Yekaterinburqda saxlanılan azərbaycanlı HƏBS EDİLDİ

Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələrin saxladığı azərbaycanlı Vidadi Mustafayevi həbs edib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Vidadi Mustafayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Vidadi Mustafayev ona böhtan atıldığını bildirib. O, torpaq satışında fırıldaqçılıqda şübhəli bilinir.

Yağıntılı hava neçə gün davam edəcək? – XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilən əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib.  Qurum bildirir ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. "Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər", - Baş Prokurorluqdan qeyd olunub. 

Biləsuvarda küçələrin işıqlandırma sisteminin təmiri işlərinə yarım milyondan çox vəsait sərf ediləcək – İşi 10 manatlıq şirkət görəcək

Biləsuvar şəhərinin küçələrinin işıqlandırma sisteminin cari təmiri işlərinə (büdcə və büdcədənkənar vəsaiti hesabına) 510 632 AZN xərclənəcək. Pravda.az-ın xəbərinə görə, təmir işlərini “Euroservise” MMC görəcək. Biləsuvar Rayon İcra Hakimiyyəti və şirkət arasında müqavilə imzalanıb. MMC-nin nizamnamə kapitalı 10 AZN-dir.

Gəncədə ər arvadını döyüb xəstəxanalıq etdi

Gəncədə qadın döyülüb. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib. Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL

Bakı şəhərinin Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 92A ünvanında yerləşən yaşayış binasında onlarla ailənin mülkiyyət, təhlükəsizlik və digər hüquqları ciddi şəkildə pozulub. Bunu sakinlər Modern.az-a göndərdikləri məktubda bildiriblər. Sakinlərin iddiasına görə, bina əvvəl MTK tərəfindən, daha sonra isə “Yasamal-71” MMMC tərəfindən şəffaflıqdan uzaq, hüquqi əsası olmayan, müqaviləsiz ödəniş və borc tələbləri ilə idarə olunub. Ən narahatedici məqam isə odur ki, sakinlər yalnız idarəedici qurumlarla deyil, bəzi məhkəmələrin bu məsələlərə yanaşması ilə də çətin vəziyyətə salınır. Sakinlərin sözlərinə görə, onların nə əvvəlki ASP MTK ilə, nə özünü komendant adlandıran Etibar İbrahimov ilə, nə də “Yasamal-71” MMMC ilə hər hansı yazılı və ya şifahi müqaviləsi olub. “Heç bir öhdəlik götürülməyib, heç bir smeta, müqavilə, xidmət əsaslandırması təqdim edilməyib. Buna baxmayaraq, bəzi sakinlərdən 4-5 il əvvəlin borcu tələb olunur. Hüquqşünasların fikrincə, bu, Azərbaycan qanunvericiliyinə, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Konstitusiyanın 60-cı maddəsinə və xüsusən də Konstitusiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarına ziddir. Konstitusiya Məhkəməsi həmin qərarda açıq şəkildə bildirir: Vətəndaşla idarəedici qurum arasında öhdəlik yalnız qanuna uyğun bağlanmış müqavilə olduqda yarana bilər. Deməli, müqavilə yoxdursa, borc da ola bilməz”, - sakinlər qeyd ediblər. Sakinlərin ən çox narazı qaldığı məqam “Yasamal-71” MMMC-nin yaranma prosesi ilə bağlıdır. İddialara görə, MMMC-nin yaradılmasında qərar səs çoxluğu, cəmi 4 nəfər qaraj sahibinin adlarına yazılan təxminən 650 səslə təmin edilib. "Bu isə çox ciddi suallar yaradır: bu 4 şəxs 650 qarajı necə əldə edib? Bu qədər səs hüququ hansı əsasla təsdiqlənib? Necə olur ki, qaraj sahibləri mənzil sahiblərinin ödənişlərini müəyyən edir? Əgər kommunal haqqı onlar müəyyən edirsə, bəs özləri bu binaya görə nə qədər ödəyiblər?”, - sakinlər sual ediblər. Sakinlər “Bizim yerimizə qərar verənlər mənzil sahibi deyil. Bu ədalət deyil”, - əlavə ediblər Onlar binanın 3 mərtəbəli zirzəmisində onlarla anbar, avtoyuma məntəqəsi, təmir sexləri, mənşəyi və təhlükəsizlik statusu bilinməyən avadanlıqlar, hətta yanıcı və partlayıcı maddələr ola biləcəyi ehtimal edilən materiallar saxlanıldığını bildirirlər. “Ən narahatedici məsələ bu obyektlərə kim nəzarət edir, bilinmir, FHN, bələdiyyə və digər orqanların sistemli yoxlama apardığına dair heç bir məlumat yoxdur. Təhlükəsizlik qaydalarının pozulması ehtimalı ilə bağlı müraciətlər cavabsız qalır. Bu isə sadəcə hüquqi problem deyil, birbaşa insan həyatı üçün təhlükə deməkdir”. Sakinlərin ən ciddi narazılığı məhz məhkəmə mərhələsində ortaya çıxır. Hazırda təkcə Yasamal Rayon Məhkəməsində 30-dan çox iş “Yasamal-71” MMMC-nin iddiası əsasında baxılır. Bu işlərin böyük qismi iki hakimə düşür: Aydan Oruclu və Aytəkin Əsədzadə. Sakinlərin dediyinə görə, hakim Aydan Oruclu və Aytəkin Əsədzadə eyni mahiyyətli işlərdə tam fərqli qərarlar verir, bəzi işlərlə bağlı sübut tələb edir, bəzilərində isə heç bir əsas olmadan icraata qəbul edir, digər hakimlərin rədd etdiyi işləri tələsik şəkildə qəbul edir, vəsatətlər təmin edilmir, iddiaçıdan əsas sübutlar tələb olunmur. Sakinlər bunu belə adlandırır: “Bu məhkəmədə qərarı qanun yox, kimin icraatına düşməyimiz müəyyən edir”. Artıq onlarla sakin eyni vaxtda Apelyasiya Məhkəməsinə müraciət hazırlayır. Çünki onların sözlərinə görə, Yasamal məhkəməsində səs eşidilmir, vəsatətlər təmin edilmir, sübutlar tələb olunmur, iddialar tələsik qəbul edilir. “Biz ədaləti Yasamal məhkəməsində deyil, daha yuxarı instansiyalarda axtaracağıq”, - onlar deyiblər. Bildiriblər ki, Yasamal məhkəməsində şirkətin maraqlarına toxunan şikayətlərə baxılmır, sakinlərin yüzlərlə müraciəti cavabsız qalır, məhkəmə qərarları isə çox vaxt şirkətin mövqeyi ilə üst-üstə düşür. Sakinlərin gözləntisi sadədir: qanun işləsin, Konstitusiya və Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunsun, məhkəmələr həqiqəti araşdırsın, müqaviləsiz borc yaratma praktikasına son qoyulsun, insanların səsi eşidilsin. Və ən böyük sual hələ də açıqdır: Bu özbaşınalığa kim və nə vaxt “dayan” deyəcək?

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci, 5.2.15-ci, 5.2.17-ci, 6.3-cü, 8.2.2-ci, 8.8-ci maddələrində, 8.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 10.2-ci maddəsində, 12.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 12.4-cü, 13.2-ci, 16.1-ci, 16.2-ci, 16.4-cü (hər iki halda) və 18.1-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 12.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 18.1-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Qanunun 8.8-ci maddəsində “orqan (qurum)” dedikdə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin (bundan sonra – Sistem) sahibinin və operatorunun müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, Sistemin əsasnaməsinin, həmçinin Sistemin formalaşdırılması, aparılması və istifadəsi qaydalarının müəyyən edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Qanunun 16.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.5. həmin Qanunun 1.1.5-ci, 5.2.15-ci, 8.2.2-ci və 13.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.6. həmin Qanunun 5.2.17-ci maddəsində və 8.9-cu maddəsinin ikinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Hökumət İnformasiya Sisteminin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemi nəzərdə tutulur; 1.7. həmin Qanunun 8.9-cu maddəsinin birinci cümləsində və 16.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur; 1.8. həmin Qanunun 12.3-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə “ASAN xidmət” mərkəzlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, kiçik və orta biznes evlərinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.9. həmin Qanunun 12.4-cü, 16.1-ci, 16.2-ci və 18.1-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur. 2. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.8-ci maddəsinə uyğun olaraq, Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. aşağıdakılar barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin: 3.1.1. altı ay müddətində: 3.1.1.1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi; 3.1.1.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması; 3.1.1.3. dövlət orqanı olan xidmət təminatçıları tərəfindən dövlət orqanlarına və digər büdcə təşkilatlarına göstərilən dövlət xidmətlərinin ödənişsiz əsaslarla təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə aparılmış təhlil nəticələri və beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə tənzimləmənin təkmilləşdirilməsi; 3.1.2. iki ay müddətində həmin Qanunun 6.3-cü və 10.2-ci maddələrində nəzərdə tutulmuş “orqan (qurum)”; 3.2. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 3.2.1. həmin Qanunun 1.1.5-ci maddəsinə uyğun olaraq, dövlət xidmətinin reqlamentinin nümunəvi formasını; 3.2.2. həmin Qanunun 5.2.15-ci və 8.2.2-ci maddələrinə uyğun olaraq, dövlət xidmətləri barədə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısını; 3.2.3. həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin əsasnaməsini; 3.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Ukraynanın arxasında oyunlar oynanmasın! - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ərazi məsələləri və dondurulmuş Rusiya aktivlərinin istifadəsi müharibəyə son qoymaq üçün ən çətin addımlardır. Sozcu.az-ın məlumatına görə, Zelenski Telegram-da yazıb: “Müharibəyə son qoymaq üçün asan həllər olmayacaq. Nə baş verdiyini başa düşürük. Kiminlə məşğul olduğumuzu bilirik. Problem qərar qəbul etməyin çətinliyində deyil. Mən onları qəbul etməyə qadirəm. Hər şeyin ədalətli və açıq olması vacibdir. Ukraynanın arxasında oyunlar oynanmasın. Ukraynasız gələcəyimizlə bağlı heç bir qərar qəbul edilməsin. Ən həssas məsələlər və ən mürəkkəb məsələlər ərazilər və dondurulmuş aktivlərlə bağlıdır”. “Biz ABŞ və Avropadan, eləcə də bəzi digər liderlərdən güclü təhlükəsizlik zəmanətlərinə ümid edirik. Bu, “könüllülər koalisiyasının” mövzularından biridir. Biz bunun üzərində işləyirik. Düşünürəm ki, bu üç mövzu ən həssas və vacib mövzulardır. Komandalarımız onların üzərində işləməyə davam edəcək”, - deyə Ukrayna lideri əlavə edib. Dünən Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında "sülh planı" müzakirə olunub. Təxminən beş saat davam edən görüş nəticəsiz başa çatıb.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 65-75% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

ABŞ-ın briqada generalı Azərbaycana gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. ABŞ-ın Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə Vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib.

İmran Xan ölməyib – Bacısından açıqlama

Pakistan hökuməti hazırda həbsdə olan keçmiş baş nazir İmran Xanın bacısına onunla görüşmək icazəsi verib. Sozcu.az xəbər verir ki, bu barədə “Geo Nyus” məlumat yayıb. Məlumata görə, İmran Xanla görüşən bacısı Uzma Xan qardaşı barədə yayılan ölüm xəbərlərini də təkzib edib: “İmran Xanla bağlı hər şey qaydasındadır, səhhəti normaldır. Amma onu təkadamlıq kamerada saxlayır və psixoloji işgəncələrə məruz qoyurlar”. Qeyd edək ki, Pakistanın keçmiş baş naziri İmran Xanın ölməsi ilə bağlı məlumat yayılmışdı.

"Kamaz" 87 yaşlı kişini həyətində vurub öldürdü

Qusar rayonunda "Kamaz" 87 yaşlı kişini vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Qusar rayonunun Urva kəndində baş verib. Gəray Tariquliyev idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda 18 yaşlı qız faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı qız dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Leyli Yusif qızı Məmmədova yaşadığı Nəsimi rayonu Dağıstan küçəsində hamam otağında dəm qazından zəhərlənərək ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gələn ay bu avtomobillər kəskin bahalaşacaq

Avtomobil bazarında qiymət artımı hələlik kəskin səviyyədə olmasa da, müəyyən dinamika müşahidə olunur. Hazırda 5–10% civarında bahalaşmadan danışmaq mümkündür. Lakin gələn ilin yanvar–fevral aylarından etibarən idxal olunan avtomobillərin qiymətində təxminən 20% artım ola bilər. Bunun əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddətinin başa çatmasıdır. Güzəştlərin bitməsi xüsusilə hibrid avtomobillərin qiymətlərinə təsir göstərəcək. Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtomobil bazarındakı mövcud vəziyyəti şərh edərkən deyib. Ekspert bildirib ki, hibrid avtomobillərə maraq son illər ciddi şəkildə artıb: “Ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə simpatiya formalaşıb və bu sahədə dövlətin son 3–4 ildə atdığı stimullaşdırıcı addımlar — rüsumların azaldılması və müxtəlif güzəştlər — hibrid avtomobillərin geniş şəkildə yayılmasına səbəb olub. Hazırda ölkədə ən populyar avtomobillər məhz hibrid modellərdir”. E.Cəfərov əlavə edib ki, 2-ci əl avtomobil bazarında bu gün aktivlik bir qədər azalıb. Köhnə avtomobillərin satışında durğunluq müşahidə olunsa da, ekspert gələn ildən bu seqmentdə müəyyən canlanma olacağını istisna etmir.

Vardanyanın məhkəməsi: zərərçəkənlər danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tankəleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonunun Sərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Kamran Həsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan, snayper və digər silahlarla atəş açırdı. Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanı Sadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Taleh Hümbətzadə qeyd edib ki, Xocavənd rayonunun Yenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Cavid Şavqatlı da xəsarət alıb. Zərərçəkmiş Fazil Əmirli Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıraraq bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin açdığı atəşlər nəticəsində o, Seyfəddin Cabbarov və Kamran Nəcəfov yaralanıblar. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran İlqar Qasımov deyib ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində o və Hüseyn Hüseynov xəsarət alıblar. Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib. Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Sülh planının 20 bəndi artıq hazırdır

ABŞ-da görüşlərdə iştirak edən nümayəndə heyəti bu gün İrlandiyada toplaşıb. Sozcu.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski deyib. O qeyd edib ki, Cenevrədə hazırlanmış və Floridada üzərində işlənmiş sülh planının 20 bəndi artıq hazırdır. Zelenski bəzi məqamlar üzərində hələ də işləmək lazım olduğunu vurğulayıb.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 7. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 17. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 18. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 19. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 20. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 21. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 22. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

2026-cı ilin bayram günləri müəyyən edildi

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Müvqafiq qərarla 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.

AB İrəvandan tələb etdi: Rusiyaya sərt sanksiya tətbiq edilsin!

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanı Rusiyaya qarşı AB üçün sərt olan sanksiyalara qoşulmağa çağırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da qatıldığı AB-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib. "Dünya nizamı dəyişir və strateji mövqelərin AB-nin ortaq xarici siyasəti ilə uyğunlaşdırılması tərəfdaşlarımız, o cümlədən Ermənistan üçün çox vacibdir. Ermənistanın xarici siyasətinin AB qərarları ilə uyğunlaşma səviyyəsi hazırda 37%-dir. Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalar AB üçün sərtdir, lakin buna baxmayaraq tərəfdaşlarımızdan da bunu istəyirik", - deyə o bildirib.

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ölüm hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 1-i saat 07 radələrində metronun “Əhmədli” stansiyasında qeydə alınıb. Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayevin halı stansiyada qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək o vəfat edib. 59 yaşlı şəxsin infarktdan öldüyü bildirilib. Araşdırmalar aparılır.

Bakıda 35 yaşlı kişi faciəli şəkildə öldü

Bakıda 35 yaşlı kişi faciəli şəkildə ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Orxan Bayramov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır.

Ukrayna Orlovdakı neft bazasını da vurdu

Ukrayna gecə saatlarında Orlov vilayətindəki neft bazasına zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində neft bazasının ərazisində partlayış və yanğınlar baş verib.

Çeçenistanda “Əhməd”in hərbi hissəsi vuruldu

Bu gün Çeçenistan Respublikasının Qudermes şəhərinə zərbələr endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. İlkin məlumata görə, “Əhməd” xüsusi təyinatlı alayının yerləşdiyi hərbi hissə vurulub. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Cəfər Pənahiyə hökm oxundu

Kann festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb. Sozcu.az xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Nili X hesabında paylaşım edib. “Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə 1 il müddətinə həbsə, 2 il ölkədən çıxış yasağına və siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq", - paylaşımda qeyd olunub.