İqtisadçı: “Azərbaycan nefti ucuzlaşmaya məruz qalacaq”

“OPEK+ video görüşündən sonra aparıcı neft markalarından olan Brentin qiyməti hər barrel üçün 3 faiz, WTI qiyməti hər barrel üçün 5 faiz ucuzlaşdı. Baxmayaraq ki, bu görüşdə gözlənildiyi kimi hasilatın aşağı salınmasına qərar verildi. Qərara görə, gündəlik hasilat may-iyun aylarında 10 milyon barrel, iyuldan 8 milyon barrel, 2021-ci ilin yanvar ayından isə 6 milyon barrel azalacaq. Bu ssenari üzrə əsas yük Səudiyyə Ərəbistanı və Rusiyanın üzərində olacaq. İlkin olaraq Səudiyyə Ərəbistanı gündəlik hasilatını 4 milyon barrel, Rusiya isə 2 milyon barrel aşağı salacaq. Digər ölkələrin kvotası məlum olmasa da, ixtisar İran, Liviya və Venesuelaya şamil olunmayacaq”.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlunun sözlərinə görə, neftin qiymətinin təkrar ucuzlaşması göstərdi ki, hazırda bazarda sürətlə azalan tələb qiymətləri daha çox aşağı dartır: “Belə ki, Goldman Sachs hesablamalarına cari vəziyyətdə hasilatın artıqlığı gündə 20 milyon barrel təşkil edir. Odur ki, sürətlə azalan tələbatın müqabilində hətta 10 milyon barrel eniş gerçək olsa da qiymətlərə təsir gücünə malik deyildir. Belə ki, ekspertlər və bazar iştirakçıları gündəlik hasilatın 10 milyon barrel azaldılacağına şübhə ilə yanaşırlar. Buna misal olaraq hasilatın azadılmasının əleyhinə olan Meksikanın OPEK+ formatında iclası vaxtından əvvəl tərk etməsidir. Bu isə o deməkdir ki, yaxın dövrlərə neftin qiymətinin bahalaşacağı gözlənilmir. Azərbaycan neftinin qiymətinə gəlincə, o birjada müəyyənləşdirilmədiyinə və hazırda azalan satış kontraktları ilə tənzimləndiyinə görə daha çox ucuzlaşmaya məruz qalacaq”.

Facebook Comments