25 ilin naziri…

Azərbaycanın ən uzunömürlü naziri Ramil Usubov vəzifəsindən azad olundu.
Sozcu.az xəbər verir ki, hazırda 71 yaşı olan R. Usubov 46 yaşında Heydər Əliyev tərəfindən Azərbaycanın Daxili işlər naziri təyin olunub. 25 il bu vəzifəni daşıyan R. Usubov ölkənin ən uzunömürlü nazirlərindəndir.

Ramil İdris oğlu Usubov 1948-ci ildə Xocalı şəhərində anadan olub. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov, 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.

1975-ci ildən 1980-cı ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışıb. 1980-cı ildən 1984-cü ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər Nazirliyinin rəis müavini olan Ramil Usubov, 1984-cü ildən 1987-ci ilə qədər Əli-Bayramlı (hal-hazırda Şirvan şəhəri) şəhər Polis Şöbəsində rəis vəzifəsində çalışıb.

1987-ci ildə Ramil Usubov, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov tərəfindən Naxçıvan MSSR-nın daxili işlər naziri vəzifəsinə təyin edilib. 1989-cu ildə isə o, Nazirlər Sovetinin yeni sədri Ayaz Mütəllibov tərəfindən tutduğu vəzifədən azad edilib. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan Ramil Usubov, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən 1993-cü ilə qədər isə həmin orqanın Kadrlar İdarəsinin şöbə rəisi olub.

O, 1993-cü il avqustun 11-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsinə təyin olunub. 1994-cü il aprelin 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncam ilə isə Ramil Usubov, Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsindən azad edildi və Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edildi.(Yeni Sabah)

Facebook Comments