“Azərbaycanda işsizlik və yoxsulluq daha da artacaq” -AXCP sədri

Əli Kərimli, AXCP sədri

Neftin qiyməti hələ xeyli müddət 1 barrel üçün 20-40 dollar aralığında olacaq. Ölkəmiz üçün çox ciddi sosial, iqtisadi və siyasi problemlər yaranacaq. Bu barədə yazacam. Ancaq əvvəlcə onu qeyd edim ki, neftin qiymətinin belə sərt düşüşü bir çoxlarının güman etdiyi kimi təkcə koronavirusun iqtisadi aktivliyi azaltması ilə bağlı deyil (bu faktor da var). Neftin qiymətinin düşməsi ciddi və nisbətən uzunmüddətli səbəblərlə bağlıdır.

Əvvəla, bir çox iqtisadçılar dünya iqtisadiyyatının 2020-2021-ci illərdə növbəti dərin böhrana girəcəyini proqnazlaşdırırdılar. Belə görünür ki, koronavirusun yaratdığı iqtisadi problemlər onsuz da proqnozlaşdırılan dünya iqtisadi böhranını bir neçə ay da tezləşdirdi. İkincisi, Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ arasında dünya neft bazarındakı pay uğrunda sərtləşmiş rəqabət imkan vermir ki, OPEC və Rusiya neft istehsalını daha da azaltmaqla qiyməti süni şəkildə qaldırsınlar. Demək istəyirəm ki, neftin qiyməti oynayacaq, ancaq ciddi səbəblərə görə hələ xeyli müddət aşağı olaraq qalacaq.

Deməli, Azərbaycan iqtisadiyyatının yenidən qara yox (elə indi də qaradır), qap-qara günləri başlayacaq. Büdcəyə vəsait toplamaq çətinləşəcək. Dövlət minimum öhdəliklərini də yerinə yetirməkdə çətinlik çəkəcək. Devalvasiya və infliyasiya yenidən başımızın üstünü kəsəcək. İqtisadi aktivlik azalacaq. Nəinki kasıb təbəqələr üçün çətin olacaq, hətta olan-qalan orta təbəqə də müflisləşəcək, xarici sərmayələr ölkəni tərk edəcək, yerli kapital da imkan tapan kimi ölkədən gedəcək və bütün bunların nəticəsi olaraq ölkədə işsizlik və yoxsulluq daha da artacaq.

Kimlərsə düşünə bilər ki, budəfəki böhranın səbəbləri qlobaldır. Yuxarıda sadalanan səbəblərin heç biri Azərbaycan hakimiyyətindən asılı deyil. Burası belədir. Ancaq Azərbaycanın bu böhranı bu qədər hazırlıqsız qarşılamasının səbəbi məhz İlham Əliyev hakimiyyətidir. Normal iqtisadi və siyasi sistemin mövcud olduğu ölkələrin heç birini böhran bizim kmi vurmayacaq.

Azərbaycan iqtisadiyyatı nəyə görə neftdən hələ də bu qədər asılıdır? Hələ 4-5 il bundan qabaq İlham Əliyev demirdimi ki, nefti unudun? Nəyə görə özü nefti unutmadı? Neft qiymətlərinin düşüşünün yaratdığı sonuncu (2014-cü il) böhranından ötən 6 il ərzində nəyə görə qeyri-neft sektoru inkişaf etdirilmədi? Nəyə görə hələ də ölkə ixracatının 90 faizindən artığını neft, qaz və neft məhsulları təşkil edir? Nəyə görə hələ də büdcənin 60 faizi birbaşa, daha 10-15 faizi də dolayısıyla neft gəlirləri hesabına formalaşır? Nəyə görə ölkədə hələ də normal fəaliyyət göstərə bilən bank sistemi formalaşmayıb? Hanı bu ölkənin yerli istehsalı, azad rəqabət mühiti, orta təbəqəsi? Nəyə görə ölkəyə xarici investisya gəlmir, yerli kapital da fürsət tapan kimi buradan qaçır?

Əlbəttə, bunların səbəbi dünya iqtisadi böhranı deyil, rejimin yarıtmaz siyasətidir. Bütün bu zəifliklərimizin səbəbi korrupsiya, monopoliya, hakimiyyətin acgözlüyü, rəqabət mühitinin, müstəqil məhkəmələrin olmaması, seçkilərin saxtalaşdırılması, siyasi rəqabətin məhv edilməsi, qanunların tapdalanması, bir sözlə İlham Əliyevin yarıtmaz və bacarıqsız siyasətidir. Ona görə də böhran bizi sıxdıqca “ah-uf etməklə” kifayətlənməyək, ölkənin bu bacarıqsız və anti-xalq idarəetmədən xilası haqda ciddi düşünək, təşkilatlanaq!

Facebook Comments