Şəhid Milli Qəhrəmanın xanımından Robert Koçaryana sual: “Budurmu sülhə sadiqlik?”

“Məgər Koçaryan dünyanın dörd bir yanından ermənilərin gətirilib Kəlbəcərdə, Laçında yerləşdirildiyini bilmirmi?”

“İşğala qədər Laçında cəmi 34, Kəlbəcərdə 38 nəfər erməni yaşayıb, indi isə…”

“Sabah biz öz torpaqlarımızı hərbi yolla azad etsək, heç kəs bizi qınamasın…”

“Tovuz Dağlıq Qarabağ deyil axı, ermənilərin orda törətdikləri dəhşət idi. İki yüz ildir ermənilər Azərbaycan xalqına olan düşmənçilik hisslərindən əl çəkmirlər”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında sabiq deputat, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib. O, həmişə Dağlıq Qarabağ probleminin sülh yoluyla həllinin tərəfdarı olduğumuzu, lakin düşmənin buna razı olmadığını bildirib:

“Xaricdə yaşayan soydaşlarımız erməni təcavüzlərinə qarşı fikirlərini müəyyən səfirliklərin qarşısında bildiriblər. Azərbaycan xalqının səbri tükənib, harda yaşamasından asılı olamayaraq öz torpaqlarını işğaldan azad etmək istəyir. Xaricdə yaşayan soydaşlarımızın çoxu işğaldan əziyyət çəkən insanlardır, vətəni qoyub məcbur olub oralara gediblər. Xaricdə təhsil alan tələbələrimiz də buna biganə qalmadılar. Soydaşlarımız erməni təcavüzünə qarşı öz etirazlarını bildirirdilər. Tovuz Dağlıq Qarabağ deyil axı, ermənilərin orda törətdikləri dəhşət idi. İki yüz ildir ermənilər Azərbaycan xalqına olan düşmənçilik hisslərindən əl çəkmirlər. Ona görə də hesab edirəm ki, xaricdə yaşayan azərbaycanlılar insan hüquqlarını əsas gətirərək öz fikirlərini sərbəst şəkildə ifadə edərək, beynəlxalq təşkilatlar qarşısında Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdılar. Sabah biz öz torpaqlarımızı hərbi yolla azad etsək, heç kəs bizi qınamasın.

Bu gün R.Koçaryanın müsahibəsini oxudum və o, deyir ki, “Azərbaycan xalqı sülhə hazır deyil, bunu istəmir”. Axı biz hansı sülhü istəyək? 26 ildir ki, sülh istəyirik ki, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıtsınlar. Amma onlar öz evlərinə qayıda bilmirlər, əziyyət çəkirlər. Ermənilər bizim rayonlarımızın adını dəyişir. Koçaryan getsin baxsın görsün Dağlıq Qarabağda və digər işğal altında olan rayonlarımızda hansı işləri görüblər. Biz bütün bunların qarşısında onlarla necə sülh bağlaya bilərik? Kəndlərimizin, rayonlarımızın adlarını dəyişirlər, istədikləri kimi tikinti işləri aparırlar. Bu hadisələrdən əvvəl Laçında cəmi 34 nəfər erməni yaşayıb. Kəlbəcərdə də səhv etmirəmsə təxminən 38 nəfər idi. İndi Kəlbəcərdə, Laçında məskunlaşmaya baxın. Bəs Azərbaycanın varını, dövlətini, sərvətini talan edəndə xalqının qarşısında durmaq olarmı? Koçaryan Dağlıq Qarabağda doğulub-böyüyən, azərbaycanlılarla bir yerdə yaşayan adamdır. Qoy o, getsin görsün ermənilər işğal olunmuş rayonlarımızda hansı işləri görürlər. Məgər o dünyanın dörd bir yanından ermənilərin gətirilib Laçında və Kəlbəcərdə qanunsuz məskunlaşdırıldığını bilmirmi? Elə onun öz vaxtında başlanılmamışdımı bu cür riyakar, məkrli məskunlaşma siyasəti? Budurmu sülhə sadiqlik?”.

Facebook Comments