Ey Yerin və Göyün Sahibi olan Uca Allah!
Bu məktub sadəcə bir dua deyil - bu, zülmə qarşı yazılmış ittiham aktıdır.
Bu sətirlər mürəkkəblə yox, sındırılmış ümidlə, tapdanmış ləyaqətlə, boğazda düyünlənmiş harayla yazılıb.
Mən, bu məktubu SƏNə yazıram, çünki bu ölkədə məmur kabinetləri səs keçirmir, amma SƏNin DƏRGAHın heç vaxt lal olmayıb.
Bu yazı bir nəfərin şəxsi dərdi deyil. Bu, minlərlə evsiz insanın, zirzəmilərdə çürüyən talelərin, kirayə evlərdə - həyatda nəfəsi kəsilən ailələrin ümumiləşmiş fəryadıdır.
Bu, susdurulmuş XALQın adından ürək ağrısıyla yazılmış açıq məktubdur.
Allahım!
Bu ölkə artıq sosial uçurumun adıdır. Bu ölkədə bur tərəfdə villalar GÖYlə yarışır, o biri tərəfdə isə zirzəmilər insanı torpaqla üz-üzə qoyur.
Azərbaycan adlı bu məmləkətdə saraylar işıq içindədir, amma XALQ qaranlıq içində, əzab-əziyyətlə dolu günlərlə baş-başa qalıb.
Bu ölkənin torpağında məmur üçün hər şey var: - vəzifə kreslosu var, - villa var, - pul-para var, - toxunulmazlıq var,- susdurulmuş qanun var.
XALQ üçün isə yalnız bunlar qalıb: - səbr, - qorxu, - dözüm, - susmaq məcburiyyəti.
Bu, artıq idarəçilik deyil, Allahım. Bu, XALQ üzərində qurulmuş soyuq sistemdir.
Bu zirzəminin divarları daşdan hörülməyib, Allahım. Bu divarlar rüşvətlə, haram pulla, yeyilmiş haqla hörülüb.
Bu tavanın alçaqlığı yoxsulluqdan deyil - ədalətsizlikdəndir. Bu zirzəminin divarından axan qara kifli su nəmlik deyil, sistemin çürümüşlüyüdür.
XALQın haqqı yeyilərək tikilən saraylar gec-tez sahiblərinə qəbir qədər dar olacaq.
Çünki ah-nalə üzərində qurulan heç bir bina uzunömürlü olmur.
Biz, dilənçi olmaq üçün yaradılmadıq. Biz, zirzəmidə yaşamaq üçün doğulmadıq. Biz, insan kmi yaşamaq haqqı ilə doğulduq - amma bu haqq əlimizdən alındı.
Ey Böyük Yaradan!
Bu ölkədə dövlətlə XALQ arasında dərin bir boşluq yaradılıb. Bu boşluğun adı vicdansızlıqdır. Məmurlar XALQa yox, kresloya sədaqət göstərir.
Qanun XALQ üçün sərt, vəzifəli üçün elastikdir. Vəzifə bu torpaqda xidmət anlamını itirib, Allahım. O, imtiyaz alətinə, toxunulmazlıq qalxanına çevrilib.
XALQ isə yalnız seçkidən seçkiyə xatırlanan yükdür. Amma SƏN Yer üzündə hər şeyi - qara daşın üstündəki qarışqanı da görürsən. Və bu, bizim son təsəllimizdir.
Rəbbim!
Zirzəmi insanı tədricən öldürür. Əvvəl bədəni, sonra ruhu. Yarıqaranlıq zirzəmidə ömür sürüb nəfəs almaq çox ağırdır, yaşamaq isə əzaba çevrilir. Bu, sosial siyasətin iflasının canlı sübutudur.
Divarlardan axan qara su bədənə yox, birbaşa ürəyə işləyir. Soyuq döşəmələrdə illər yox olur, sağlamlıq əriyir. Günahı olmayanlara verilmiş səssiz cəza budur.
Ey Uca Allah!
Bu yazı təkcə yalvarış deyil. Bu yazı açıq ittihamdır. Mən SƏNdən möcüzə istəyirəm, çünki insanlar möcüzəsiz qalıb.
Mən ailə üzvlərimlə birlikdə ömür yaşamaq üçün EV istəyirəm. Bu, insanın yaşamaq hüququdur. Damı-evi olmayanın DUAsı ağır, ahı təhlükəlidir.
Bu XALQa ağ günlər ver, İlahi! Bu torpaqda - bu məmləkətdə uşaqlar zirzəmidə yox, gün işığında böyüsün!
Bu ölkədə məmur saraylarından çox, XALQ evləri tikilsin. Bu dövlətdə ədalət kağız üzərində yox, həyatın içində olsun.
Ey Xudavənd!
SƏN hər şeyə qadirsən axı! Mənim də doğma VƏTƏNimdə mənzilim olsun. Bu, tək bir insanın arzusu deyil - bu, əzilmiş bir XALQın haqqıdır.
Bu kitabça SƏNə ünvanlanmış açıq məktubdur. Bu məktubun cavabı ya ədalətdə olacaq, ya da ki, tarixdə.
SƏNi sevən, SƏNə sığınan bəndən.
Ey sevimli, rəhmli Allah! SƏNin iradənlə, SƏNin isminlə yazdım bu məktubu.
İnsana mümkün olmayan, Sahiblər Sahibi olan Böyük Allaha mümkündür!
Mərhəmətli, sevgi dolu Allah!
Nə istədiyimi SƏNin əllərinə verirəm.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist