Azərbaycan BMT-nin baş katibinə etiraz məktubu ünvanlayıb

XİN-nin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı KİV-də dərc olunan məlumatla bağlı sualı cavablandırıb.
Xarici İşlər Nazirliyindən Sozcu.az-a daxil olan məlumata görə, mətbuat katibi qeyd edib ki, Ermənistan BMT-də üzvlük haqqından sui istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb. O həmçinin bildirib ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir. Leyla Abdullayeva Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlandığını və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacağını da sözlərinə əlavə edib.

Facebook Comments