Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərar Gürcüstan prezidentinin mənəvi məsuliyyətidir və buna heç kim təsir edə bilməz.
Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Mən bu məsələyə münasibət bildirmirəm. Bu, özümün verəcəyim və buna görə də özümə cavabdeh olacağım mənəvi qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi bir məsələ deyil”, - Zurabişvili bildirib.
Prezident bununla yanaşı bildirib ki, Saakaşvili real səbəblərdən həbs edilib:
“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik. Həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim. Razıyam ki, reputasiya baxımından onun başqa yerdə yerləşməsi daha yaxşı olardı. Bu, hökumətin verməli olduğu bir qərardır. Digər ölkələrin istifadə etdiyi bir çox imkanlar var - ev dustaqlığı, ekstradisiya. Ukrayna ekstradisiyaya hazır olduğunu bildirdi, amma bunun nə dərəcədə rəsmi olduğunu bilmirəm. Beləliklə, imkanlar var”.
Qeyd edək ki, bir müddət öncə Ukrayna parlamenti Saakaşvilinin azad edilməsi ilə bağlı Prezident Salome Zurabişviliyə müraciət ünvanlamışdı.