“Hər dəfə mərmi səsi gəldikdə əsgər anası “oğlum, şərəfsizləri vur” deyə qışqırırdı”

1993-cü ildə Füzuli rayonu işğal olunanda 5 yaşım vardı. İşğaldan bir neçə il sonra ailəmlə birgə Füzuli rayonunda cəbhə bölgəsinə yaxın Aşağı Yağlıvənd kəndində məcburi köçkün kimi məskunlaşdıq. 27 sentyabrda ordumuz əks hücum əməliyyatına başlayandan sonra cəbhə bölgəsində yaşayan bir vətəndaş kimi iş yerimdən məzuniyyətə çıxıb cəbhə bölgəsinə ailəmin yanına getdim. Birinci Qarabağ döyüşlərindən bilirdim ki, insanların cəbhə bölgəsində evlərini tərk etmələri bizim ordumuzda mənfi əhval-ruhiyyə yarada bilərdi. Füzuli rayonuna gəldikdə gördüklərim sadəcə inanılmaz idi. Bütün rayon sakinləri öz evlərində idi və əsgərlərimizə dəstək olurdular.

Yaşadığım Aşağı Yağlıvənd kəndində hər gün gördüklərim məni o qədər qürurlandırırdı ki, bu torpağın bir vətəndaşı olmağımla fəxr edirdim. Kəndimizin hər küçəsində üç rəngli bayrağımız dalğalanırdı. Hər dəfə başımız üzərində dalğalanan bayraqlara baxanda insanın daxilindəki vətənpərvərlik hissi coşurdu. Bütün insanlar evlərində idi və başlarının üstündən mərmilərin uçmasına baxmayaraq hər kəs öz işinə davam edirdi. Düşmən tərəfindən sivil əhalinin yaşadığı ərazilərə atılan mərmilər haqqında hər gün danışılırdı ancaq bu kəndimizdə yaşayan heç kimi qorxutmurdu. Yenədə küçələrdə uşaqlar top oynayır, raqatkayla göydə uçan drona daş atırdılar. 80 yaşlı baba aldığı pensiyasıyla əsgərlərimiz üçün siqaret alıb aparırdı. Kimi də evində yemək hazırlayıb isti-isti əsgərlərinə çatdırırdı. Hər şey öz axarıyla davam edirdi. Heç kim vətəninin azadlığı üçün döyüşən əsgərini tək qoymurdu. Kəndin küçələrinə çıxdıqda hər kəs əlində nəsə apararaq əsgərinə dəstək olurdu. Əsgəriylə qarşılaşan ana əsgərini öz doğma oğlu kimi bağrına basıb xeyir-dua verirdi. Bu kəndin bacıları sevinərək əsgəri üçün yemək hazırlayırdılar. Az yaşlı uşaq anasına peraşki bişirtdirib əsgərinə göndərirdi. Bu gördüklərim sadəcə inanılmaz idi. Bu torpaqda balaca uşaqlar belə əsgərini gördükdə onun üzünə gülürdülər. Gənclərimiz könüllü olaraq müxtəlif işlərə cəlb olunurdular, hamısı şərəfiylə, qüruruyla öz işlərini yerinə yetirirdilər. Hər dəfə mərmi səsi gəldikdə əsgər anası oğlum şərəfsizləri vur deyə qışqırırdı. Bu torpaqda bir ata qarşısına çıxan əsgərinə öz doğma oğluna dediklərindən daha çox sizə qurban olaram deyirdi. Əsgəri gecələr üşüməsin deyə onlara isti geyimlər aparan dayının gözlərindəki o fəxr hissi sadəcə möhtəşəm idi. Bu gün cəbhə bölgəsində yaşayan hər bir vətəndaş əsgərinin atası, anası, bacısı, qardaşı kimi yanında dayanırdı. Bu gün burda bir əsgər geriyə çönüb baxanda arxasında yüzlərlə insanı görür. Qarşısına çıxan əsgərinin ehtiyacını almaq üçün marketə qaçan qardaşın keçirdiyi qürur hissini heç nəylə əvəz etmək mümkün deyil.

Biz atamızdan, anamızdan belə öyrəndik, vətənini həmişə sevəcəksən, bu vətən üçün son anına kimi şərəflə mübarizə aparacaqsan. Vətənin üçün döyüşəcəksən ya şəhid olacaqsan yada torpağını azad edib qazi olacaqsan. İndi bu millətin oğulları birinci Qarabağ döyüşlərində şəhid olan insanlarımızın qisasını alır. Artıq heç bir qüvvə birinci Qarabağ döyüşlərində olduğu kimi bu milləti öz vətənindən uzaqlaşdıra bilməz, bu burada yaşayan hər bir insanın gözlərindəki düşmənə olan nifrətindən bəllidir. Bu torpağın hər qarışında igid oğullarımızın qanı vardır, hər dəfə şəhid oğullarının, şəhid qardaşlarının cənazəsini başları üstünə qürurla qaldıran bu millətin bir şüarı vardır “Hər şey vətən üçün”. Hər dəfə şəhidinin cənazəsinə gələn balaca uşaqdan tutmuş ahıl yaşlı insanına kimi hər kəsin gözlərindəki nifrət və qisas hissi hər gün daha da artmaqdadır. Bu kəndin hər sakininin müharibəylə bağlı filmə yetəcək bir həyat hekayəsi vardır. Burada əhali heç yorulmadan əsgərinə sevinərək kömək etməkdədir. Burada hər kəs bir əsgərdir, ön sırada vuruşan əsgərinin dayağıdır. Oğlunun şəhid olduğuna qürurlanan atanı gördükcə, bu millətdə birlik və vətən sevgisi olduqca bizim qarşımızda heç bir düşmən dayana bilməz.

Elnur İbiş oğlu Səfərov
Füzuli rayonu, Aşağı Yağlıvənd kəndi
SOCAR, Geofizika və Geologiya İdarəsi

Facebook Comments