Necə və nə vaxta qədər dözək bu dərdə…

Bu gün saat 6-da Azərbaycanın tacı olan, dədə-baba yurdumuz Şuşada özünü əzəli torpağımız olan Qarabağın 4-cü prezidenti kimi təqdim ediləcək. Arayik Arutyunyan erməni apostol kilsəsinin Qarabağ yeparxiyasının lideri, Sumqayıtda doğulmuş arxiyepiskop Pargev Martirosyanın xeyir-duası ilə əlini konstitusiyaya basıb deyəcək ki, mən Dağlıq Qarabağ Respublikasının prezidenti vəzifəsinə gəldiyim zaman and içirəm: konstitusiyanın tələblərini qeyd-şərtsiz yerinə yetirəcəm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edəcəm, Dağlıq Qarabağ Respublikasının şöhrəti və xalqımızın rifahı naminə Respublikanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edəcəm. Sonra da Ermənistanın baş naziri Nikol Paşayan təbrik nitqi söyləyəcək.

Bütün bunlara rəğmən Azərbaycanın Xarici İşlər Nazirliyi həmişə olduğu kimi dişsiz bəynatla, Müdafiə Nazirliyi isə təkrar hərbi təlimlərlə kifayətlənəcək. Elə buna görə də Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan açıqlama verib ki: “Azərbaycan ATƏT-in üzvü kimi yerinə yetirməli olduğu öhdəliklərə malikdir. Ancaq biz Azərbaycan ordusunun buna bənzər məşqlərinə öyrəşmişik. Bu hərbi təlimlər Ermənistan sərhədlərində hər hansı bir gərginlik yaratmır “.

Doğrudur, biz beynəlxalq öhdəliklərə riayət edib, yalnız hərbi təlimlər keçirib, orudunun da enerjisini elə məşğlərdə çıxaracaıq. Bu dəfə də elə olacağına əminəm, təlim keçirib sakitləşəcəyik.

Ermənilər də inaqurasiyanı keçirərək, Şuşanı yeni paytaxt elan edəcək və bütün bunlar atəşfəşanlıqla müşahidə olunacaq.

Necə və nə vaxta qədər dözək bu dərdə…

Qubad İbadoğlu,
ADR Hərəkatının rəhbəri

Facebook Comments