Ukrayna Rusiyanın Su-25 təyyarəsini vurdu

Ukrayna ordusu Donetsk vilayətində Rusiyaya məxsus təyyarəni vurub. Sozcu.az xəbər verir ki, bu barədə Konstantinovski şəhər hərbi idarəsinin rəisi Sergey Qorbunov bildirib. "Qırıntılar Konstantinovski şəhərinin ətrafına düşüb, bir neçə fərdi evə ziyan dəyib. Ölən və xəsarət alan yoxdur”, - deyə o vurğulayıb. Qeyd edək ki, vurulan təyyarənin Su-25 olduğu iddia edilir.

"Putinin "qırmızı xətləri" blefdir, NATO onların çoxunu keçib" - Stoltenberq

"Ukraynanı NATO-ya işğal edilmiş ərazilərilə də qəbul etmək olar..." NATO-nun sabiq baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukraynanın bütün əraziləri Rusiya işğalından azad edilməsə belə, o, Alyansa üzv ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə o, "Financial Times" nəşrinə müsahibəsində deyib. Stoltenberq hesab edir ki, əgər Ukrayna işğal edilmiş ərazilərilə Alyansa üvz olarsa, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin tətbiqi ilə bağlı məsələnin həlli üsulları var. O, qeyd edib ki, elə bir xətt ola bilər ki, onun beynəlxalq birlik tərəfindən tanınması mütləq olmasın. "Yedə də müqayisə aparmaq həmişə çox təhlükəlidir, çünki heç bir paralellər 100 faiz doğru olmur, amma Birləşmiş Ştatların Yaponiyanın təhlükəsizliyinə zəmanati var. Lakin bu zəmanətlər Yaponiyanın özünün hesab etdiyi, amma Rusiya tərəfindən nəzarət edilən Kuril adalarına şamil edilmir", - o, dəqiqləşdirib. Bundan başqa, o, həmçinin Şərqi Almaniyanı özünün böyük bir hissəsi hesab etdiyi Qərbi Almaniyanı xatırladıb. "Onların Şərqi Berlində səfirliyi olmayıb. Lakin NATO, əlbəttə ki, o zaman yalnız Qərbi Almaniyanı müdafiə edib. İradə olanda, qərar qəbul etməyin üsulları da olur. Amma bizə elə xətt lazımdır ki, 5-ci maddə tətbiq edilsin, Ukrayna da bu xəttədək bütün ərazilərinə nəzarət etsin", - Stoltenberq əlavə edib. "Mən Putinin üzdəniraq "qırmızı xətləri"nin keçilməsinə təkid etmişəm..." Stoltenberq bəyan edib ki, o, həmişə Rusiyanın Ukraynada müharibə ilə bağlı "qırmızı xətləri"nin keçilməsinə tərəfdar olub. O, deyib ki, tammiqyaslı müharibənin əvvəlində elə günlər və həftələr olub ki, biz bu xətlərlə bağlı məsələləri müzakirə edib qərarlar qəbul etməli olmuşuq.  Onun sözlərinə görə, biz təhlükəni nəzərə almalıydıq, amma Ukraynaya yardımı dayandırmaq variantımız olmayıb. "Əslində mən bütün bu üzdəniraq "qırmızı xətlərin" keçilməsinə təkid etmişəm. Və biz onların bir çoxunu keçmişik, Putin isə heç nə etməyib. Gerçəklik budur ki, əgər Putin kütləvi qırğın silahını tətbiq etməklə eskalasiyaya getmək istəyirsə, o, bunun üçün bütün zəruri səbəbləri yarada bilər. Hələ ki, biz bunun blef olduğunun üstünü açmışıq". "Zelenskinin təcrübəsi yox idi, mən onu lazımınca dəyərləndirməmişəm..." Daha sonra NATO-nun sabiq baş katibi deyib ki, prezidentliyinin əvvəlində Zelenski siyasətdə təcrübəsiz olub, ona görə də o, lazımınca dəyərləndirilməyib.  Stoltenberqin Zelenski ilə ilk görüşü 2019-cu ilin iyununda, onun prezident seçilməsindən bir neçə həftə sonra baş tutub. "O, mənim xoşuma gəlib, amma onun hərbi lider olacağını mən təsəvvür etmirdim. O, təcrübəsiz idi, ən sadə suallar verirdi, mən onu tamamilə dəyərləndirə bilməmişəm", - Stoltenberq xatırlayıb. Rusiyanın Ukraynaya tammiqyaslı müharibəsi başlananda, işğalçılar Zelenskini ələ keçirməyə çox yaxın olub. "Bu, bir növ sınaq olub. Əgər Kiyev süqut etsəydi və onlar Zelenskini ələ keçirsəydilər, - onlar isə buna çox yaxın olub, - o zaman müharibə tamamilə başqa cür olacaqdı", - o, deyib. O, həmçinin Zelenski ilə ilk "ağır" telefon söhbətini xatırladıb. Söhbətin xeyli hissəsi uçuşsuz zonaya həsr edilib. O, uçuşsuz zona istəyib, amma mən bunu edə bilməzdim. Gerçəklik belə olub ki, lap əvvəldən mən NATO-nun bu məsələdə yanaşmasını müəyyən etmişdim. Bu da münaqişənin bir hissəsi olmadan Ukraynaya dəstək verməkdən ibarət olub", - NATO-nun sabiq baş katibi deyib.

Rusiyada eyni vaxtda iki neft anbarı od tutub yandı...-FOTO

Rusiyada iki neft bazasında eyni vaxtda yanğın baş verib.  Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, Voronej vilayətində pilotsuz təyyarə “Annanefteprodukt” MMC-nin neft bazasının ərazisinə düşüb, nəticədə yanacaq çəni yanıb. Bu haqda vilayət qubernatoru Aleksandr Qusev danışıb. “Voronej vilayətinin Anninski rayonunda elektron döyüş texnikası Ukraynaya məxsus PUA-ları söndürüb, onlardan biri neft anbarının ərazisinə düşüb, ilkin məlumata görə, itki yoxdur", - deyə qubernator bildirib. Bundan əlavə, Perm diyarında Osentsı kəndinin sənaye zonasındakı özəl neft anbarında güclü yanğın baş verib. "Shot" telegram-kanalının yazdığına görə, yanğın 10 min kvadratmetr ərazini əhatə edir. Bildirilir ki, yanacaq çənlərini alov bürüyüb. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 19 texnika çalışır. Lakin baş verənlərin səbəbləri göstərilmir. Rusiyaya hücumlar haqda son xəbərlər.. Gecə Rusiyaya Ukrayna pilotsuz uçan aparatları tərəfindən hücum edilib - ölkənin Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin dörd regionda 113 pilotsuz uçan aparatını “ələ keçirib və məhv etdiyini” bildirib. Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətindən Rusiya Federasiyasının Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromunda "KAB" bombaları olan anbarlara, "SU-35" və "SU-34" təyyarələrinin dayanacaqlarına, habelə aviasiya yanacağı anbarlarına hücum edildiyi haqda məlumat verilib. Bir neçə gün əvvəl  isə Ukrayna Silahlı Qüvvələri Volqoqrad vilayətində raket anbar arsenalına hücum edib.

Fransa qüvvələrini səfərbər etdi: Livana dəstək...

Fransa Yaxın Şərqdəki hərbi qüvvələrini İran təhlükəsinə qarşı səfərbər edib. Sozcu.az xəbər verir ki, bu barədə Yelisey Sarayından məlumat verilib. Qeyd olunub ki, Fransa Prezidenti Emmanuel Makron İsrail hakimiyyətindən Livana hücumları dayandırmağı tələb edib. Makron eyni zamanda yaxın vaxtlarda Livan xalqına dəstək konfransı təşkil etmək niyyətində olduğu elan edib.

İranın zərbəsi: MOSSAD-ın qərargahı tam məhv edildi

İranın raket zərbəsi nəticəsində MOSSAD-ın qərargahı tamamilə məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə İraqın “Əl-Nəcbə” telekanalı məlumat yayıb. Qeyd edək ki, İran bu gün axşam saatlarında ölkə ərazisindən İsrailə kütləvi raket zərbələri endirib.

İsraillə birgə bu ölkə də İran raketlərini vurdu

İordaniya Hərbi Hava Qüvvələri bu gecə İran raketlərinin zərərsizləşdirilməsində aktiv iştirak edib. Sozcu.az xəbər verir ki, bu barədə İordaniya rəsmisi CNN-ə bildirib.

ABŞ Yaxın Şərqə əlavə qırıcılar göndərir

İsrail və Hizbullah arasında gərginliyin artması fonunda ABŞ Yaxın Şərqə əlavə hava qüvvələri göndərəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Air & Space Forces Magazine” nəşri məlumat yayıb. Məlumata görə, ABŞ F-16, F-15E və A-10 “Thunderbolt II” təyyarələrindən ibarət üç qırıcı və hücum təyyarəsi eskadronu göndərəcək.

Livanda şiddətli döyüşlər - İsrail çağırış etdi

İsrail ordusu Livanın cənubunda Hizbullahla intensiv döyüşlər aparır və sakinləri Litani çayının cənubuna avtomobillə getməməyə çağırır. Sozcu.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Avixay Edri deyib. “Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah qüvvələri mülki əhalidən canlı qalxan kimi istifadə edərək hücumlar təşkil edir. Şəxsi təhlükəsizliyiniz naminə sizdən tələb edirik ki, nəqliyyat vasitələri ilə şimaldan Litani çayının cənubuna doğru gəlməyin”, - Edri əhaliyə çağırışında bildirib.

Britaniya İsraili və Livanı atəşkəsə çağırdı

Böyük Britaniya İsrailin Livana hava zərbələrindən sonra bütün tərəfləri gərginliyi azaltmağa və atəşkəs əldə etməyə çağırıb. Sozcu.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü İsrailin özünümüdafiə hüququnu qətiyyətlə dəstəklədiklərini qeyd edərək bildirib: “Bizim çox açıq mesajımız budur ki, bütün tərəflər təmkin nümayiş etdirməlidir. Hər kəs geri çəkilməli və gərginliyin qarşısını daha çox almalıdır. Atəşkəs regionda sülhün təmin edilməsi üçün zəruri olan siyasi həll yolu tapmaq istiqamətində lazım olan imkanı təmin edəcək”. O, regionun uçurumun kənarından geri çəkilməli olduğunu təkrarlayıb və bölgənin təhlükəli həddə yaxınlaşdığını vurğulayıb. Qeyd edək ki, Kir Starmer və digər hökumət nazirləri Britaniya vətəndaşlarını kommersiya uçuşları ilə Livanı tərk etməyə çağırıblar. Baş nazirin sözçüsü deyib ki, hazırda hökumətin diqqəti Livanı tərk etmək istəyənlər üçün ticarət uçuşlarında əlavə yerlər təmin etməkdir. O, britaniyalıları bir daha Livanı tərk etməyə, hökumətlə əlaqə saxlayıb mövcudluqlarını qeydiyyata almağa çağırıb.

İsrailə qarşı bölmə yaratdıq, rəhbəri MOSSAD-çı çıxdı

İranda MOSSAD-ın çox güclü kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Sozcu.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Hizbullah lideri Həsən Nəsrullahın ölümünü şərh edərkən deyib. “Biz İsraillə mübarizə aparmaq üçün struktur yaratdıq və məsul şəxsin MOSSAD agenti olduğu ortaya çıxdı”, - o bildirib.

ABŞ Yaxın Şərqdə hərbi təyyarələrinin sayını artırır

ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

İranda helikopter qəzaya uğradı: ölənlər var

İranın cənub-şərqində helikopter qəzası baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. Təsdiq edilməmiş məlumata görə, helikopter qəzasında Yəmən husilərinin İrandakı koordinatoru Məhəmməd Əbdüs-Salam və bir neçə nəfərin həlak olduğu bildirilir. Qəzanın sırf texniki, yaxud kənar müdaxilə səbəbindən baş verdiyi məlum deyil.