“Adamlar öz aləmlərində prezidenti və birinci vitse prezidenti təmizə çıxarmaq üçün canfəşanlıq edirdilər” – Adil İsmayılov

HƏR KƏS ÖZ İŞİ İLƏ MƏŞĞUL OLSA İDİ

və ya Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat konfransına söz ardı.

Konfransda yeganə sevindirici hal iştirakçıların hər üçünün- TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlının, Milli Məclisin komitə sədri Rəşad Mahmudovun və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın ana dilimizdə səlis danışması idi. Onların savadlarına da şübhəm yoxdur. Amma bu kifayət etmir, danışıqların məzmunu bərbad idi, natiqlər bir-birini, bəzən özləri-özlərini təkzib edir, ziddiyyətli fikirlər səsləndirirdilər. Kiminsə şübhəsi varsa yenidən baxa bilər, yenə də şübhəsi olanlar olsa konkret misallar çəkə bilərəm. Hətta bunlara rəğmən hamımız başa düşdük ki, koronavirusla bağlı ölkədəki vəziyyət kritik həddə çatmışdır. Vəziyyətin bu həddə çatmasının ilk baxışda görünməyən səbəblərini izah etməyə çalışacam.

Ölkədə hər şey üçün məsuliyyəti bir adamın üzərinə qoyanda, bütün sahələrdə əhəmiyyətli qərarlar bir adam tərəfindən veriləndə gec-tez və xüsusən də kritik anlarda bu vəziyyət yaranmalı idi. Bu gün nə deputatlar, nə nazirlər, nə icra başçıları, nə məhkəmə və prokurorlar öz işləri ilə məşğul olur, daha doğrusu öz vəzifə səlahiyyətlətini doğru-dürüst icra edirlər.

Hamısı belə görüntü yaradırlar ki, onlar ölkə başçısının əmr və göstərişlərini yerinə yetirirlər. Onların çıxışlarına qulaq asın, görün bir çıxışda neçə dəfə, yeri gəldi-gəlmədi cənab prezident, son vaxtlar bura birinci vitse-prezidenti də əlavə ediblər , sizin sayənizdə, rəhbər göstərişləriniz və qayğınız əsasında deyirlər. Belə çıxır ki, prezident deməsə, göstəriş verməsə yol salınmamalı, su, qaz çəkilməməli , neft çıxarılmamalı, kənd təsərrüfatı məhsulları yetişdirilməməli, cinayətkar müəyyən edilib həbs edilməməli, məhkəmələr ədalətli qərarlar verməməlidir.

Başa düşürəm belə vəziyyət onlar üçün çox sərfəlidir. Çünki bu yolla kritik vəziyyətlərdə yaxalarını kənara çəkəcəklərini düşünürlər. Mətbuat konfransında da bu tendensiya açıq- aydın hiss olunurdu. Guya adamlar öz aləmlərində prezidenti və birinci vitse prezidenti təmizə çıxarmaq üçün canfəşanlıq edirdilər. Amma əslində öz günahlarını yumaq, heç olmazsa yumşaltmaq istəyirdilər. Aydındır ki, adamlar tutduqları vəzifəyə uyğun vəzifə səlahiyyətlərini yerinə yetirsələr, öz işləri ilə məşğul olsa idilər, buna heç bir ehtiyac qalmazdı. Uzağa getməyək, bu gün hamımız deyirik ki, pandemiya bir növ müharibədir və həkimlər bu müharibədə ön xətdə vuruşurlar. Bunun həqiqətən də belə olması şübhə doğurmur. Amma hanı bizim baş həkim- səhiyyə naziri ? Axı bu gün məhz o baş qərargahın rəisi olmalı, operativ qəragahın işini qurmalı idi. O, prezidentə- ali baş komandana vəziyyəti məruzə etməli, qərarlar qəbul etməli idi, buna görə məsuliyyəti də özü daşımalı idi.

Adil İsmayılov

Tanınmış vəkil

Facebook Comments