ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib

ABŞ qoşunları hərbi əməliyyatın başlanğıcından İrandakı 3 000-dən çox hədəfə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlığın məlumatına görə, əməliyyat zamanı hücum dronları daşıyan təyyarə də daxil olmaqla, İranın 43 hərbi gəmisi də zədələnib və ya məhv edilib. Qeyd olunur ki, əməliyyatda çox sayda taktiki təyyarə ilə yanaşı, B-2A, B-52H və B-1B strateji bombardmançı təyyarələri də iştirak edir. Onlar İranın ən çox qorunan ballistik raket saxlama və istehsal müəssisələrinə zərbələr endirirlər.

ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün proqram həyata keçirəcək

ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Maliyyə Nazirliyi İranla münaqişə fonunda Hörmüz boğazından dəniz təchizatını normallaşdırmaq məqsədilə Fars körfəzindəki gəmilər üçün 20 milyard dollara qədər sığorta dairəsi ilə təkrarsığorta proqramı başladacaq. "Report"un xəbərinə görə, bu barədə korporasiya açıqlama verib. Sənəddə bildirilir ki, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının təkrarsığorta mexanizmi davamlı olaraq təxminən 20 milyard dollarlıq itkiləri sığortalayacaq. Proqram İranla münaqişə fonunda Hörmüz boğazından neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digər malların tədarükünü normallaşdırmaq üçün nəzərdə tutulub. Bu barədə isə korporasiyanın baş direktoru Ben Blek bildirib. "Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıq çərçivəsində əhatə dairəsi digər heç bir proqramla müqayisə olunmayan təhlükəsizlik səviyyəsini təmin edəcək. Əminik ki, təkrarsığorta mexanizmimiz neft, benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrənin Hörmüz boğazından yenidən dünyanın digər ölkələrinə buraxılmasına imkan verəcək", - o deyib.

Fəxrəddin Altuna yeni vəzifə verildi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sabiq rəhbəri Fəxrəddin Altun Türkiyənin Vatikandakı səfiri təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı qərar Rəsmi Qəzetdə dərc olunub. Qeyd edək ki, Fəxrəddin Altun bundan əvvəl Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri vəzifəsində çalışıb.

Ermənistan MTX-nin binasını yandırmaq istədilər

İnternetdə bir nəfərin Ermənistanın paytaxtı İrəvandakı Milli Təhlükəsizlik Xidmətinin binasına molotov kokteyli atdığını göstərən video yayılıb. Sozcu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan şübhəlinin saxlanılaraq istintaqa təhvil verildiyini bildirib.

İranda hərbi əməliyyat 4-6 həftə davam edə bilər

Vaşinqton administrasiyası ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 4-6 həftə davam edəcəyini ehtimal edir. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib. “Mən prezident Donald Tramp demədən heç bir müddətlə bağlı məlumat verməyəcəm. Qeyd edim ki, prezident Trampın əvvəllər də qeyd etdiyi kimi, əməliyyatların məqsədlərinə təxminən dörd-altı həftə ərzində nail olunacağını gözləyirik”, - Livitt deyib.

Rusiyada zəlzələ oldu

Rusiyanın Soçi bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli sakinlər yeraltı təkanları səhər saat 7:30 radələrində hiss etdiklərini bildiriblər. Yeraltı təkanlar ən şiddətli şəkildə Sirius, Adler, Xostinski və Mərkəzi rayonlarda hiss olunub. Mənzillərdə pəncərələr titrəyib və çilçıraqlar yellənib. Dağıntı və təlafat barədə məlumat yoxdur.

ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış

ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb. Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib. Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir. ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək və zərurət yaranarsa regionu tərk etmək üçün plan hazırlamaq tövsiyə olunub.

Tramp açıqladı: Ayətullah rejiminin devrilməsindən sonra...

İranda ayətullah rejiminin devrilməsindən sonra sıra Kubaya gələcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Kubada hakimiyyətin devrilməsində həlledici rol oynayacaq. O, həmçinin Venesuelanın yeni rəhbərliyinin bu prosesdə iştirakına işarə edib. "Venesuela fantastik iş görür. Onlarla münasibətlər gözəldir", - deyə o bildirib.

İranın bərpası üçün 10 il vaxt lazımdır - Tramp

ABŞ və İsrailin zərbələrindən sonra İranın bərpasına ən azı 10 il vaxt lazım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp jurnalistin hərbi kampaniyanın bitməsindən sonra İranı nələrin gözləyəcəyi ilə bağlı sualına cavabında deyib. “Növbəti mərhələni unudun. Onlar məhv edildilər. İranın bərpası üçün 10 il zaman lazımdır”, - deyə Tramp bildirib.

Bu Avropa ölkələrinin nüvə silahının olmasını istəmirik - ABŞ

Əgər Polşa, Almaniya və Skandinav ölkələri özlərinin nüvə potensialarını inkişaf etdirmək istəsəydilər, ABŞ onları bu plandan daşındırardı. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi deyib. “Açığı, Avropa hökumətlərinin müstəqil nüvə silahına sahib olmaq və Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədən çıxması istəməsi barədə təsdiqlənmiş məlumat eşitməmişəm. Müdafiə Nazirliyinin baxış bucağına görə, Avropanın NATO-nun nüvə çəkindiriciliyinə töhfəsi daha məqsədəuyğun və məntiqlidir. Britaniya və ya Fransanın müstəqil nüvə çəkindirməsi NATO-nun müdafiəsini möhkəmləndirir. Bu, yaxşı haldır”, - deyə Kolbi bildirib.

İran Azərbaycana niyə hücum edib? - Britaniyadan VACİB AÇIQLAMA

Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb. Britaniyalı politoloq Neil Uatson Naxçıvanın vurulmasını Modern.az-a şərh edib. Politoloq saytımıza açıqlamasında İranın Azərbaycanı qəsdən hədəf almağının ona qazanc gətirmədiyini bildirib: "Nəzərə almalıyıq ki, müharibənin ilk qurbanı həqiqətdir. Bunun İrandan, yoxsa ABŞ və müttəfiqlərinin Azərbaycanı öz tərəfinə çəkməyə çalışması olub-olmadığını dəqiq bilmirik, çünki Prezident Əliyev müharibəni və İran liderinin öldürülməsini pisləyib. İranın Azərbaycanı qəsdən hədəf almaqdan İsrail-Azərbaycan münasibətlərini və ya Trampın idarə etdiyi sülh danışıqlarını dəstəkləməməsi istisna olmaqla qazancı yoxdur. Müharibədə, həmişə olduğu kimi, hadisələrə üzdən yanaşmamalı və silahların insanların idarə etdiyi mexaniki əşyalar olduğunu və səhvlərin baş verə biləcəyini nəzərə almalıyıq". Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

İran terrorçu dövlət kimi qiymətləndirilməlidir

Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsində mülki infrastruktura qarşı həyata keçirilən hücumu qəti şəkildə pisləyib. Sozcu.az xəbər verir ki, hökümət başçısı bu barədə "X" hesabında yazıb. O bildirib ki, Azərbaycan ərazisinə edilən hücum, mülki infrastrukturu hədəfə alması və nəticədə insanların yaralanması İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktıdır. Edi Rama qeyd edib ki, Azərbaycan Albaniya üçün dəyərli dost və müttəfiqdir. Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb. Albaniyanın baş naziri vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir. Rama həmçinin bildirib ki, Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid olunmasına səbəb olmalıdır. Baş nazirin sözlərinə görə, başqa ölkələrin mülki infrastrukturu hədəfə alındıqda və suveren sərhədlər pozulduqda aqressiya ilə terrorizm arasındakı sərhəd aradan qalxır. O əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülh şəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixrac edən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimi qiymətləndirməlidirlər. Edi Rama Albaniyanın Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb. “Yol aydındır: aqressiya təcrid olunmalı, aqressorlar isə qəti şəkildə pislənməlidir. Zorakılıq yolunu seçənlər sülh tərəfdarlarının artan birliyinə cavab verməli olacaqlar”, – deyə o qeyd edib.

Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. "Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi", - Prezident deyib.

İranın Azərbaycanı hədəf alması… - Ukrayna

Biz Yaxın Şərq və Avropa ölkələrinə qarşı etdiyi hücumlardan sonra İranın Azərbaycanı hədəf almasını pisləyirik. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb. “İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi regional deyil, qlobal bir təhdiddir”, - nazir qeyd edib. Sibiqa İran rejiminin yaratdığı təhdidləri neytrallaşdırmaq, İran xalqı üçün normal həyat şansı vermək, Yaxın Şərqdə və daha geniş ərazilərdə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün bütün beynəlxalq səylərin birləşdirilməli olduğunu vurğulayıb. Qeyd edək ki, bu gün Naxçıvana İrandan dron hücumları həyata keçirilib.

AB Azərbaycanla tam həmrəydir - Kallas

Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib. Sozcu.az xəbər verir ki, Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb. “İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən gərginliyin daha da artırılmasıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğuladım”, - Kallas qeyd edib. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.

Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Dövlət başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

İranla sərhədlə bağlı təcili qərar - NK

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu barədə Sozcu.az-a Nazirlər Kabinetindən məlumat verilib. “Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib”, - məlumatda qeyd olunub.

Pakistan bu hücumdan dərin narahatdır - Nazir

Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Sozcu.az xəbər verir ki, telefon danışığı zamanı Pakistan tərəfi Azərbaycana edilən dron hücumu ilə bağlı dərin narahatlığını ifadə edib. Bölgədə geniş eskalasiyaya səbəb ola biləcək bu kimi addımların qəbuledilməz olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov İran tərəfindən qısa müddət ərzində məsələyə aydınlıq gətirilməsini və müvafiq izahat verilməsini gözlədiyimizi vurğulayıb. Nazirlər həmçinin Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu hücumu qətiyyətlə pisləyirik - Latviya prezidenti

Martın 5-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, telefon danışığı zamanı Latviya Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu qətiyyətlə pislədiyini bildirib. Edqars Rinkeviçs baş vermiş hadisə ilə bağlı Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində yaralananların tezliklə şəfa tapmalarını diləyib. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə Latviyanın dövlət başçısına təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək təmaslar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Fransa XİN bəyanat yaydı: Naxçıvana hücum...

Fransa Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana hücumu ilə əlaqədar Azərbaycanla tam həmrəyliyini ifadə edib. Sozcu.az xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib. "Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanını vuran İranın dron hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - məlumatda bildirilib. Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.

Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya

İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməliyəm. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın ali liderinin seçimləri ilə bağlı “Axios”a müsahibəsində deyib. Tramp İranın öldürülmüş ali lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ən çox ehtimal olunan varis olduğunu etiraf edib, lakin belə bir nəticənin qəbuledilməz olduğunu bildirib: “Onlar vaxtlarını boşa sərf edirlər. Xameneinin oğlu yüngül çəkilidir. Mən bu təyinatda iştirak etməliyəm, Venesuelada Delsi (Rodriges) ilə olduğum kimi”. O əlavə edib ki, Xameneinin siyasətini davam etdirəcək yeni İran liderini qəbul etməyəcək, çünki bu, ABŞ-ı beş ildən sonra müharibəyə qayıtmağa məcbur edəcək: “Xameneinin oğlu mənim üçün qəbuledilməzdir. Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik”. Qeyd edək ki, Müctəba Xameneinin yeni ali lider seçildiyi haqda məlumat yayılmışdı. Lakin İran rəsmi mediası seçkilərin davam etdiyini və hələ ali liderin seçilmədiyini açıqladı. Ötən gün ali liderin “seçilmək üzrə” olduğu bildirilsə də, hələ də qərar elan edilməyib.

"CNN": Trampın müşavirləri İran üzərində qələbənin tez bir zamanda elan edilməsində israr edirlər

Amerika lideri Donald Tramp əbədi döyüşməyə hazır olduğunu bəyan etsə də, bəzi müşavirləri ABŞ-ın uzunmüddətli müharibəyə cəlb olunmasından qorxur və onu İran üzərində qələbəni ən qısa müddətdə elan etməyə inandırmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb. Qeyd edildiyi kimi, beş günlük döyüşlərdən sonra Trampın ətrafındakıların çoxu artıq münaqişədən geri çəkilməyin zəruri olduğuna inanır. "CNN" mənbələri qeyd edib ki, Amerika administrasiyası bu məsələdə kifayət qədər ictimai dəstək əldə etməkdə çətinlik çəkir. Bundan əlavə, fond bazarı xaosa qərq olub, benzinin qiyməti artır və Amerika qoşunları arasında ölənlərin sayının artması ehtimalı var. Bu baxımdan prezidentin bəzi müşavirləri və yaxın müttəfiqləri onu hərbi əməliyyatların müddətini qısaltmağa və qələbəni mümkün qədər tez elan etməyə inandırmağa çalışırlar. Trampın müşavirlərindən biri "CNN"ə bildirib: "Bu, siyasi riskdir. Ümid edək ki, həqiqətən pis bir şey baş verməz, çünki baş verərsə, problemlər yaranacaq".

ABŞ Senatı İrana qarşı hərbi güc tətbiqini qadağan edən qətnaməni rədd edib

ABŞ Senatı administrasiyanın qanunvericilik orqanının icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsinin qadağan edilməsini tələb edən qətnaməni rədd edib. Sozcu.az xəbər verir ki, prosedur səsverməsi zamanı 47 senator sənədi dəstəkləyib, 52 senator isə əleyhinə səs verib. Respublikaçılar Partiyasının nümayəndələrinin nəzarətində olan Konqresin yuxarı palatasında təsdiqlənməsi üçün sənəd prosedur və yekun səsvermə zamanı qanunvericilərin sadə səs çoxluğu ilə dəstəklənməlidir. Hazırkı prezident Donald Trampın partiyasının üzvləri tərəfindən idarə olunan ABŞ Nümayəndələr Palatasında da oxşar sənəd üzrə səsvermənin cümə axşamı günü keçirilməsi gözlənilir. "Washington Post" əvvəllər sənədlərin ABŞ Konqresi tərəfindən təsdiqlənmə ehtimalının az olduğunu proqnozlaşdırmışdı. Hətta onlar Konqres tərəfindən təsdiqlənsə belə, prezidentin ona veto qoymaq hüququ olacaq.

Pakistan Əfqanıstanda itkilərin 489-a çatdığını açıqlayıb

Pakistan ordusu ilə toqquşmalarda həlak olan əfqan əsgərlərinin sayı azı 489-a çatıb, 696-dan çoxu isə yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar öz “X” hesabında məlumat verib. Onun sözlərinə görə, əməliyyatların başlanğıcından bəri Pakistan ordusu 226 Əfqanıstan nəzarət məntəqəsini məhv edib və daha 35-ni ələ keçirib. Hərbi Hava Qüvvələri isə qonşu ölkədəki 56 hədəfə zərbə endirib. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri 198-dən çox düşmən zirehli texnikasını zərərsizləşdirib. Əfqanıstan Müdafiə Nazirliyi isə Pakistanın itkilərinin 150 nəfər olduğunu, 200-dən çoxunun yaralandığını açıqlayıb. Nazirlik Pakistanla münaqişə zamanı 28 əfqan hərbçisinin öldüyünü və daha 42 nəfərin yaralandığını bildirib.