4 iyun – Arzularımızın baltalandığı gün

Elşən Əlisoy

Mən hansısa hadisələrlə bağlı olan günləri yadımda saxlaya bilmirəm. Bəzən buna görə utandığım vaxtlar da olub. Sevdiyim bir insanın doğum gününü unudanda gətirdiyim bəhanələr qarşı tərəfi heç zaman qane etməyib. Hətta həbsxanadan çıxdığım gün də yadımda deyil. Sadəcə bilirəm ki, 2004-ci ildə 4 illik şərti cəza ilə güya ki azadlığa çıxdım. 6 ay Bayıl həbsxanasında cəza çəkdiyim müddətdən sonra çıxdığım azadlıq, yenə də həbsxana ilə az fərqi olan bir həyat oldu.

Yaddaşıma həkk olunan az sayda günlərdən biri 4 iyun – dövlətçiliyimizin şəhid olduğu gündür.

4 iyun yaddaşımda əbədi qalan, ömrümüzün çalındığı, arzularımızın baltalandığı, “Azadlıq” kəlməsinin ümidsizliyə döndüyü bir gündür.

“Hər bir xalq öz başçısına bənzəyər” deyiblər. Azərbaycan xalqının Əbülfəz Elçibəyə yox, Heydər Əliyevə bənzədiyini ortaya qoyduğu gündür, 4 iyun günü. Bu gün də elədir!

Əbülfəz Elçibəyin adını şüara çevrənlərin əksəriyyəti elə bil balaca “Heydər Əliyevlərdir”. Heçnə dəyişməyib…!

1993-ci il 4 iyun qiyamında 14 yaşım var idi. Ağsu rayonunun Pirhəsənli kəndində məcburi köçkün olaraq məskunlaşmışdıq. Qayğısız uşaqlıq dövrüm hələ böyüməmiş qaçqınlıq dövrü ilə əvəzlənmişdi. 4 İyunu ömrümüzə yazanlar cəmi bir hərbi texnika ilə Ağsu rayonuna girmişdilər. Pirhəsənli kəndinin altında- şəhərə gedən yolun başında dayanıb, gəlib – gedən maşınların sənədlərini alır, arada kefləri istəyəndə havaya bir-iki güllə atırdılar. Bu gün sinəsinə döyüb qəhramanlıqlarından danışan bir çox cəbhəçilər isə 3-4 qiyamçının qabağından qaçıb, güya “Şıxov Batalyonu”na getmişdilər. Onlara əmanət olan bölgələri qorumalı olanlar, Əbülfəz Elçibəyin qanadları altına sıxınaraq çaşqınlıq içində möcüzə gözləyirdilər. Əbülfəz Elçibəyə isə postunu atıb ona sığınan əsgər yox, ölümə gedə bilən qəhramanlar lazım idi…

4 iyun olmasaydı, Şuşanın işğalı günü ermənilərlə birgə bayram keçirməyəcəkdik. Heç Qiyas da, Bayram da “Qul Bayramınız mübarək” yazıb həbs olunmayacaqdı.

Uşaq vaxtı məftildən düzəltiyim maşını oğurlamışılar. Dəli olmuşdum. Evdəkilər məni susdura bilmirdilər. Məndən yaşca böyük olan bibim oğlu “yenisini düzəldərəm” deyib məni sakitləşdirməyə çalışırdı. 4 iyun günü dövlətçiliyimiz şəhid oldu, uşaqlığım məhv edildi, gəncliyim oğurlandı. Yenisini düzəldərik deyib təskinlik verənsə yoxdur.

Dövlətimizi bərpa edək deyib, hayqıraraq meydana girən tapılmır. ”Elçibəy əsgərləri”nin bəzisi saxta deputat mandatı qazanır, bəzisi kiçik kabinetlərində oturub “müdirlik” edir. Hərə öz hayındadır…

4 iyun olmasaydı nə vətənini atıb avropalılara sığınanlar olacaqdı, nə də vətənini cəhənnəmə bənzədib cənnət arxasınca qaçanlar…

4 İyunun sadəcə bir qəhramanı var, gəmini sonuncu tərk edən Əbülfəz Elçibəy!

Gəmini limana çatdırmaq görəvi olanların ilk qaçanlar olduğunu görən bəy, xalqın nicatının dəryada batmasına imkan vermədi. Getdi, son ümid olan Elçibəyi qorumaq və yenidən qayıtmaq üçün…

Bəy sadəcə bir şeyi qaçırmışdı, o da ona arzularını həyata keçməyə imkan verməyən əcəl zəngini…

Azərbaycan xalqı istiqlaliyyəti, bütövlüyü uğrunda mütləqdir ki, bir gün savaşacaq və o savaşda Əbülfəz bəy yenə də xalqla bir yerdə olacaq. Bunu Bəy özü belə deyib:

“Bir xalq azadlıq əldə edirsə o xalqın həyatdan köçmüş insanlarının (əlbəttə, bu azadlığı istəyən və onun uğrunda mücadilə edən insanları nəzərdə tuturam) ruhu da orada iştirak edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!”

Əbülfəz ELÇİBƏY,

Ankara Dövlət Xəstəxanası

Allah sənə rəhmət eləsin öndərim.

Facebook Comments