Əli Kərimli: “Ermənistanın hədəfi Şuşa və Hadrutdur”

“Ermənistanın hədəfi Şuşa və Hadrutdur. Ən azı Rusiyanın köməyilə bu bölgələri mübahisələndirmək istəyirlər. Şuşanın 3 kilometrliyində icazəli və arxalı erməni partizanlarının peyda olması Şuşa üçün planlaşdırılan təhlükənin ilk addımıdır. Rusiya “sülhməramlılarının” ordumuzun azad etdiyi, Şuşa və Hadrut üçün strateji önəm daşıyan bəzi ərazilərimizi öz nəzarətinə götürmək cəhdləri suverenliyimizə qəsddir və buna imkan verilməməlidir. Rusiya təkbaşına xəritələri dəyişdirib, torpaqlarımızı öz nəzarətinə götürə bilməz”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

Ə.Kərimli qeyd edib ki, cəmi 1 ay qabaq Rusiya ordusunun Qarabağa qaytarılmasını tənqid edəndə hər yazımızı, çıxışımızı topa tuturdular: “Biz deyəndə ki, Rusiya ordusunun sülhməramlı olduğunu hələ görən olmayıb, bu ordu sülhməramlı adı altında girdiyi heç bir ölkədən hələ çıxmayıb, bizi tənqid edirdilər ki, qələbəmizə kölgə salırsız. Bu gün isə məcbur olub özləri də iqtidar mətbuatında Rusiya “sülhməramlılarını” tənqid ediblər. İctimaiyyətin Rusiya “sülhməramlılarına” onsuz da etibar etmədiyini vurğulayıblar. “Rusiya ordusunun Azərbaycana qayıtmasının ölkəmizə yaradacağı təhlükələri vaxtında görüb tənqid edənləri nəyə görə susdurmaq istəyirdiniz?” sualını vermirəm. Ancaq etiraf edin ki, siyasət ciddi işdir və arzu olunanın gerçəklik kimi təqdim edilməsi üzərində inşa edilə bilməz. İndi isə dövlətimizin maraqları tələb edir ki, cəmiyyətin əl-qolunu açasınız. Ölkə vətəndaşları azad olmalı, öz hakimiyyətini də, istənilən xarici qüvvəni də açıq tənqid edə bilməlidir. Demokratik institutlar, güclü müxalifət və vətəndaş cəmiyyəti, azad mətbuat dövlətin həm də xarici təzyiqlərə qarşı immun sistemidir. Bir nəfərin idarə etdiyi ölkələr üçün xarici təzyiqlərə sinə gərmək hər zaman çətin olur. Müxalifəti, vətəndaş cəmiyyətini və azad mətbuatı təcrid edib zəiflətmək, normal parlamentin formalaşmasına imkan verməmək cəmiyyəti və dövləti xarici qüvvələr qarşısında da zəiflədir. Rusiyanın xəritə dəyişmək, əraziləri nəzarətinə keçirmək cəhdləri hələ başlanğıcdır. Qabaqda bizi artan və çoxvektorlu beynəlxalq təzyiqlər gözləyir. Azərbaycanda dövlətin demokratikləşməsi, güclü cəmiyyət quruculuğu indi həm də milli təhlükəsizlik məsələsidir”.

Facebook Comments