Cümhuriyyətin Daxili İşlər nazirinin müavini İbrahim bəy Heydərovun nəvəsi Mina xanım Tansel “İZ” layihəsində

   “İZ” layihəsinin qonağı Çar Rusiyası 3-cü Dövlət Dumasının üzvü olmuş, həmçinin Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü və fəllarından, Azərbaycan Cümhuriyyətinin qurulmasında xidmətləri olan Dərbənd türklərindən İbrahim bəy Heydərovun nəvəsi Mina xanım Tanseldır.

     – Mina xanım sizi “İZ” müsahibə layihəsində salamlayırıq. “İZ” layihəsi Azərbaycan tarixində önəmli xidmətləri olan tarixi şəxsiyyətlərin, fikir və mücadilə adamlarının “İZ”indədir. Sizinlə babanız İbrahim bəy Heydərovun həyatı, mücadiləsi ilə əlaqədar söhbət etmək istəyirəm. Əvvəlcə özünüzlə əlaqədar məlumat vermənizi xahiş edirik.

– Ankarada doğuldum, təhsilimi bu şəhərdə gördüm. Siyasi elmlər doktoruyam. Türkiyə Radio Televiziya Təşkilatında prodüser olaraq işlədim. Gənclərlə bağlı müxtəlif kitablarım var.

 –Babanızı gördünüzmü?

– Çox təəssüf ki, babam mən bir neçə aylıqkən dünyasını dəyişdi…

  – Babanız İbrahim bəy dərbəndli Azərbaycan türküdür. Babanız Dərbənddə kimlərdəndir ? Hansı soy və ailədən gəlir ? Bunlarla əlaqədar məlumatınız varmı?

– Babam, dərbəndli Heydərovlar soyundan gəlməkdədir. Bu soya adını verən adam, Nadir Şahın Qafqaza göndərdiyi komandanlardan xorasanlı Heydər bəydir. Ruslara məğlub olub çəkilərkən əsgərləriylə birlikdə Dərbəndə yerləşib və bu gün şəhərdə “birinci maqal” olaraq bilinən məhəlləni qurmuşdur. Heydər bəyin oğullarından Hacı Qasım bəyin iki oğulundan biri General Nemətullah Heydərov, digəri İbrahim bəyin babası Minnetullah (Minatulla) bəydir.

Minetullah bəyin Musa, İsa və Qasım adındakı üç oğulundan – İbrahim bəyin atası olan- İsa bəy bir dövr Dərbənd şəhərinin bələdiyyə başçısı olmuşdur. Qasım bəy isə uzun müddət eyni vəzifəni icra etmişdir. Qasım bəy xaricində ailənin bütün kişiləri hərbi təhsili almış, yalnız Qasım bəy Peterburqda hüquq oxumuşdur. Qasım bəy Heydərov, Dərbəndin və Azərbaycanın ictimai-siyasi həyatında aktiv rol almışdır. Həyatını daşnaqların təşkil etdiyi bir sui-qəsd nəticəsində itirmişdir.

 – Babanız İbrahim bəy Azərbaycanda, Dağıstanda və bütünlükdə Rusiya müsəlmanları arasında əhəmiyyətli xidmətlərə sahibdir. İlkin olaraq Duma həyatından və oradakı işlərindən danışmağınızı istərdik ?

    III. Dumaya Zaqatala bölgəsindən seçilən İbrahim Bəy burada RSDİPinə qatılır. Dərbəntdə bu partiyanın qurulmasında iştirak edən (Galina M.Yemelianovanın Russia and Islam: A Historical Survey kitabında, Dərbəntdəki Menşevik qrupu quranlar arasında ifadə edilən) babama dayım niyə bu partiyanı seçdiyini soruşduğu zaman bu cavabı vermiş: “Nə etsəydim? Rus milliyyətçilərinin partiyasınamı girsəydim?” O sırada, öz millətinin mənfəətləri üçün mübarizə etmək baxımından ən uyğun olaraq görünən bu partiyaymış. 1907-də isə RSDİPin seçkilərə qatılması qadağanmış. Müstəqil namizəd olaraq seçilən İbrahim Bəy, Dumada bu partiyaya qatılmış amma tətil günləri qanunu görüşülərkən RSDİP-in təlimatına uyğun olaraq səs verməni rədd edərək istefa vermişdir. Bu qərarını “Bu partiyada qalmaqla mən məni seçən müsəlman xalqın istəklərini ifadə bilmərəm” şərhiylə eşitdirmiş. (M. A. Abdullayev’in XX əsrin başlarında Dağıstanda İctimai Siyasi düşüncə (Moskva, 1987)kitabında, partiyanın Menşevik qanadından millət vəkillərinin onu bu qərarından daşındırmağa çalışdıqlarını oxuyuruq.) Dumada İbrahim bəy Heydərovdan “jurnalist millət vəkili” olaraq danışıldığı görülür. Yasaların şəffaflığını təmin etmək məqsədiylə parlamentdə görüşülən və görüşüləcək mövzuların ictimaiyyət tərəfindən bilinməsi, izlənilməsi üçün bir jurnal çıxarmağa başlamışdır. Rus dilində nəşr olunan “Drug Provinsiya” adındakı bu jurnalın redaksiya heyyəti üzvü və məsləhətçisi olduğunu, jurnaldakı manşetləri onun yazdığını, ancaq bir müddət sonra jurnalın çıxmadığını görürük. Səbəbini bilmirik. Parlamentdəki bəzi danışmalarının çıxışlarının Azərbaycanda kitabça olaraq basıldığı bilinən İbrahim bəyin Dumadakı əsl mübarizəsinin müsəlman şagirdlərin təhsili, ana dildə təhsil, torpaq islahatı kimi mövzularda olduğu və rus millətçilərinə qarşı sərt bir müxalifət icra etdiyi görülür.  III. Dumadakı bu sərt rəftarı səbəbiylə də IV. Dumaya namizədliyinin təsdiqlənmədiyini bilirik.

İbrahim bəy Heydərov Dumada millət vəkili olan vaxtlar( orta tam görünən -oturan)

   – Babanız Bakıda bir çox dərnək və cəmiyyətlərin qurulması və rəhbərliyində iştirak edib. Bunlarla əlaqədar məlumatlarınız varmı?

    –  Babam öz etdiklərindən yeri gəlmədikcə heç danışmazmış. Bu gün, dəyərli tarixçi Ədalət Tahirzadənin əldə edə bildiyi köhnə qəzet xəbərləri və fotoşəkil və digər qaynaqlardan öyrənirik ki, Bakıda 1907-də Azərbaycanın müsəlman toplumunun öz dilində təhsil alması, universitet təhsili görməsi və digər məqsədlərlə qurulmuş olan Nəşri-Maarif Cəmiyyəti, 1914-də yenə xalqın təhsil və mədəniyyətini inkişaf etdirməyi hədəfləyən Səfa Cəmiyyəti, Qafqazı Öyrənmə Cəmiyyəti, 1916-da Nicat, Ədəb Yurdu kimi cəmiyyətlərin qurulmasında və rəhbərliyində fəal iştirak etmişdir. Yenə bir qəzet xəbərində (Kaspi, 17.9.1917) Oktyabr inqilabı əvvəlindəki günlərdə Türk Ədəbiyyatı Akademiyası qurma hazırlıqları içində olduğunu oxuyuruq, amma bu işin baş tutmadığı aydın olur.

İbrahim bəy, qızı Fatma xanım, Həyat yoldaşı Bahəddin Alpengin və övladları Mina Tansel

     – İbrahim bəy Balakişi Ərəblinskinin nəvəsi Nisə xanım Ərəblinskaya ilə ailə həyatı qurmuşdur. Hacı Zeynalabidin də Ərəblinskayalardan biri ilə ailə həyatı qurmuş idi. Babanızın Nisə xanımla tanış olmaları və həyatları əlaqədar nələri bilirsiniz?

      – Nənəm Nisa xanım Ərəblinskayanın kiçik xalası Sona xanım Hacı Zeynalabidin ilə ailə həyatı qurmuşdu. Onun qızı Leyla xanım ilə nənəm həm xala uşaqları həm də yaxşı dost imişlər və bir-birlərinin evlərinə gedib-gəlirlərmiş. Leyla xanım, Əli Asadullayev ilə nişanlanmış. Babam da onun dostu imiş. Leyla xanımgilin evində tanış olmuşlar. Altı ay sonra evlənmişlər. Minnətullah adında bir oğlan, Leyla, Fatma, Şərmin adlarında üç qız övladları olmuşdur. Anam Fatma Heydaroğlu Alpengin ortancıl qızlarıdır.

Nisə xanım (İbrahim bəyin həyat yoldaşı)

    –  İbrahim bəy Şimal Qafqaz Cümhuriyytində də iştirak etmişdir. Orada hansı işlərdə çalışdı?

–  Babam, Fevral 1917 inqilabından sonra Qafqaz Ümumi Qubernatorunun yerinə keçmək üzrə yaradılan – OZAKOM tərəfindən Dağıstan Ümumi Qubernatorluğuna (komisarlığına) gətirilmişdi. O vəzifəsi əsnasında Şimal Qafqazda türkcənin rəsmi dil olması üçün işlər gördüyünü, müəllimlər üçün türk dili kurslarının açılmasını təmin etdiyini oxuyuruq. 1918-ci ilin may ayında Azərbaycan Cümhuriyyətinin elanından bir neçə həftə əvvəl müstəqilliyini elan edən Şimal Qafqaz Respublikasının ilk kabinetində ona nazirlik vəzifəsi verilir amma özü o sırada Bakıda məhbus idi. Şimal Qafqaz Respublikasının daha sonrakı nazirlər kabinetində vəzifə aldı, Birinci Dünya Müharibəsini sonlandıran Paris Konfransına gedən Şimal Qafqaz nümayəndələri arasında iştirak etdiyi bilinir. Azərbaycanla Şimal Qafqazın birləşməsi idealını daşıdığını, bu istiqamətdə səy göstərdiyini bilirik. Dayımın söylədiyinə görə, çox millətli Dağıstanda doğulmaqla birlikdə türk olduğu üçün Azərbaycanda türklərin arasında özünü evində hiss edirmiş. Ancaq, bura da bir gerçək ki Dağıstandakı müxalifləri onu “yarı əcəm bir elin adamı” (azərbaycanlı demək istəyirlər), azərbaycanlı müxalifləri də “Dağlı” olaraq xarakterizə edərək dışlamak istəyiblər.

     – İbrahim bəy 1918-ci ildə, Cümhuriyyətimiz elan edildiyi zaman Əlimərdan bəy Topçubaşi ilə birlikdə  Bakıda S. Şaumyanın əsirliyində idi. Babanızı hansı səbəblərə görə həbs etmişdilər və necə oldu xilas oldu?

– Babam İbrahim bəy, 1917-ci ildə Azərbaycandan Müəssislər Məclisinə üzv olaraq seçilmişdi. Ancaq Azərbaycan nümayəndələri Peterburqa çatmadan Lenin Müəssislər Məclisini dağıtdı. Bunun üzərinə – azərbaycanlı, gürcü və ermənilərin ortaq şəkildə qurduğu parlamentə – Zaqafqaziya Seyminə qatılan azərbaycanlı millət vəkilləri arasında iştirak etdi.  Zaqafqaziya hökumətlərində də nazirlik vəzifələri aldı. Osmanlı dövləti ilə reallaşan Trabzon Konfransında Maverayı Qafqazı Azərbaycandan təmsil edən üç üzv arasında idi. Konfrans sürərkən 1918-də Bakıda qətliam yaşandı. Babam, hadisələri araşdırmaq üzrə Zaqafqaziya hökumətinin Tiflisdən Bakıya göndərdiyi üç millətdən hərəsindən bir millət vəkili kimi Azərbaycan nümayəndəsi olaraq Bakıda oldu. Bakıya gələn kimi həbs olundu. Topçubaşı ilə eyni həbsxana hücrəsini paylaşdığını oxuyuruq, özü bu mövzulardan danışmazmış. Anamla dayım mənə bu məsələ ilə bağlı detallı məlumat vermədilər.

İbrahim bəy övladları ilə

     – Babanız 1918-1920-ci il Azərbaycan Cümhuriyyətində hansı işləri gördü?

–  Azərbaycan Cümhuriyyəti qurulduğu zaman həbsdə idi. Ancaq Azərbaycandan Tiflisdə Seymdə təmsil olunan bütün millət vəkilləri kimi o da Gəncəyə daşınan gənc respublikanın millət vəkili oldu. Həmişə pansion məktəbdə oxuyan anam, babamın Gəncədən çox danışdığını söyləsə də nələr izah etdiyini xatırlaya bilmir. Məmləkətində etdiyi işlərdən çox az danışan atasının Upravanı da çox xatırladığını ifadə edir. Bu gün öyrənirik ki, Bakı şəhər rəhbərliyində önəmli bir vəzifə almışdır.

Sovet işğalından sonra İbrahim bəy mühacirətə getdi. İstəyərdik, mühacirətə gedişi ilə əlaqədar məlumat verəsiniz ? Əvvəlcə hansı ölkəyə getdi?

Sovet işğalından dərhal sonra həm iş bilən adam tapa bilmədikləri üçün həm də sanıram, bir ara RSDİPin üzvü olmasına baxaraq İbrahim bəyə Nəqliyyat naziri müavini vəzifəsini təklif etmişlər. Dayımın söylədiyinə görə, “Bəlkə bir neçə adamın xilas olmasına köməyim ola bilər” deyə vəzifəsini qəbul etmiş. Bu gün köhnə qəzet xəbərlərinə (Krasni Voin, 25.6.1920)  baxınca görürük ki, həqiqətən də “bəzi müsavatçıların sərbəst buraxılması üçün çalışdığı” səbəbiylə ÇEKA tərəfindən həbs olunur. Ailədən öyrəndiyimizə görə ÇEKA bu dövrdə onu iki dəfə həbs etmişdir. İlk həbsdə sərbəst buraxıldıqdan qısa bir müddət sonra bu dəfə “inqilab əleyhdarı cinayətlər törətmiş” olmaqla günahlandırılaraq bir daha həbs olunmuşdur. Bu günahlandırmanın, qardaşı Ömər bəy Heydərovun başında olduğu dağıstanlı şəbəkənin bolşeviklərlə döyüşündən qaynaqlandığı düşünülə bilər. İbrahim Bəyin silahlı bir qarşıdurmada həqiqi iştirak edib, etmədiyini bilmirik, amma planlayıcılarından ola bilər bəlkə. Heç bir xilas olma ümidinin qalmadığı bu son həbsdən Nəriman Nərimanovun vasitəsilə xilas olduğunu bilirik.  (Nəriman Nərimanovla əvvəldən tanış olduğunu göstərən bir fotoşəkil var: Səfa Cəmiyyəti idarəçiləri və şagirdlərinin birlikdə çəkilmiş 1914 tarixli fotoda yan-yana otururlar. )Həbsdən çıxan kimi, özü kimi mühəndis olan qardaşı Ömər bəyin şəxsiyyəti ilə Gürcüstan-Azərbaycan sərhədində uçurulmuş bir körpünün təmir edilməsi bəhanəsi ilə Gürcüstana qaçır. Orada ailəsini gözləyir. bir müddət sonra yoldaşı Nisə xanım tək başına yanına gələ bilir. İki uşaqlarının baxıcıları ilə birlikdə Azərbaycandan qaça bilməsi, Türkiyə səfiri Əli Fuad Cəbəsoyun baxıcıya “şəhid olmuş bir Osmanlı zabitinin arvadı adına təşkil edilmiş bir şəxsiyyət” təmin etməsi sayəsində mümkün olur. Beləcə bir araya gələn ailə, Sovet rəhbərliyi yıxılana qədər qalmaq ümidiylə, Fransaya köçür.

     – Babanız mühacirətdə hansı ölkələrdə oldu və hansı işləri gördü?

–  Fransada bir müddət sonra ailəsini dolandırmaq üçün işə başlaması lazım idi. Peterburqdakı Nəqliyyat İnstitutundan aldığı ixtisaslı mühəndis diplomu yanında olmadığından, bir fabrikdə ustabaşı olaraq işlədi. Trabzon Konfransı əsnasında tanış olub özünə gizli məlumatlar verdiyi üçün yaxınlıq qurmuş olduğu Rauf Orbay, Türkiyədə baş nazirlikdən ayrılınca Parisə gedir. Orada babam İbrahim bəylə görüşürlər və babama Türkiyədə dəmiryolları istehsalı səfərbərliyi başladıldığını, yerli mühəndis sayı kafi olmadığı üçün xaricdən mühəndis gətirdildiyini izah edir. “Türkiyədə dəmiryolları istehsalında mühəndis olaraq işləmək istərsənmi ?” deyə soruşur. Müsbət cavab verən İbrahim Bəy 1925-də Türkiyəyə gəlir və dəmiryolları istehsalında vəzifə alır. Ərzincan zəlzələsinə qədər 14 il Anadoluda işləyir.

İbrahim bəy sevimli atı ilə

  – Bildiyim qədəri babanızın ATlara böyük marağı olmuş və at minməyi sevərmiş. Babanızın bu xobbisini sizdən dinləmək istərdik?

– Dağıstanda kiçik yaşda at minməyi öyrənmiş və məmləkətində həmişə atları olmuşdur. Mənə danışılan bir çox xatirəsində atlar var: Bolşevik zirehli qatarını fərqinə varınca atını dağa sürdüyü, arxasından gələn Rus əsgərlərinin atəşi ilə atının yaralanması üzərinə atla birlikdə düşüb yaralanınca xəstəxanaya aparıldığı, xəstəxanada yanına gələn tibb bacısının “Sən Türksənmi? Mən Şuşanikin nəvəsiyəm, o ovucuna Türk qanı doldurub içərdi, indi mən də sənin qanını içəcəyəm” dediyi, daha uşaqkən dinləyib təsirləndiyim xatirələrdən…  Dərbənddə bolşeviklər arxasına düşüncə, at kürəyində gizli keçidlərdən keçərək Bakıya gəldiyini bilirəm.  Anadoluda vəzifə yerinə yetirməyə başlayınca da özünə bir at verilir; amma o ayrıca iki at daha götürür: bir İngilis, bir Ərəb atı… (İngilis atı, Sivasda yarışmalara qatılıb birincilik almışdı.) Ərzincan zəlzələsində bütün iş yoldaşları ailələri ilə birlikdə həyatlarını itirir, babam İbrahim bəyin isə atları belə zəlzələdən sağ çıxır. Bu acıları üzərinə Ankaraya təyinini istəyən babam, atlarını da gətirir və Atlı İdman Klubunda baxıma verir. Döyüş dövrü… Ankarada həyat bahalı, üç uşağını İstanbulda pullu məktəbdə oxudur. (Əslində, Türkiyə Cümhuriyyəti Azərbaycan və Şimali Qafqaz Respublikalarında siyasət mövqelərində olanlara – tələb etmələri üzərinə ev və torpaq bağışlayırmış, amma İbrahim bəy mühəndis olaraq işləyib öz-özünə çatacağını düşündüyü üçün bu mövzuda heç bir cəhddə olmamışdır. Ayrıca, Türkiyədə siyasətə girməsi təkliflərini də qəbul etmemişdir. Ankaraya gəldikdən bir müddət sonra, atların baxım xərcləri çox yüksək olduğu üçün onları satmaq məcburiyyətində qalmış. Atlarına son dəfə kəsmə şəkər verib başlarını oxşayarkən özünə başqa cür baxdıqlarını izah etmiş… Atlarını satmaq məsələsində içi yanmış olsa belə daha sonra bir dəfə belə həsrətini dilə gətirdiyini, şikayətləndiyini eşitməmiş övladları.

Dəmiryolu inşaatı zamanı

     – Babanızın istər Azərbaycanda, istərsə də mühacirət illərində ən yaxın dostları kimlər idi?

– Bu mövzuda, çox təəssüf ki, çox məlumatım yox. Parisdəykən -Türk əsilli Qacar xanədanının bir üzvü- Xosrov Mirzə ilə yaxınlıqları olduğunu, izah edilən bir neçə xatirə ilə əldəki bir neçə fotoşəkildən bilirəm. Dayımın söylədiyinə görə, Peterburqda eyni universiteti bitirmişlər.

Türkiyədə həyatının böyük hissəsini Anadoluda keçdiyi üçün o illərdə həmyerliləri ilə görüşmək imkanı tapa bilməmiş. Ankaraya gəldikdən sonra da həyatının son gününə qədər Nafiə Vəkaləti Fən Heyətində işləmişdir. Oradakı yerli xarici mühəndislərlə dostluq qurmuşdur.

Yoldaşı Nisa xanım Ankaraya daşınmalarından sonra başlayan və uzun sürən xəstəlikdən sonra həyatını itirincə, həmyerliləri babamı tək buraxmamışlar. Hər şənbə ziyarətinə gələrlərmiş. Anam ibtidai məktəbi bitirdikdən sonra həmişə pansion məktəbdə oxuduğu üçün evə gəlib gedənləri çox bilmir. Atasından Əhməd Bəy Ağaoğlu, Topçubaşi, Rəsulzadə kimi adlar eşitdiyini söyləsə də heç birini gördüyünü xatırlamır. Berkok Paşayla, Rauf Orbayla, Sadri Maksudi ilə görüşdüyünü bilir.

  – Müsahibə üçün sizə candan təşəkkür edirik.

Mən də İZlərə çatma səyləriniz üçün sizə təşəkkür edirəm. Bu işləriniz sayəsində, vətənpərvər azərbaycanlıların ruhları şad olur.

Söhbətləşdi: Ceyhun Nəbi

Sozcu.az

 

 

Facebook Comments