər Rusiya Silahlı Qüvvələrinə nisbətən dəfələrlə çoxdur. Bunun əsas səbəbi isə “Vaqner”çilərin ərazidə üstünlük təşkil etməsidir. Rəsmilər Baxmutun nə Rusiya, nə də Ukrayna üçün əhəmiyyətli olduğunu deyir. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrda Baxmuta səfəri bu məsələni siyasiləşdirdi”. Qeyd edək ki, rəsmi Kiyevin məlumatına görə, Baxmutda gərgin döyüşlər gedir.

378-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 378-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 155 530 hərbçi, 3436 ədəd tank, 6723 ədəd zirehli döyüş maşını, 2463 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 253 hava hücumundan müdafiə sistemi, 303 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5330 ədəd avtomobil texnikası, 2 098 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 236 xüsusi avadanlıq itirib.

Gürcüstan Prezidenti xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib - YENİLƏNİB

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatında bildirilir. "Bu axşam bir neçə dəfə dayandığım Rustavelidə (prospektdə-red) dayanaraq sizə müraciət edirəm. Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib. Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub. 07.03.2023. 23:29 Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək. “Report”un məlumatına görə, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb. "Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək", - administrasiyanın bəyanatında deyilir. Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.

Ukrayna dəyərlərimiz uğrunda vuruşur - Blaşak

Hərbi yardım, sanksiyalar və siyasi təzyiq Rusiyaya qarşı mübarizənin ən təsirli formalarıdır. Sozcu.az xəbər verir ki, bunu Polşa müdafiə naziri Mariuş Blaşak deyib. “Rusiya Çeçenistan və Əfqanıstanda olduğu kimi, Ukraynada da bataqlıq içindədir. Müharibədən indi çıxmaq Kremlin səhvini etiraf etmək və bu vəhşi hücumun nəticələri ilə üzləşmək zərurəti demək olardı. Biz özümüzü Ukraynaya yardımdan yorulmuş hiss eləməməliyik, bu xalq azadlığımız, Avropanın dəyərləri uğrunda vuruşur ”, - Blaşak bildirib.

Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı

Rusiya ordusu son sutkada Ukraynada 1060-dan çox hərbçi itirib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 154 830 nəfərə çatıb. Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 432 tank, 6714 zirehli maşın, 2095 operativ-taktiki PUA, 488 reaktiv yaylım atəşi sistemi, 2 456 artilleriya sistemi, 253 hava hücumundan müdafiə sistemi, 303 təyyarə, 289 helikopter, 5323 avtomobil və tanker, 236 xüsusi texnikadan ibarətdir.

CNN: “Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib”

Gərgin döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib. “Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun hərbi nümayəndəsi məlumat verib. Lakin adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir. Eyni zamanda, Hərbi Media Mərkəzinin məlumatına görə, martın 5-də şəhərə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski baş çəkib. Onun sözlərinə görə, Baxmut uğrunda döyüşlər ən yüksək gərginlik həddinə çatıb: “Müdafiəçilərimiz düşmənə xeyli ziyan vurub, çoxlu sayda texnikanı məhv edib, “Vaqner”in ən yaxşı hücum bölmələrini döyüşə atmağa məcbur edib və düşmənin hücum potensialını azaldıb”, - Sırski bildirib.

Ukrayna Baxmutla bağlı qərarını verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın iclasını keçirib. Sozcu.az xəbər verir ki, Zelenski Baş Komandan Valeri Zalujnı və operativ-strateji qoşun qruplaşmasının rəhbəri Aleksandr Sırskiyə Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı suallar verib. Hər iki şəxs müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutda mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər. İclasda Baxmutun müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, “Bild” nəşri Baxmut məsələsində Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.

376-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 376-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 153 770 hərbçi, 3423 ədəd tank, 6703 ədəd zirehli döyüş maşını, 2433 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 250 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5307 ədəd avtomobil texnikası, 2 086 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 234 xüsusi avadanlıq itirib.

Ən çətin döyüşlər gedir - Zelenski

Ukrayna ordusu hazırda Donetsk və Luqanskda ən çətin döyüşlərini aparır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - V.Zelenski qeyd edib.

Moskvada zavodda güclü yanğın - Video

"Moskva Koks və Qaz Zavodu"nda yanğın başlayıb. Zavod vilayətin Vidnoye rayonunda yerləşir. Sozcu.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb. Məlumatda yanğının zavodun sexlərində baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilir. Yanğın 200 kvadrat metr ərazini əhatə edir. Ukrayna Teleqram kanallarında isə zavodun Qərbin sanksiyalar siyahısında olduğu qeyd olunub.

İran-Əfqanıstan sərhəddində atışma - Ölənlər var

Bazar günü Əfqanıstan və İran sərhədində silahlı toqquşmalar baş verib. Məlumata görə, atışma zamanı tərəflər müxtəlif növ silahlardan istifadə ediblər. Münaqişənin səbəbi hələlik məlum deyil. Zərərçəkənlər barədə məlumat verilmir. İran tərəfi sərhəddə baş verən toqquşmalara münasibət bildirməyib. Yayılan xəbərlərə görə, İran sərhədçiləri ilə Taliban arasında silahlı toqquşmalar hələ də davam edir. Tərəflər yüngül və ağır silahlardan istifadə edirlər. İran tərəfinin atdığı raketlər əyalətin inzibati mərkəzi Zərənc şəhərində “Taliban” polisinin qərargahının yaxınlığına düşüb.

"Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan qorxmamalıdır" - Mirça Joana

Moldova Avropa Birliyinə daxil olmaq istəyirsə, Rusiyadan daha az qorxmalıdır. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Joana deyib. Joananın sözlərinə görə, hazırda Moldova üçün hərbi risk yoxdur: "Amma əgər onlar Avropaya qoşulmaq istəyirlərsə, seçim etmək vaxtıdır və onlar Rusiyadan daha az qorxmalıdırlar, çünki Rusiya Ukraynanın öhdəsindən çətinliklə gəlir. Mən indi Moldova üçün hərbi riskin olduğunu düşünmürəm”. "Rumıniya və Moldovanın birləşməsi mümkündürmü" sualına gəlincə, Joana qeyd edib ki, bu barədə şərh verə bilməz: "Mən Moldovanın taleyinin avropalı olduğuna inanıram”.