“Qiymət faktoru Azərbaycanın əleyhinə işləyır” – Ekspert

Həm miqdar, həm xərc və həm də qiymət faktoru Azərbaycanın əleyhinə işləyır.

Büdcədə qənaət rejiminə start verilməli, korrupsiya ilə mübarizə gücləndirilməlidir.

Ötən il ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşlidə neft hasilatı 8,4 faiz azalıb, xərclər 23 faiz artıb. Son 10 gündə dünya bazarında Azəri Light neftinin qiyməti 20 faizə qədər ucuzlaşıb.
Keçən il ən böyük qaz yatağı olan Şahdənizdə qaz hasilatı 46,1 faiz artıb, dünya bazarında qazın qiyməti isə 31 faiz azalıb.

Hazırda dünya bazarlarında xammal qiymətlərinin ucuzlaşması davam edir. Azərbaycan üçün durum daha ağırdır. Çünki, bir tərəfdən neft hasilatı azalır, digər tərəfdən də istehsal xərcləri də artır, yəni həm miqdar, həm xərc və həm də qiymət faktoru Azərbaycanın əleyhinə işləyır.

Təbii qaza gəlincə, hasilat artsa da qiymətin kəskin ucuzlaşması miqdar faktorunun effektini azaldır, ona görə də qaz ixracatından ciddi gəlirlər gözlənilmir.

Diqqət edin, 31 iyul 2019-cu il tarixinə, 2001-ci ildən etibarən AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 366 mln. ABŞ dolları olduğu halda 2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2 703 mln. ABŞ dolları olub.
Odur ki, xüsusilə də bu şəraitdə büdcədə qənaət rejiminə start verilməli, dövlət vəsaitlərinin istifadəsi üzərində Hesablama Palatasının nəzarəti artırılmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, şəffaflıq və hesabatlılıq artırılmalıdır.

Qubad İbadoğlu, İqtisadçı alim

Facebook Comments