Verin bizim haqqımızı!

Reyhanə ASLAN

Afaq Bəşirqızının sənətkarı olduğu sənət üçün çəfakeş sənət qadınlarının verdiyi
qurbanlardan xəbəri varmı görəsən..?

Əminəm ki, bu qadının tarixdə heç bir qadın inqilabı və sənətin inqilabçı qadınları
barədə zərrə qədər anlayışı yoxdur!

Dəqiq yadımda deyil. Hardasa 2002-2003 arası olardı. Afaq Bəşirqızı öz teatr kollektivi
və Ağadadaş Ağayevlə birgə Moskvaya gəlmişdi. O zaman mən Rusiyada yayımlanan
“ASUDƏ VAXT” qəzetində müxbir işləyirdim. Həmin teatra bilet alıb qucağında bir dəstə
çiçəklə gedənlərdən biri də məndim. Qabaq sırada mərhum Rəfiq Sarıvəlli ilə yanaşı
oturmuşdum. Gülüş dolu səhnələr və gözəl musiqilərdən sonra bütün teatr heyəti, o
cümlədən Ağadadaş Ağayev səhnyə dönərək, teatra gələnlərə və təşkilatçılara olan
minnətdarlıqlarını bildirdilər. Bu anda Rəfiq müəllim Rusiyada Azərbaycan dilində
yayımlanan qəzetimiz haqda hər kəsin məlumatlanması üçün zala müraciət etmə fikrini
irəli sürdü. Beləliklə mən qəzetin baş redaktoru Cahangir Nəbioğlunun təkidiylə səhnəyə çıxaraq, səhnədəkilərə aldığımız xüsusi zövqə görə təşəkkür etdim və əlimdəki gülləri Afaq Bəşirqızına verdim. Ardınca da üzümü zala tutaraq, qəzetimiz haqda məlumat verərkən qəzetimizin həmin gün çıxan nömrəsində yayımlanmış şeirimi səsləndirdim. Şeirdə Azərbaycanda doğma təbiətimizə qarşı olan sui-qəsddən, yol qırağındakı ağacların qəddarcasına kəsilib yandırılmasından və buna səbəb ölkədə qaz probleminin olmasından bəhs olunurdu. Şeiri söyləyər-söyləməz Afaq Bəşirqızı əlimdən mikrafonu kobudcasına alaraq “sən bu qədər pessimist olmaginən,ölkəmiz günü-gündən inkişaf edir. Heç bir ağac da kəsilmir” dedi.

Əslində həmin an anlamışdım insan olmadığını. İnsan qoynunda yaşadığı təbiətə,yurda
qarşı vurulan yaralara göz yumursa, o mənim nəzərimdə nə qədər yüksək sənət və ya
elm adamı olursa olsun, insan deyil! Nə gizlədim, həmin gün bu qadının təbiətə qarşı
biganəliyini gördüyümdən ona verdiyim çiçəklər üçün də az üzülməmişdim.

O vaxtdan ta bu günə kimi insanlığına şübhə etdiklərimdən biri kimi Afaq Bəşirqızının da sənətdəki yeri mənim üçün bir heç olub.

Sənətkar olmaq da olar, alim, həkim, musiqiçi, rəssam, nə olsa…,lakin şəxsiyyət olmaq,
öz cinsini dərk etmək, öz mənini görmək üçün bunların olub – olmamasının heç bir
əhəmiyyəti olmaz!

Bu tamam başqa bir mövzudur. İndi bəhs edəcəyim mövzu isə, onun, Azadlıq
radiosunda bütövlükdə Azərbaycan əyalətlərində yaşayan qadınlara qarşı təhqir
mözusudur.

Bəli, Afaq Bəşirqızı, o əyalət qadınlarından biri də mənəm. Rayonlu, hətta kəndçi
balasıyam. İsmayıllının İvanovka kəndindənəm. Bütün uşaqlığım Çərmədil kəndinin
dağlarında keçib.

Məlum o zamanlar kəntdə hər kəsin tövləsində ən az on baş qoyunu, iki-üç baş da inəyi
olardı. İnsanlar heyvanları hər səhər bir evin yetişdirdiyi çobana həvalə edər, axşamları
da təhvil alardılar. Elliklə nobata gedərdik. Bizim evin də o balaca çobanı məndim.
Təssərrüfat işinə daha kiçik yaşlarımdan həvəsli idim. Əlimə bir ağac alıb kəndimizin
dağlarında yüksək səslə mahnı oxumağın və atamın yayalağa gəldiyi zaman çaldığı
tütək səsinə örüşdə yayılıb otlayan qoyunları seyr etməyin dəlisiydim.

O qədər gözəl, və anlamlı bir həyat vardı ki, kəndimizdə…söyləməklə bitməz! Bütün
bunlardan çox yazmaq olar. Çünki insanı yaşadan, həyata bağlayan bəzi vacib
hisslərdən biri kimi onun zövqünün nəyə və kimə daha çox bağlı olmasından asılıdır. O
zaman həyat məni yaşadırdı. İndi isə mən həyatı yaşadıram, desəm, bəlkə də
yanılmaram.

Şəhərə oxumağa gəldiyim ilk gün böyüdüm mən!

Torpaqdan ayrılmaq mənim kimi balaca bir qız üçün nə qədər ağırdırsa, bir kəndçi üçün
o ağrının nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Ömrü-günü torpaqla, əkin-
biçinlə, mal-qoyunla, dağda-dərədə keçən bir insan üçün şəhər həyatı üfunətli və
qaranlıq bir zirzəmidir. Bəli, məntiqinə varmadan söylədiyiniz bir tək doğru var,
əslində…o da “zirzəmi”lərdə keçən həyat…mövcud igtidar sayəsində canını qanıyla
suladığı torpaqlarda dəfn edən Azərbaycan kəndçisinin işgəncə dolu zirzəmisi…
Amma sizin kimilər xalqın dilənçi olmadığını ağlının bir köşəsinə qeyd etsin gərək. Bu
xalqın ən zavallı vətəndaş haqlarını əzərək, ondan, onun olan hər şeyi əlindən alıb
özünə səltənət quran dilənçilər sizlərsiz!

Bir zaman dizlərinə qədər şalvarının balağını qatlayıb əlində çomaq örüşdə mal-qoyun
güdən, dağda ot çalıb, taya qoyan, bostan əkib sulayan, öz əlinin bəhrəsiylə meyvə
yetişdirib dərən o xoşbəxt qızlar bu şəhər zirzəmiyə gəlincə işgəncənin, ağrının nə
olduğunu bilmirdi…”dövlətdən pul istəməli deyil”, deyirsiz bu xalq. O zaman sizin o
dövlət bu balaca çobanların əlindən aldığı kəndini, tarlasını, sürüylə bəslədiyi malını-
qoyununu, min bir əziyyətlə sulayıb yetidirdiyi üzümlüklərini, pambığını sahibinə
qaytarsın! Xalq dilənmir. Xalq haqqını tələb edir! Verin bizim haqqımızı!

Birdə sadəlöhvcəsinə “Afaq xanımın bir üzü var” deyərək, yazılan rəyləri ayıb sanan insanlarımız da var. Üzümü həmin sadəlöhv insanlara tuturam. Onun artıq o bir üzü də yoxdu! O üzsüzdür! Bax belə!

O qədər üzsüzdür ki, qadın cinsinə aid olduğu halda, öz qadınlığına belə zərrə qədər
sayğı duymur. Bu üzsüzlüyün daha betəri, sadəcə qadınları, əyalət qadınlarını deyil,
eləcə də şəhəri və qadınlarını da təhqir edir. Sözündən belə çıxır ki, rayondan şəhərə
gələnlər fahişəlik eşqinə gəlirlər. Elə isə fahişəlik eşqinin fahişəni apardığı ünvan
fahişəxana olmalıdır…”deməli sən…“fahişəxanada” yaşayırsan..?”

Danışdığınız rayon ləhcələrindən də utanmadınızmı..? Unutmayın ki, sizi artist edən də
haqqında nalayiq danışaraq böhtan atdığınız o rayonlar, o rayonların qadın ləhcəli
namuslu insanları olub. Ləyqatini sizin kimi köləliyə, yaltaqlığa, arsızlığa satmayan
qürurlu qadınların.

O qadınlar sizin kimi qadınlıq hissi olmayanlardan aldığı təhqirlərə susaraq cavab
veriblər. Onlar sizin kimilərin qadın onuruna vurduğu yaraların ağrısını içinə çəkərək,
inləyən ruhlarıyla qoynunda ağrı-acı bilmədən yaşadığınız obanın anadan, hətta candan
əziz olduğunu aşılamışlar övladlarına.

O qadınlar hər biri zirzəmilirdə, nəm divarlar arasında min bir əziyyətlə dövləti
çiyinlərində tutan orduya əsgər böyüdüblər. Sizin o dövlət dediyiniz dövlət də həmin
əyalət qadınlarının övlad bəsləyib, qəhrəman oğullar böyüdən qolların gücünə dövlət
olub!

Sozcu.az

Facebook Comments