“Bunun adı qrip deyil!” - Tanınmış həkim həyəcan təbili çaldı

“21 günlük qrip?.. Qrip üç həftə davam edə bilməz... Kəskin faza uzağı bir həftəyə keçməlidir... üç həftə insan qızdırırsa, bunun adı qrip olmayacaq...” Sozcu.az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev hazırda Azərbaycanda müşahidə olunan xəstəlik barədə bildirib. “Camaatı panikaya salmayaq, amma qripdi, boş verin demək də düzgün deyil...”, - həkim əlavə edib. V.Qarayevin sözlərinə görə, uşaqlarda pnevmoniya sıxlaşıb. “İndiki viruslar uşaqlarda 3-5 günə pnevmoniya verir”,- deyə o xəbərdarlıq edib. Pediatrın sözlərinə görə, vaxtında həkimə müraciət edilsə, pnevmoniyadan "qaçmaq" mümkündür....

Bakıda kişi dərmandan zəhərlənərək öldü

Yasamalda kişi dərmandan zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı M.Xiyabani küçəsi ev 13 mənzil 25-dən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayararaq A. Allahverdiyev ölüb. Araşdırma aparılır.

Hərbçimiz yol qəzasında həlak oldu

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə zamanı 2003-cü il təvəllüdlü Səbuhi Əliyev həyatını itirib. S.Əliyev MAXE idi və işğaldan azad olunmuş ərazilərdə xidmət edirdi. Qeyd edək ki, mərhum bu gün Qazax rayon Qaymaqlı kəndində torpağa tapşırılıb.

Faktiki hava: 12 dərəcə şaxta olub

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm -dir. Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5, Cocuq-mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa, İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən, Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 mm-dir. Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay, Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Naxçıvan MR-da 10, Aran rayonlarında 5, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Qaz limiti bu tarixdə sıfırlanacaq - Rəsmi

İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır. Sozcu.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğacların dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcəyini bildirib. “Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”, - qurum rəsmisi əlavə edib. E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir: “Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”. O qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər: “Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12,5 qəpik ödəyirlər. Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır".

Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox - "Traktor"un sahibi

Təbrizin "Traktor" futbol klubunun sahibi Məhəmmədrza Zunuzi televiziya kanallarının birində canlı yayımda çıxışı zamanı türklərə qarşı təhqirlərə sərt reaksiya verib. Sozcu.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq. Zunuzi qeyd edib ki, etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək: "Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti "Traktor"dan da önəmlidir".

Milli Qəhrəmanın anası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası Şərqiyə Həmidova 86 yaşında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, mərhum uzun müddət şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Şərqiyə Həmidova bu gün Sumqayıt şəhərində dəfn olunub. Allah rəhmət eləsin.

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Ukrayna rus xüsusi təyinatlılarını darmadağın etdi

Ukrayna ordusu Donetsk vilayətinin Berdyansk yaşayış məntəqəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin komanda məntəqəsinə və xüsusi təyinatlıların toplanış mərkəzinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA komandiri Robert Brovdi (Madyar) məlumat verib. Məlumata görə, zərbələr nəticəsində 51 nəfər öldürülüb, 74 nəfər yaralanıb, xeyli sayda hərbçi isə itkin düşüb. Ümumilikdə, Rusiya Baş Kəşfiyyat İdarəsinin 14-cü Xüsusi Təyinatlı Briqadasının 120-dən çox əsgəri zərərsizləşdirilib.

Suriyada etiraz aksiyaları: ölən və yaralananlar var

Suriyanın Tartus, Latakiya və Hüms şəhərlərində etiraz aksiyaları keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Məlumata görə, etirazçılar mülki əhalinin qorunması və vətəndaş hüquqlarının pozulmasına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər. Qarşıdurmalar nəticəsində bir neçə ölən və xəsarət alanların olduğu bildirilir.

Faciəvi şəkildə ölən iki bacının FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Biləsuvar rayonunda dəhşətli qəza baş verib. Sozcu.az bildirir ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb. Onların fotolarını təqdim edirik:  (Sfera.az)

Kəlbəcərdə qarın hündürlüyü 35 santimetri keçdi

Dekabrın 28-də saat 03.00-dan başlayaraq Kəlbəcər rayonuna qar yağmağa başlayıb. Sozcu.az xəbər verir ki, Kəlbəcər şəhərinə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib. Havanın temperaturu - 2°-dir.

Tərtərdə ağır qəza: yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

General Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

Ukraynanın qələbəsini təmin etmək üçün biz Rusiya təcavüzkarının iqtisadiyyatını sarsıtmağa diqqət yetirməliyik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib. "Düşünürəm ki, Ukraynanın qələbə nəzəriyyəsi Rusiyanın neft və qaz infrastrukturunun məhv edilməsində, neft və qaz ixrac etmək imkanlarının pozulmasındadır. Ukrayna Rusiyanı belə məğlub edə bilər", - deyə o bildirib. O vurğulayıb ki, Rusiya Çin, Hindistan, Türkiyə və digər müştərilərə neft və qaz ixracından əldə etdiyi gəliri itirərsə, hücumlarını maliyyələşdirə bilməyəcək. Bundan əlavə, neft və qaz sektoruna hücumlar Rusiyanın daxili bazarında, xüsusən də hərbi sektorda müəyyən yanacaq çatışmazlığı yaradacaq.

Goranboyda ər-arvad dəm qazından zəhərləndi

Goranboyda ər-arvad dəm qazından zəhərlənib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, 1975-ci il təvəllüdlü Aqşin Qəribov və 1982-ci il təvəllüdlü Aynurə Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1404-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 204 510 hərbçi, 11 469 ədəd tank, 23 831 ədəd zirehli döyüş maşını, 35 557 ədəd artilleriya sistemi, 1 581 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 264 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 71 778 ədəd avtomobil texnikası, 96 227 ədəd PUA, 4 136 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 029 xüsusi avadanlıq itirib.

Zelenski Trampdan öncə Avropa liderləri ilə danışıb

Ukrayna Prezidcenti Vladimir Zelenski ABŞ Prezidenti Trampla görüşdən əvvəl Avropa liderləri ilə danışıb. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib. “Hazırkı diplomatik irəliləyişimizi müzakirə etdik. Ukrayna bütün dəstəyə görə minnətdardır. Prezident Trampla görüşümüzdən sonra sabah söhbətimizi davam etdirəcəyik”, - Zelenski bildirib. Qeyd edək ki, bu gün Floridada ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib. Bildirilib ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır: "Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir".

Binədə əqli pozuntuları olan kişi elektrik sobasında yandı

Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib. Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ABŞ və Ukrayna prezidentləri beş məsələni müzakirə edəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdə Rusiya ilə müharibənin dayandırılması üzrə beş məsələni müzakirə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, ABŞ-yə səfərindən əvvəl jurnalistlərə deyib. Dövlət başçısı bildirib ki, dekabrın 28-də amerikalı həmkarı ilə keçiriləcək danışıqlarda bu məsələlər müzakirə olunacaq: ABŞ-dən Ukraynaya təhlükəsizlik zəmanəti, Avropadan təhlükəsizlik zəmanəti, hərbi komponent, Ukraynanın rifahı və bərpası planı, planın mərhələli icrası - hər planın necə işləyəcəyinə dair təkliflər. Kiyev və Vaşinqton ardıcıl fəaliyyət planını da nəzərdən keçirəcək. Zelenskinin sözlərinə görə, bütün maddələr müzakirə edildikdən sonra ABŞ əldə olunan razılaşmaların nəticələrini Rusiya tərəfinə təqdim edəcək.

Ucqar bölgələrdə ana ölümü səviyyəsi 43.4-ə yüksəldi - NƏ BAŞ VERİR?

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib. 2024-cü ildə ana ölümü hallarının 6-sı şəhər, 23-ü isə kənd yerlərinin payına düşüb. 2024-cü ildə ana ölümü hallarının sayı Lənkəran-Astara və Mil-Muğan iqtisadi rayonlarında hərəsində 5, Qarabağ iqtisadi rayonunda 4, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında 3, Dağlıq Şirvan, Qazax-Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarında isə hərəsində 2 hal olaraq qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə hərəsində 1 ana ölümü faktı qeydə alınıb. Bakı şəhəri, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında ana ölümü halları müşahidə edilməyib. Ana ölümü anlayışı hamiləliyin müddətindən və harada baş verməsindən asılı olmayaraq, hamiləliyin ağırlaşması və ya düzgün aparılmaması nəticəsində (bədbəxt hadisə və ya təsadüfi səbəblər istisna olmaqla) hamiləlik dövründə, doğuş zamanı və ya hamiləliyin başa çatmasından sonra ilk 42 gün ərzində qadının vəfat etməsi halını ifadə edir.

Müəllim dəhşətli qəza törətdi: ölü və yaralılar var

Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib. Avtomobildə sürücüdən əlavə bir neçə qadın sərnişinin olduğu, onlardan birinin öldüyü bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl də Biləsuvarda avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölmüşdü.

Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 255 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Moskvada sarı xəbərdarlıq elan edildi

Güclü qar çovğunu ilə əlaqədar Rusiyanın paytaxtı Moskvada sarı xəbərdarlıq elan edilib. Sozcu.az xarici KIV-ə istinadən xəbər verir, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, sarı xəbərdarlıq paytaxtda 27 dekabr saat 20:00-dan bazar günü, 28 dekabr saat 10:00-dək (Bakı vaxtı ilə 11:00-dək) qüvvədə olacaq. Sinoptiklərin məlumatına görə, bazar günü axşam, gecə və səhər saatlarında Moskvada qar, bəzi yerlərdə güclü qar yağacağı, həmçinin yolların buz bağlayacağı gözlənilir. Qeyd edilir ki, bu gün küləyin sürəti 5–10 m/s olacaq, temperaturun dekabrın 28-ə kimi -4C dərəcə qədər enəcəyi proqnozlaşdırılır.