“Azərbaycan Tələbə Hərəkatı” Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək bəyanatı yayıb

Güney azərbaycanlı fəallar və tələbələr həmişə Güney Azərbaycan Milli Hərəkatında güclü və əsas qüvvələrdən biri hesab edilir. Həmin gənclər yalnız tərəqqipərvər və dəyişiklik tərəfdarı deyil, eləcə də hər bir milli- mədəni hərəkatın qəlbi funksiyasını yerinə yetirirlər.

Güney Azərbaycanda ən səmərəli fəaliyyətlər, etirazlar, aksiyalar və müsbət dəyişikliklərin əldə edilməsində böyük xidmətləri olan Güney Azərbaycan tələbələrinin böyük hissəsi Qarabağın azadlığı uğrunda Quzey Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarla bağlı dəstək bəyanatı yayıblar.

“Azərbaycan Tələbə Hərəkatı” Güney Azərbaycanın bütün bölgələrində tələbələrin ictimai və mədəni fəaliyyətlərində aktiv şəkildə iştirak edir. Təşkilat son günlər Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək nümayiş etdirən bəyanat yayıb.

Bəyanatda Azərbaycan Respublikasına dəstək və Ermənistanın işğalçı siyasəti pislənməklə yanaşı, bu dövrdə qəsbkar Ermənistan rejiminə dəstək göstərən İran daxilindəki müxtəlif siyasi və ictimai qüvvələr kəskin tənqid edilib.

Tələbələr həmin qüvvələrin Ermənistana dəstəyinin türklərə qarşı ayrı-seçkilik və düşmənçilik mövqelərindən qaynaqlandığını vurğulayıblar.

Onlar, həmçinin qeyd ediblər ki, Azərbaycan əyalətlərinin imam-cümələrinin Azərbaycan Respublikasına dəstək bəyanatları yaymaları fonunda Azərbaycana dəstək göstərmək üçün aksiyalara qatılan güney azərbaycanlıların həbs edilməsi İran Konstitusiyasının 27 maddəsi ilə ziddiyyət təşkil edir.

“Azərbaycan Tələbə Hərəkatı” sonda vurğulayıb ki, bu rəftarların qarşısında bizim Azərbaycan özü olduğumuzu, bu ifadənin dəyərlərimiz və gözləntilərimizin nələr olduğunu dolğun ifadə etdiyini bildiririk.

“İndi isə dəyərlərimizə zidd olan davranışları kəskin qınayır, həmin dairələri millət məfhumu ətrafında daha dərindən düşünməyə çağırırıq”, – deyə tələbələr fikirlərini tamamlayıblar.

Bəyanatı imzalayanlar:

1) Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzi
2) Azərbaycan Şəhid Mədəni Universitetinin Şer və Ədəbiyyat Mərkəzi
3) Azərbaycan Şəhid Mədəni Universitetinin Mədəniyyət və Düşüncə Mərkəzi
4) Təbriz Tibb Elmləri Universitetinin “Səhənd” Mərkəzi
5) Zəngan Universitetinin Teosofiya Mərkəzi
6) Ərdəbil Mühəqqəq Universitetinin Xətayi Mərkəzi
7) Urmu (Urmiya) Universitetinin Azərbaycan Mədəniyyəti Ocağı Mərkəzi
8) Urmu (Urmiya) Sənaye Universitetinin Şəms Mədəni- İctimai Mərkəzi
9) Təbriz Pəyame-Nur Universitetinin Mədəniyyət və İslami Sivilzasiya Mərkəzi
10) Həmədən Universitetinin Ustan Şəhriyat Cəmiyyəti
11) Şəhid Behişti Tibb Elmləri Universitetinin Qövmlər Mərkəzinin Türkdillilər Assambleyası
12) Zəngan Tibb Elmləri Universitetinin Həyat Mərkəzi
13) Azərbaycan Şəhid Mədəni Universitetinin Barış dərgisi
14) Azərbaycan Şəhid Mədəni Universitetinin Mədəniyyət dərgisi
15) Azərbaycan Şəhid Mədəni Universitetinin Ulduz dərgisi
16) Təbriz Universitetinin Tanış dərgisi
17) Təbriz Universitetinin Gələcək dərgisi
18) Təbriz Tibb Elmləri Universitetinin Söz dərgisi
19) Zəngan Universitetinin Kimlik dərgisi
20) Ərdəbil Mühəqqəq Universitetinin Savalan dərgisi
21) Ərdəbil Mühəqqəq Universitetinin Araz dərgisi
22) Urmu (Urmiya) Sənaye Universitetinin Anlam dərgisi
23) Urmu (Urmiya) Sənaye Universitetinin Günəş dərgisi
24) Təbriz Pəyame-Nur Universitetinin Güzgü dərgisi
25) Təbriz Pəyame-Nur Universitetinin Gözəl Vətən dərgisi
26) Gilan Universitetinin Yağış dərgisi
27) Zəngan Tibb Elmləri Universitetinin Araz dərgisi

Facebook Comments