Milli matəm günü

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu barədə çox danışmaq olar. Alimlərimiz bu barədə kifayət qədər yüksək səviyyəli əsərlər ərsəyə gətiriblər. Biz də “Carçı” Araşdırma Mərkəzi olaraq Sozcu.az portalının çağırışına cavab olaraq, oxuduqlarımız əsasında kiçik bir yazı yazmaq qərarına gəldik.

            1920-ci il yanvar ayının 11-də Azərbaycan müstəqilliyinin Paris-Sülh konfransında de-fakto tanınmasına baxmayaraq, Sovet Rusiyası Azərbaycanı işğal etdi. Aprelin 27-də çağırılmış Azərbaycan parlamentinin təcili və fövqəladə iclasının nəticəsi olaraq Azərbaycan Cümhuriyyəti süquta uğradı. Daha dəqiq ifadə ilə desək hakimiyyət yerli bolşeviklərə təhvil verildi.

Son iclasda istiqlalçıların çıxışlarını demək olar ki, hamı bilir deyə, həmin ərəfədə sola meyllənmiş M.H.Hacinskinin çıxışını bölüşmık istəyirəm:
“Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-yə qədər höküməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək Qızıl Ordu Bakıya əsla gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyir ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib, yerlərinə Azərbaycan komministləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur.
Altıncı şərtləri budur: – əgər bu gecə bu məsələ həll olunarsa, onlar bir deklarasiya çıxararlar ki, Azərbaycan parlamentinə daxil olan siyasi firqələr musəvi (bərabər) və azad fəaliyyət göstərəcəklər. Onlara qarşı və xüsusən hökumət üzvlərinə qarşı heç bir xüsusi tədbir görülməyəcək və onlar təqib olunmayacaqlar. Sonra, gələn Qızıl Ordunun məqsədləri məzlum millətə yardım etməkdir. Biz tərəfdən də bir neçə təklif verildi. Lakin onlar qəbul etmədilər”.

Göründüyü kimi elə ilk dəfədən ruslar əlavə heç bir təklif qəbul etməyib, həmçinin vədlərinin heç birinin üstündə durmayıblar. Parlamentdə partiyaların azad və bərabər fəaliyyət göstərmələri əvəzinə parlament ləğv olundu. Hakimiyyət ələ alındıqdan sonra partiyalarla bağlanmış sazişlər (Onların ailə üzvlərinin həyatının və əmalklarının qorunmasına dair), nə də digər öhdəliklər yerinə yetirilmədi. Cümhuriyyət liderlərinin, siyasilərin və görkəmli nümayəndərin bir çoxu həbs edildi. Onların bir qismi Nargin və daha uzaq düşərgələrdə güllələndilər. Habelə F.Xoyski, H.Ağayev, Behbudağa Cavanşir terror qurbanı oldular, qətlə yetirildilər. Azərbaycan hökumətinin başçılarından biri olan Nəsib bəy Yusifbəyli Kürdəmirdə öldürüldü. Bu məsələnin faciləli olduğunu Nəriman Nərimanov 1921-ci ilin may ayının 8-də çağırılan Birinci Azərbaycan Sovetlər qurultayında etiraf etmişdir.

Son iclasda başqa bir sosialist parlaman Aslan bəy Səfikürdlü isə deyirdi:
“Hərgah bizim millət bu istiqlaliyyətdən (kommunistlərin təklif etdiyindən) həqiqi bir ləzzət ala bilməzsə, onda millət özü-özünü indi də olmasa, bir aydan sonra, ya da bir ildən sonra müdafiə edəcək. Bu məsələni millət özü həll etməlidir”.

Doğurdan da işğaldan heç bir ay keçmədi ki, millət özü-özünün müdafiəsinə qalxdı. Ölkənin demək olar ki, hər yerində baş qaldıran üsyanlar Gəncədə daha mütəşəkkil formada baş verdi. On min civarında işğalçı məhv edildi. Çox təəssüf ki, bu üsyan da amansızcasına yatırıldı.

Aprel işğalına gedən yol isə xeyli əvvəldən başlamışdı. Xarici amillərlə yanaşı ölkə daxilindəki pozucu qüvvələr də ağır hadisələr törədirdilər. Şübhəsiz ki, mart ayında Qarabağda baş verən qiyam və Azərbaycan ordusunun Qarabağa cəlb edilməsi plana uyğun şəkildə hazırlanmışdı. Qarabağda və Qazaxda hərbi əməliyyatlar aprel ayının sonuna qədər davam etdi. Qarabağ qiyamənda və Qazax təxribatında qarşıya qoyulan məqsədlərə nail olunmuşdu. Ordu hissələrini regionlara cəlb edilməklə şimaldan gələn ordunun Bakıya maneəsiz daxil olması üçün şərait yaradılmışdı. Əsgəran və Qazaxda daşnak qoşunlarının darmadağın edilməsinə baxmayaraq bolşeviklərin təcavüzü zamanı Azərbaycan ordu hissələri Bakıya gəlib çata bilmədi. Bakı isə demək olar ki, tam müdafiəsiz qalmışdı.

Amma heç də illərlə yazıldığı kimi xalqımız rusun Qırmızı ordusunu gül-çiçəklə qarşılamayıb. Arif Əlyevin “Yalama” sənədli povesti ərsəyə gələndən sonra daha dəqiqliyi ilə bəlli oldu ki, bu orduya qarşı vuruşanlar olub. Yalama sərhəd məntəqəsində 70 000-lik orduya qarşı orada olan 350 əsgərimiz düşmən qabağına çıxıb, Cümhuriyyətimizin ömrünü bir neçə saat uzadıblar. Və sonda şəhidlik məqamına yüksəliblər.

Aprelin 28-də Hərbi İnqilab komitəsi rus bolşeviklrinin lideri Vladimir İliç Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmununda məktub yazdılar. (Zatən ötən əsrin əvvəlllərindən başlayaraq paytaxtımızın həmişə xarici güclərin diqqət mərkəzində olmamısının səbəbi Bakı nefti olub).

İlkin mərhələdə hətta Sovet tarixşünaslığının özündə 28 aprel hadisəsi çevriliş kimi, sonradan inqilab kimi qələmə verilmişdir. Bundan sonra 70 il işğalın səhəri günü, yəni 28 aprel bayram kimi qeyd olunub. Kommunist rejimi tərəfindən bizə bayram kimi qeyd etdirilib. Qeyd edim ki, mövcud kommunist partiyası liderləri bu gün də 28 Apreli bayram bilir və tərəfdaşlarını təbrik edirlər. Halbuki həmin tarix qanlı işğal günü idi. Faciələrin, törədiləcək repressiyaların başlanğıc günü idi.

İşğaldan sonra Türkiyə və digər ölkələrə sığınıb, mühacir həyatı yaşamaq məcburiyyətində qalan Cümhiriyyət qurucularımız bu tarixi “Milli matəm günü” olaraq anır və bir-birilərinə baş sağlığı verirdilər. 1950-ci ildə M.Ə.Rəsulzadə yazdığı məktublardan birində deyirdi:
“30 il öncə – 27 apreldə əsrlik istiladan sonra istiqlalına yenicə qovuşmuş Yurdumuza endirilən zərbənin dinməz acısı qurtuluş və hürriyət həsrəti ilə çırpınan bütün ürəkləri sızlatmaqda və bu sızılar intiqam əzmini daim həssas və diqqətdə saxlamaqdadır… Yeni bir 28 may qovuşa bilməmiz üçün, şübhəsiz, hissən və mənən qüvvətli olduğumuz kimi, təşkilatlanmada da yararlı olmamız gərəkdir ki, bunun ilk şərti mənəviyyatları qüvvətli aydın və yurddaşların milli ənənələrə sadiq qalaraq, istiqlal bayrağı altında birləşmələridir…”

Sərxan Carçı
“CARÇI” Araşdırma Mərkəzinin sədri

Facebook Comments