Qana-qan, generala-general!

İlham İsmayıl

Tovuzda sakitlikdir. Yaxşı, sonra nə olsun? “Sonra” deyəndə, “Tovuz döyüşləri”ndən sonranı nəzərdə tuturam. Generalımızın və 11 hərbiçimizin şəhid olmasından sonra nə olmalıdır? Soyuq başla, hissə qapılmadan, reallıqda baş verənləri təhlil etmək, zəif və varsa uğurlu tərəflər öyrənildikdən sonra fəaliyyətini müəyyənləşdirmək üçün dövlət nə etməlidir?

Biz çox vaxt vacib olanı kənara qoyub, ikinci, üçüncü dərəcəli işlərdən bərk yapışır, hədəfi düzgün müəyyən etmək əvəzinə ura-patriotizmin axarına düşür, o vacib olanı çay aşağı axıdıb, çay yuxarı gəzirik. Görünür vacib olanı dərk etmək qabiliyyətimiz, onun ətrafında iş aparmaq, söz söyləmək, müzakirələr aparmaq və çıxış yolları göstərmək kimi imkanlarımız məhduddur. Qabiliyyəti olanların söz sahibi olması isə mövcud şərtlərlə mümkün deyil, ya da elə həmin şərtləri qəbul etməkdən imtina edənlərin mətbuatda dedikləri havadan asılı qalır, cəmiyyətə təsir etsə də qərar qəbul edənlər üçün əhəmiyyəti olmur, nəticədə yenə uduzuruq.

Tovuz döyüşlərinin rəsmi statistikası göstərir ki, Azərbaycan daha çox itirib. Say hesabı qalsın bir tərəfə, əsas odur ki, biz sambalda itirmişik. Şəhidlərin hamısı bizim üçün əzizdir, amma biz general itirmişik və qisasını da ala bilməmişik. Ən azı bu yazı yazılan ana qədər biz generalın qisasını almamışıq. “Generalın qisası alınmalıdır” müzakirələrinin yerinə generalı kimsə satıb müzakirələri aparmaqla xəbərimiz yoxdur ki, düşmən dəyirmanına su tökürük. Və jurnalist dostlarımız bu barədə mənə də sual verəndə istər-istəməz müxtəlif versiyalardan, ehtimallardan danışmalı oluram. Səbəbinin nə olmasından asılı olmayaraq generalımızı düşmən vurub və bu gün onun qisasının alınmasını tələb etmək lazımdır. Qana-qan, generala-general! Əks halda biz uduzmuşuq. Onsuz da, Qarabağda hələ ki, məğlub durumda qalmaqda davam edirik, amma içimizdə az da olsa ümid var və lokal döyüşlər, qarşıdurmalar adətən insanlarda böyük qələbəyə yaxınlaşmaq inamı yaradır. Bu qisas alınmayınca biz məğlub durumdayıq. Və mənə “erməni itkilərini gizlədir” nağılını danışmayın. Hələ bizim güllədən ölən erməni generalı yoxdur!

Bu yaxınlarda BMT-dəki müzakirələrdə ABŞ-ın İran generalı Qasım Süleymaninin öldürməsi qanunsuz hesab edildi. Hələ İran generalı İranda yox, başqa dövlətin ərazisində vurulub. Bizim general öz torpağımızda vurulub. Bu işin hüquqi tərəflərini fikirləşib beynəlxalq məhkəməyə də müraciət etmək mümkündür. Amma, məhkəməsiz filansız generalın qisası alınmalıdır. Az qala hər gün Ermənistan generalları Qarabağa-işğal bölgəsinə gəlirlər. Bu generallar adətən səngərlərə qədər gəlirlər. Onları izləyib məhv etmək lazımdır. Buna texniki imkan da var, hələ başqa variantlar da.
İran generalı dedim, yadıma o öldürüləndə Bakıda baş verənlər düşdü. Ehsan verməkdən tutmuş dəfn mərasiminə qatılmaq üçün İrana gedənlərin, həmin günlərdə sosial şəbəkələrdə “mənim generalım” deyib şüvən qoparanların bizim general şəhid olanda səsləri eşidilmədi.

Səsi eşidilən minlərlə gəncin isə həmrəylik mitinqini gözdən salmaq üçün bütün arsenal işə düşüb.
İkrah doğuran köhnə bayatılardan tutmuş, özünü sırımağa hazırlaşan bir xeyli yaltaqlıq nümunələrinədək. Millətin ruhu düzgün dəyərləndirilsə idi, bəlkə də insanların içindəki məğlubiyyət sindromu ümidlə əvəz olunacaqdı. Olmadı. Sindrom da, ümidsizlik də dərinləşdi.

Mürəkkəb, ziddiyyətli və ən dəhşətlisi də odur ki, qeyri-müəyyən bir vəziyyətlə üz-üzəyik. Lokal döyüşlərdə lokal uğursuzluqların yaratdığı ümidsizlik işğal olunmuş ərazilərin ən yaxın zamanlarda azad edilməsinə şübhə yaradır.

Dünən SNN Türk-də Tovuz döyüşləri haqqında uzun müzakirələr getdi və çıxış edən Abdulla Ağar bizi tərifləyən həmsöhbətinə dedi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan güclüdür, amma döyüş qabiliyyəti aşağıdır və komanda heyəti düşmənlə müqayisədə yetərli peşəkarlığa sahib deyil. Tovuz döyüşlərini misal gətirdi və Azərbaycanın özündə Qarabağ savaşına start verilmədiyi halda “mehmetcikin” ora getməsinin qeyri-mümkünlüyünü vurğuladı və əlavə etdi ki, ona görə də Türkiyə Ordusunun peşəkar zabitlərinin onlara məsləhətçi kimi göndərilməsi lazımdır. Türkiyə Ordusunun Liviyada paytaxt Tripolinin 3 kilometrliyinə çatmış marşal Xaftarın silahlı qüvvələrini qısa müddətdə ağır məğlubiyyətə uğradaraq geri oturtması da nümunə olaraq deyildi. Türkiyə siyasətçisi doğru olanı söylədi. Ona görə oturub bütün zəif tərəfləri təhlil edib hazırlaşmaq üçün ciddi tədbirlər görülməlidir.

Tovuzda sakitlikdir. Bu, qulaq batıran sakitlikdir. Erməni bizim generalı öldürəndən sonra sakitləşib, biz də dayanmışıq. Bu dəfə şimaldan, ya haradansa zəng olub –olmaması məlum olmasa da, dayandıq. Boynu bükük, ruhu düşük. Dik durmağımız üçün düşməndən qisas almaq lazımdır!
Tonoyan başının dəstəsilə yaxın günlərdə Qarabağa gəlir…moderator.az

Facebook Comments