Məhkəmə İmran Xanla bağlı QƏRAR VERDİ

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan haqqında həbs qərarı verib. Sozcu.az bildirir ki, bu barədə AFP agentliyi Xanın vəkillərinə istinadən məlumat yayıb. Sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. Qeyd edək ki, İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir.

Pentaqon təsdiq etdi: Ukrayna “Xəncər”i vurub!

Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” hipersəs raketinin qarşısını alıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib. “Ukraynanın “Patriot” müdafiə sistemindən istifadə edərək Rusiyanın “Xəncər” raketini vurduğunu təsdiq edə bilərəm”, - Rayder deyib. Qeyd edək ki, 5 mayda Ukrayna ilk dəfə “Xəncər” raketini vurub.

Ukrayna hərbçiləri Baxmutda 3 km² ərazini işğaldan azad ediblər

Ukrayna hərbçiləri şiddətli döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhərində 3 km² ərazini işğaldan azad ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Azov” alayının qurucusu Andriy Biletski teleqramda bildirib. Biletski Baxmut yaxınlığında Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının 6-cı və 8-ci rotalarının darmadağınını təsdiqləyib. O həmçinin qeyd edib ki, “Vaqner” özəl hərbi şirkətinin 3-cü hücum dəstəsi cəbhənin yarılmasının qarşısını alarkən xeyli itki verib.

London Kiyevə uzaqmənzilli raketlər göndərəcək

Böyük Britaniya Kiyevə uzaqmənzilli raketlər göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşr Britaniya rəsmisinə istinadən yazır ki, hələlik yekun qərar yoxdur: "Amma ehtimal var ki, Böyük Britaniyanın Ukraynaya vermək istədiyi texnika “Storm Shadow” havadan buraxılan qanadlı raketlərdir". Qeyd olunur ki, Ukrayna uzun müddətdir ki, Qərb ölkələrindən daha uzun mənzilli raketlər istəyir və belə silahların müharibənin gedişatını dəyişdirə biləcəyini, Ukrayna qüvvələrinə Krımın dərinliklərində yerləşən Rusiya komandanlıq mərkəzlərini, təchizat xətlərini, sursat və yanacaq anbarlarını vurmağa imkan verdiyini iddia edir.

Ruslar Baxmutda 100 min itki verib - Şok

Rusların sursat çatışmazlığı yoxdur. Düşmən təkcə Baxmut və Liman-Kupyansk istiqamətində sutka ərzində 25 min mərmi atır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qoşun qrupunun spikeri Sergey Çerevatıy deyib. Onun sözlərinə görə, rus ordusunun 9 ay ərzində Baxmut istiqamətində 20 min hərbçisi öldürülüb: “Söhbət 100 min itkidən gedir, onun da 20 mini ölüdür. Fikrimcə, dəqiq yoxlanılma aparılsa, itkilərin sayı daha da artacaq”.

Ukrayna kəşfiyyatından ŞOK: “İşğalçı administrasiyanın nümayəndələri Krımdan çıxır"

“Rusiyanın yaratdığı administrasiyanın nümayəndələri Krımdan çıxmağa başlayıblar”. Sozcu.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Andrey Yusov müsahibəsində deyib. Yusov bildirib ki, bunu aydın şəkildə müşahidə etmək mümkündür. Onun sözlərinə görə, işğalçı administrasiyanın nümayəndələri xüsusilə ailə üzvlərini yarımadadan çıxarmağa çalışırlar: “Bəxti gətirənlər hətta Rusiyadan, ən azından Moskvadan çıxırlar”. Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, müharibə Krımın azad olunması ilə başa çatacaq.

Zelenskidən SƏRƏNCAM: "Ukraynada 9 May Qələbə Günü Avropa Günü kimi qeyd olunacaq"

Ukraynada 9 May Qələbə Günü əvəzinə Avropa Günü elan edilib. Sozcu.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ukraynada 8 May Faşizm üzərində Qələbə Günü, 9 May isə Avropa Günü kimi qeyd olunacaq. Bu gündən sonra Ukrayna Qələbə günü əvəzinə Avropa gününü bayram edəcək. “Bu, bizə bütün cəbhələrdə: silahla döyüş meydanında, diplomatik cəbhədə qətiyyətlə, raket terroruna və qışın soyuğuna qarşı, iqtisadiyyatda və hüquqi cəbhədə mübarizə aparmağa kömək edən Avropa Günü olacaq. Bu, bizim müttəfiqimiz olan Avropanın günü olacaq”, – deyə Zelenski vurğulayıb.

439-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 439-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 194 970 hərbçi, 3730 ədəd tank, 7253 ədəd zirehli döyüş maşını, 3018 ədəd artilleriya sistemi, 554 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 306 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5958 ədəd avtomobil texnikası, 2614 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 384 xüsusi avadanlıq itirib.

Danilov: Rusiyanı fəlakət gözləyir

Rusiya üçün ən pis proqnoz hələ qabaqdadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. "Hazırda Rusiya üçün fəlakət baş verir və ən pisi qarşıdadır - məğlubiyyət, dağılma, məhkəmə, təzminat...” - o bildirib.

Zelenski Ukrayna ordusunun əks-hücuma nə vaxt hazır olacağını açıqlayıb

Ukrayna ordusu müttəfiqlərlə razılaşdırılmış bütün silahları alanda əks-hücuma hazır olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Ukrayna müttəfiqlərlə razılaşdırılmış silahları aldıqdan sonra hücuma keçməyə hazır olacaq: “Xüsusilə, vaxt da hava şəraitindən asılı ola bilər, çünki cəbhə xətti boyunca yer mövsümi olaraq nəmdir. Böyük maneələrdən xəbərdar olan Ukrayna rəsmiləri Qərbdəki havadarlarından əlavə silah tələb etməkdə davam edir”. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə qeyd edib ki, ilk hücum birləşmələri əməliyyatın başlanması üçün 90%-dən çox hazırdır, lakin bəzi xüsusi bölmələr hələ də xaricdə təlim proqramlarını tamamlayır.

“Bütün insanlarımızı Rusiya əsirliyindən qaytaracağıq”

"Biz bütün insanlarımızı Rusiya əsirliyindən qaytarmalıyıq və qaytaracağıq! Əsir mübadiləsi ilə məşğul olan komandamıza təşəkkür edirik". Sozcu.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Bu gün (dünən - red) komandamız daha 45 döyüşçümüzü Rusiya əsirliyindən geri qaytara bilib: Ukraynanın 42 kişi və 3 qadın müdafiəçi. Onların hamısı Azovstalı müdafiə ediblər, Milli Qvardiyaçılardır. 35 sıravi əsgər və çavuş, on zabit", - Zelenski əlavə edib.

437-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 437-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 193 770 hərbçi, 3717 ədəd tank, 7238 ədəd zirehli döyüş maşını, 2992 ədəd artilleriya sistemi, 552 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 306 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5936 ədəd avtomobil texnikası, 2554 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 375 xüsusi avadanlıq itirib.