Azərbaycanda küçədə qalan 3 nəfər koronavirusa yoluxub? – RƏSMİ AÇIQLAMA

“Martın 19-dan bu günə qədər küçədə yaşayan, baxımsız vəziyyətdə olan üç kişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sığınacaq-bölməsinə qəbul olunub”.

Sozcu.az-ın xəbərinə görə, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib:

“Onlardan koronavirusa yoluxma ehtimalına görə test nümunələri götürülüb. Hələ nəticələr bəlli deyil. Analizlərin cavabları müsbət çıxarsa, onlar aidiyyəti üzrə xəstəxanalara yerləşdiriləcək və müalicələrinə başlanılacaq. Neqativ çıxacağı təqdirdə isə həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına” yerləşdiriləcəklər”.

F.Talıbov qeyd edib ki, hazırda ƏƏSMN-nin “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında” 34 nəfər var:

“Bu müəssisə 2017-ci ildən fəaliyyətə başlayıb. Hazırda müəssisədə 34 nəfər reablitasiya prosesi keçir və daimi dövlət himayəsində yaşayır. Müəssisə fəaliyyətə başladığı gündən 241 nəfər bura qəbul olunub və onlara zəruri xidmət göstərilib. Xidmət göstərilmiş vətəndaşlardan 54 nəfəri öz istəyi ilə müəssisəni tərk edib. 23 nəfər isə qocalar evinə və müxtəlif sosial xidmət müəssisələrinə yerləşdirilib. Müəssisədə yaşayan 47 vətəndaşın işlə təmin olunması ilə əlaqədar tədbirlər görülür. Onlardan artıq 11 nəfər işlə təmin olunub.

Müəssisədə yaşayanların müayinə və müalicə olunması məqsədilə 101 nəfər vətəndaşa müvafiq səhiyyə müəssisələrinə göndəriş verilib. Üç müəssisə sakininə əlillik dərəcəsinin təyin olunması üçün hüquqi xidmət göstərilib və onlara I qrup əlillik dərəcəsi təyin olunub. Bir nəfərin isə sənədlərinin hazırlanmasına köməklik göstərilərək, yaşa görə sosial müavinət alması təmin olunub. Bu illər ərzində çoxsaylı şəxslər reablitasiya prosesinə müsbət cavab verib və cəmiyyətə adaptasiya olunaraq, iş yerləri ilə təmin olunublar”.

“Hazırda müəssisiədə olan 34 sakin isə tam olaraq dövlət dəstəyi altında yaşayır”, – deyə F.Talıbov qeyd edib.Oxu.az

Facebook Comments